|
|
|
|
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi dünən mənzil qərargahında “Dövlətin Ehtiyatda olan zabitlərə diqqət və qayğısı” mövzusunda tədbir keçirib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli son vaxtlar Azərbaycan ordusuna qarşı müəyyən kampaniyaların aparıldığını və bunun qərəzli xarakter daşıdığını vurğulayıb. Bəzilərinin ehtiyatda və istefada olan hərbçilərin adından danışdığını söyləyən E.Həsənli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də son çıxışında orduya qarşı olan qüvvələri antimilli ünsürlər adlandırıb.
O, Qaçqın və Məcburi Köçkün Təşkilatının sədri Vüqar Qədirlinin, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalının və Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərlinin də bu prosesə qoşulduqlarını bəyan etdiklərini nəzərə çatdırıb: “Onlarla təşkilat bu prosesi dəstəkləyir. Orduya qarşı aparılan kampaniya bizi narahat etmir. Sadəcə bir məqam var. Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət edən və bir çox məhrumiyyətlərə dözən insanları hədəfə almaq düzgün yanaşma deyil”.
E.Həsənli bildirib ki, ehtiyatda və istefada olan zabitlər hərbi təhsil müəssisələrində müəllim, yaxud müxtəlif dövlət orqanlarında çalışırlar: “Çox az qismi işsizdir. Ehtiyatda və istefada olan zabitlərin səhhəti də daim diqqət mərkəzindədir. Bu zabitlərin bir qismi müalicə üçün Türkiyəyə Gülhanə Hərbi Akademiyasına müalicəyə göndərilib. Mayor Şamil Abdullayev də o insanlardan biridir”.
“Azərbaycan Ordusu” qəzetinin əməkdaşı, mayor İbrahim Rüstəmov qeyd edib ki, aparılan kampaniya dövlətin ən böyük güc strukturunu və ona rəhbərlik edənləri nüfuzdan salmaq xarakteri daşıyır: “Biz ordu ilə bağlı aparılan kampaniyaları izləyir, analiz edirik. Bu gün Ermənistan üçüncü ölkə vasitəsi ilə orduya vətəndaş cəmiyyətinin nəzarəti adı altında QHT-lərə vəsait köçürür.Üçüncü dövlət vasitəsilə Ermənistandan Azərbaycana vəsait göndərilir. Azərbaycanda maraqları toqquşan dövlətlərin də hədəfində ordu var. Bu gün Azərbaycan ordusunu digər silahlı birləşmələrlə, Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər silahlı birləşmələrlə qərəzli şəkildə müqayisə edirlər. Azərbaycan ordusu Silahlı Qüvvələrimizin mütləq əksəriyyətini təşkil edir. Silahlı Qüvvələrə məxsus ağır texnikanın 90 faizi ordunun nəzarətindədir. Təmas xəttini də ordu qoruyur, səngərlərin daim düşmən tərəfdən atəş altında olması mənəvi, psixoloji təzyiq altında qoyur”.
Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev Yaşar Cəfərli kimi şəxslərin ehtiyatda və istefada olan zabitlərin adından çıxış etmək haqqının olmadığını bildirib: “Ümumiyyətlə müdafiə naziri general-polkovnik Səfər Əbiyevə onun rütbəsinin alınması barədə müraciət ünvanlanmalıdır. Eyni zamanda Ədliyyə Nazirliyinə də müraciət olunmalıdır ki, Yaşar Cəfərlinin rəhbərlik etdiyi təşkilatın qeydiyyat məsələsinə yenidən baxılsın. Eyni adda olan və eyni mahiyyət kəsb edən təşkilatın olması doğru deyil”.
Ehtiyatda olan Zabitlər Konfederasiyası sədrinin müavini ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev də ordu və ordu rəhbərliyinə qarşı aparılan kampaniyanın qərəzli xarakter daşıdığını söyləyib: “Onların orduya və ordu rəhbərliyinə qarşı irad tutması, eyni zamanda müdafiə nazirinin ordu rəhbərliyindən getməsi barədə verdiyi sərsəm bəyanatlar qanuna ziddir”.
Ehtiyatda olan zabit Şamil Abdullayev Yaşar Cəfərlinin ehtiyatda və istefada olan zabitlər adından danışmağa haqqı olmadığını dilə gətirib: “Biz ehtiyatda olan zabitlər belə təxribatlara uymuruq. Mənim vəziyyətim o qədər ağır idi ki, yaşamağıma inanmırdım. Ürəyimdəki damarlarda problem vardı. Müdafiə Nazirliyi məni Gülhanə Hərbi Tibb Akademiyasına göndərdi, bu gün də sizin qarşınızda çıxış edirəm. Yaşar Cəfərli ehtiyatda və istefada olan zabitlər adından danışa bilməz. Bu insan haradan başına bir qrup toplayıb bu işlə məşğul olur? Ədliyyə Nazirliyi bu insanın rəhbərlik etdiyi QHT-nin adı ilə bağlı məsələyə baxmalıdır”. Sonda həmin antimilli ünsürlər cəmiyyətimizin gərgin bir dönəmə daxil olduğu bir vaxtda dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı belə qarayaxma kampaniyasına son qoymağa dəvət edildi”.
AQİL