Məlum olduğu kimi, aprelin 2-dən etibarən 4 gün davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə güclü zərbələr endirilib.
Düşmən həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur olub. Bununla ordumuz təmas xəttində mühüm hərbi-strateji yüksəklikləri ələ keçirib və orada möhkəmlənmə işləri aparıb.
Silahlı Qüvvələrimiz qısa müddətdə qarşısına qoyulan strateji missiyanı qətiyyətlə yerinə yetirməyi bacarıb. Azərbaycan ordusunun strateji yüksəklikləri ələ keçirməsi sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtarıb, dinc əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edib. Artıq təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbçilərinin hədəfində deyil. Bu yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdirib. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir. Həmin ərazilərdə yaşayan ermənilər isə kəndləri boşaldır və digər yerlərə köçürlər.
Mövcud reallıq Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə olan rəyi daha da möhkəmlədib, ona olan inamı artırıb. Hazırda Azərbaycan xalqında qalibiyyət əhval-ruhiyyəsi formalaşıb, döyüş əzmi daha da güclənib. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranıb ki, Azərbaycan ordusu istənilən vaxt qarşıya qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır. Eyni zamanda, bununla beynəxlalq ictimaiyyətdə Azərbaycana məğlub ölkə yanaşma tendensiyası aradan qaldırılıb. Hazırkı dövrə kimi hesab edilirdi ki, Azərbaycan məğlub tərəfdir və bu statusda danışıqlarda iştirak edir. Ona görə də, Azərbaycanın haqlı tələbləri qulaqardına vurulurdu. 20 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı heç bir əməli addım atılmırdı. Bu dövr ərzində ATƏT-in Minsk Qrupu protokol xarakterli danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmürdü. Həttə əksər zaman həmsədrlər Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü kimi də çıxış edirdilər. İndi isə həm Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, həm də Ermənistan konstruktiv dialoqa dəvət olunur. Ümumilikdə, danışıqlar prosesinə konstruktiv dinamizm gətirilib.
ATƏT-in Minsk Qrupu, bütövlükdə beynəlxalq aləm əmin olub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Çünki burada intensiv atışmalar hər gün müşahidə olunur, insan tələfatı qeydə alınır. Bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk Qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə sənləndirilir. Bütün bunlar ondan xəbər verir ki, hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, mövqeyi möhkəmlənib. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, Azərbaycana dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır.
Eyni zamanda, bugünlərdə ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar kütləvi aksiyalar təşkil edərək həmrəylik nümayiş etdirib, Silahlı Qüvvələrimiz arxasında olduqlarını sübut ediblər. Hətta insanlar kütləvi şəkildə cəbhə bölgəsinə gedərək döyüşmək əzmini ortaya qoyublar. Bu, Azərbaycan xalqında böyük vətənpərvərlik ruhunun olduğundan xəbər verir.
Lakin politoloqlar son günlər xalqın nümayiş etdirdiyi birliyi, böyük əzm və iradəni yüksək qiymətləndirsələr də, hazırkı vəziyyətdə hesab edir ki, Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyir. Bu vəziyyət produktiv danışıqlar prosesinə maneçilik törədir. Ekspertlərin gəldiyi qənaət belədir ki, əgər Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi. Nəticədə Azərbaycan beynəlxalq arenada təklənərdi. Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi.
