|
|
|
|

Bu gün Nizami Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Xidmətdən 525.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan ordusunun cəbhədə təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirib.
General-mayor N.Orucov qeyd edib ki, cəbhədə düşmən təxribata cəhd edərkən xalqımız Azərbaycan prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək öz lideri ilə birgə olduğunu bütün dünyaya nümayiş etdirib.
Daha sonra çıxış edən millət vəkili Rasim Musabəyov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun cəbhədə düşmən təxribatına əks hücumla cavab verərək işğal olunmuş kənd və yüksəklikləri azad etməsindən, xarici ölkələrin bu məsələdə Azərbaycana tam dəstək verməsindən danışıblar.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.



