Düşmən sərhədində Azərbaycan ordusunun atdığı qətiyyətli addımlar müstəqillik illərində ölkəmizdə ordu quruculuğu və hərbi vətənpərvərlik istiqamətində dövlət səviyyəsində aparılmış ardıcıl və məqsədyönlü siyasətin mühüm nəticəsidir.
Bu, xalqla dövlətin, ordu ilə xalqın birliyinin də konkret və parlaq göstəricisidir.
Ordumuz Dağlıq Qarabağ münaqişəsi yarandıqdan keçən uzun dövr ərzində ilk dəfədir ki, Ermənistan tərəfinin növbəti təxribatına cavab verərək mühüm strateji mövqeləri və yaşayış məntəqələrini geri qaytarmağa nail olmuşdur.
Düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnika itirməsi Azərbaycan ordusunun böyük üstünlüyünü nümayiş etdirmişdir. Bu, böyük tarixi qələbənin baş verməsi Qarabağ uğrunda hərəkatın yeni mərhələsinin başlanğıcıdır. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizdə və beynəlxalq aləmdə apardığı düşünülmüş siyasətə xalqın və ordunun böyük inamının konkret əməli ifadəsidir.
Bununla Dağlıq Qarabağ məsələsinin Ermənistan tərəfinin uydurduğu dondurulmuş münaqişə olmadığı dünyaya bəyan edilmişdir. Sonuncu qarış torpaq qalana qədər Azərbaycan ordusu və xalqımız işğal olmuş ərazilərimizin geriyə qaytarılması uğrunda mübarizədən geri çəkilməyəcəkdir.
Bu böyük tarixi qələbənin qazanılması Azərbaycan Respublikasının Prezidentinə xalqın və ordunun misilsiz inamını da aydın şəkildə ifadə edir. Bu gün Azərbaycanın hər yerində xalqımızın ən müxtəlif təbəqələri: müəllimlər, tələbələr, elm adamları, zəhmət adamları "Mən də əsgərəm" - deyə Prezidentinə müraciət edir.
İndi "Ali Baş Komandan əmr edərsə" sözlərini də hamıdan eşitmək mümkündür. Alimlərimiz də özlərini elm cəbhəsinin əsgərləri hesab edir, üzərlərinə düşən vəzifələri həyata keçirməyə, "Vətən əmr edərsə" komandasına hazır olduqlarını bəyan edirlər. Ölkəmizdə dövlət səviyyəsində aparılan "Biz hərb istəmirik, hərbə hazırıq" siyasəti, eyni zamanda, Azərbaycanın sülh danışıqlarında etibarlı tərəfdaş olduğunu isbat etməsi böyük qələbəyə doğru gedən yolun əsas təminatıdır. Ermənistanda yaranmış çaşqınlıq və ümidsizlik, uydurma miflərin dağıdılması, erməni əsgərlərinin səriştəsizliyi işğalçı ölkəni məğlubiyyətə aparacaqdır.
İnanırıq ki, möhtərəm Prezidentimizin qətiyyətli və sülhsevər mövqeyi böyük qələbənin baş verməsini təmin edəcəkdir.