Ona görə də, Azərbaycan müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və onu cəzalandırdı. Apardığımız ümumi işə töhfə vermək üçün cəmiyyət hazırda bütün mümkün vasitələrdən istifadə edərək ermənilərə qarşı informasiya müharibəsini gücləndirməlidir.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, 4 günlük müharibədən sonra atəşkəsin yenidən bərpa olunması bir çoxları üçün qəribə görünsə də, Azərbaycan xalqının etirazı ilə qarşılanıb: "Bunun səbəbini ölkədə yaşamayan, bu xalqın on illər ərzində məruz qaldığı məhrumiyyəti hiss etməyən, köçkün və qaçqının və yaxud da sadəcə müharibə özünün məğlub görmüş və bu töhmətdən, tarixin, nəsillərin lənətindən çıxmaq istəyən insanları dərk etməyənlər başqa cür başa düşə bilərlər. Ancaq fakt bundan ibarətdir ki, Azərbaycan insanı ordusunun vasitəsilə Qarabağa açılan bu yolu davam etdirmək niyyətində idi. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz elə bir güclə formalaşıb ki, bu gün ən ağır döyüş əməliyyatlarını keçirməyə qadir olub və hazırkı şəraiti meydana çıxarıb. Hətta düşüncələrimizdə belə qapanmalar var idi ki, biz Qarabağı Vaşinqtondan, Brüsseldən, Strasburqdan, yoxsa Moskvadan istəyək? İnsanlarımıza belə gəlirdi ki, müxtəlif təkliflər, modellər, hansısa prinsiplər müəyyən bir yol hazırlayacaq. Məlum oldu ki, belə bir yol yoxdur və ona görə də, aprelin 2-də ağır toqquşmalar baş verdi və genişləndi. Baxmayaraq ki, bu, 4 günlük savaşda ağır artilleriyanın yalnız müəyyən bir qismi, o cümlədən, hərbi aviasiyanın 1-2 sayda qüvvəsi ilə keçirilən əməliyyatların şahidi olduq, Azərbaycan xalqı qələbəni hiss etdi. Ona görə də atəşkəsi müəyyən mənada süngü ilə qarşılamağımızın səbəbi var. Bununla bərabər hamı görür ki, 1994-cü ildə ağır məğlubiyyətlər seriyası halında, 1 milyona qədər qaçqın və məcburi köçkünü - humanitar fəlakəti qarşılaya bilmədiyi vəziyyətdə atəşkəsə getməklə indiki şəraitdə Rusiyanın fəal vasitəçi və çağırışı ilə yenidən danışıqlar masasına əyləşmək bir-birilə tamam fərqlənir. Bu, atəşkəs o zamankı razılaşmalarla eyni ölçüyə malik deyil. İndi Azərbaycan həqiqi mənada hərbi və siyasi mövqeyini gücləndirmiş şəkildə bu danışıqlara daxil olur".
Bugünlərdə Rusiyanın xarici işlər naziri, baş naziri, Minsk Qrupunun həmsədrlərinin, eləcə də digər dövlətlərin diplomatik nümayəndələrinin ölkəmizə səfər etdiklərini xatırladan Z.Oruc qeyd edib ki, Azərbaycan əsgəri Dağlıq Qarabağ məsələsini bir çoxları üçün gündəmin 15-ci məsələsindən 1-ci-2-ci yerə gətirməyi bacardı. Belə demək mümkündürsə, bu danışıqlarda Azərbaycan ordusu da iştirak edir. Təbii ki, erməni tərəfində bu məğlubiyyət bir az da genişlənsəydi Qarabağ dalğasında hakimiyyəti zəbt edən Serj Sarkisyan rejimindən hesab soruşulacaqdı və səngərdən salamat çıxmış erməni əsgəri gedib İrəvanda silahı onları ölümə göndərən hakimiyyət rəhbərlərinə qarşı çevirəcəkdi. Bu məsələnin başqa tərəfidir. İndiki atəşkəsin sabit və möhkəm olması ondan asılıdır ki, yaranmış yeni vəziyyəti və dəyişiklikləri region və Qərb diplomatları nə qədər ciddi nəzərə ala biləcəklər. Doğrudur, bu bölgədə ABŞ, Britaniya qoşunlarnın həbri birləşmələri yoxdur. Yeganə olaraq, Rusiya prosesə real təsir göstərə bilər. Müsbət haldır ki, 90-cı illərdən fərqli olaraq, Kreml Yeltsin dövrünün cinayətlərini və yaxud səhvlərini təkrarlamadı. Vladimir Putinin soyuqqanlı davranışlarına İrəvanda on minlərlə insanın etirazları heç bir səmərə vermədi. Onlar istəyirdilər ki, Qarabağda açılan atəşlərə qarşı Gümrüdə susan Rusiya silahlıları cavab versin. Bu baş vermədiyi üçün Ermənistan Rusiyanı ittiham etməkdədir".
