Köksünə iki-üç cahan yerləşər,
Düşməz yaxınına nə zülmət, nə şər.
Dinləsin planet,
Dinləsin bəşər
Vətən nəğməsini Söhrab Tahirin.
Millət ayılsa da hələ yatan var,
Halal el malını çalıb-çatan var.
Fəqət dəfinədən üstün tutan var,
Bircə kəlməsini Söhrab Tahirin.
Gah göyə qalxırıq, gah enirik biz,
Bəzən dayaqlara söykənirik biz.
Ömür kitabından öyrənirik biz,
"Yaxşılıq" dərsini Söhrab Tahirin.
Gec-gec fərəhlənib, tez-tez qəm yeyir,
Zili-zil çağırır, bəmə-bəm deyir;
Bütün uşaqlara Nəsibəm deyir,
Gördüm nəvəsini Söhrab Tahirin.
Verir fərmanını vaxt yavaş-yavaş,
Quzeyə xoş gəlir güneyli qardaş...
Bütövlük əsrinin hər günündə kaş,
Eşidək səsini Söhrab Tahirin!