|
|
|
|

Martın 3-ü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib.
SMPDK-dən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri Ramiz Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayıb.
Bundan öncəki tvinninq layihələri haqqında məlumat verən sədr bildirib ki, ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sahələrini tənzimləyən qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırılıb, ölkə rəhbərliyi tərəfindən institusional islahatlar aparılıb.
Ramiz Həsənovun sözlərinə görə, hazırda icrasına başlanılan sayca III Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir.
Layihənin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi bir sıra komponentləri var.
Qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası Azərbaycanın metrologiya sahəsində mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib.
Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatına (KOOMET) və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasında (EASC) təmsil olunan Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OIML) üzv olub.