Deputat hesab edir ki, hazırkı dövrdə əsas məsələ əsgərlərimizin qazandığı qələbələri siyasətçilərin müdafiə etməyi bacarmasıdır: "Bu millətdə böyük ruh yüksəkliyi, birlik daha da möhkəmlənibsə, bunu davam etdirmək, Qarabağda qələbəmizə çevirmək lazımdır. Bu, hamımızın işindən asılıdır. Hər birimiz ordunun bir hissəsiyik. İndi diplomatlar üçün bir səngər, iqtisadçılar üçün başqa bir səngər, sıravi vətəndaşlar üçün isə üçüncü formalı mübarizə meydanı var. Var olsun millətimiz ki, bu günlər ərzində qalib şəhidləri ən yüksək ehtiramla yad etdilər, onları son mənzilə yola saldılar".
Hazırda ölkədə Rusiya və İran xarici işlər nazirlərinin toplaşdığını xatırladan Z.Oruc çoxlarının bunu Minsk Qrupunun alternativi kimi gördüklərini deyib: "Bu çür düşünənlərin müəyyən qədər əsası var. Çünki bu gün İran beynəlxalq siyasi həyata fəal şəkidlə qayıdıb. Həsən Ruhani Prezident İlham Əliyevə zəng edərək Qarabağ məsələsində ölkəsinin mövqeyini ifadə edib. Mümkündür ki, bundan sonrakı dövrdə də müəyyən təkliflər olsun. Ancaq Sergey Lavrovun təklif etdiyi planın nədən ibarət olduğu qeyri-müəyyəndir. Bu həqiqətənmi bütövlükdə sülh müqaviləsidir? Yoxsa, Rusiya təklif edir ki, sadəcə tərəflər münaqişə bölgəsindən ağır artilleriya silahlarını çıxarsın və daha sonra Moskva real sülh planını təqdim edəcək kimi məsələlərdən ibarətdir? Bu yaxın günlərdə bəlli olacaq. Lakin etiraf etmək lazımdır ki, Rusiya həqiqətən Qərbi bu regiondan uzaqlaşdırmaq istəyərdi. Ancaq müharibə bütövlükdə bölgə dövlətlərinin hamısının, o cümlədən, Rusiyanın maraqlarının ziddinədir. Ona görə də, Azərbaycan tərəfindən real təklif irəli sürülmüşdü ki, Qarabağın taleyi ətraf 7 rayondan asılıdır. Bu rayonların azad olunması ilə proses köklü şəkildə nizamlana bilər. Çünki Dağlıq Qarabağın inzibati ərazisi 4,38 min kvadrat kilometrdir. Ətraf yeddi rayon isə ondan 3 dəfə böyük olmaqla 13, 2 kvadrat kilometr ərazini əhatə edir. Əhalinin köçkünlük statistikasına baxdıqda da görürük ki, Dağlıq Qarabağdan olan köçkünlərimiz 70-80 mindisə, ətraf rayonlardan köçkün düşənlərin sayı 800 minə qədərdir. Bu insanlar on illərdir ki, doğma torpaqlarından uzaqda yaşayırlar".
Deputat əlavə edib ki, son vəziyyət Dağlıq Qarabağ prosesini dəyişdi: "İndi münaqişə əvvəlki prinsiplərlə tənzimlənə bilməyəcək. Sözün yaxşı mənasında Azərbaycan ordusu atdığı addımlar, alınan bir neçə yüksəklik bizim siyasi mövqelərimizi də yüksəldir, imkanlarımızı genişləndirir, mövqeyimizi daha da bərkidir. Düşünürəm ki, bunu bölgə dövlətləri, o cümlədən, Minsk Qrupunun üzvləri də ciddi şəkildə nəzərə almalı olacaq".
Ceyhun ABASOV