Fevralın 12-də Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” adlı şeir gecəsi keçirilib.
Nazirlikdən 525.az-a verilən məlumata görə, Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, mədəniyyət, ədəbiyyat xadimləri və elm adamlarının iştirak etdiyi gecə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində təşkil olunub.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim İldırım şeir gecəsinin iştirakçılarını salamlayıb və onlara öz minnətdarlığını bildirib. Sonra teatr sənətçiləri Azərbaycan və türk dillərində şeirlər səsləndiriblər. “Savalan” musiqi qrupunun ifası tədbirə əlavə rəng qatıb.
Qeyd edək ki, “Söz” layihəsinin əsas məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması və yeni istedadlı yazarların aşkar edilərək, təbliğ olunmasıdır.