|
|
|
|
Payızda yarpaqlar saralıb ağacdan tökülürsə, gözəllikdi. Yazda, yayda - xəstəlik. Alzqeymer - beyin hüceyrələrinin vaxtından əvvəl ölməsidir - yaddaşın günbəgün azalması, itməsi. Sonda isə xəstələr öz doğmalarını belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər.
Əsrimizin hələlik müalicəsi mümkünsüz xəstəlikləri sırasında “Alzqeymer”in xüsusi yeri var. Dünyada (sayı günbəgün artan) 35 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.Alzqeymer - Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəlikdən biridir.
Bu xəstəliyə düçar olan tanıdığımız simalar bir anda göz önündən keçir:
Keçmiş ABŞ prezidenti, əsl sənəti aktyor olan Ronald Reyqan, məşhur futbolçu Ferens Puşkaş, İngiltərənin keçmiş baş nazirləri Harold Vilson, Marqaret Tetçer, aktyorlar Piter Falk, Rita Xeyvort, Anni Jirardo, Çarlton Xeston və başqaları.
Bəzi alimlərin fikrinə görə, statistikanın şahidliyi ilə mütaliəsi qədərincə olmayan adamlar bu xəstəliyə daha çox düçar olur.
Xəstəliyin çox-çox irəliləməmiş mərhələlərində bu xəstələr öz evlərində, mütləq tanış olan yerlərdə özlərini rahat hiss edirlər. Belə ki, gecəyarı yarıyuxulu adam qaranlıqda belə yatağından durub buz dolabından su içə bildiyi kimi, yaddaşında təkrar möhürlənmiş məqamlar silinmir. Adətən bu xəstələrin səhhəti ən yaxın qohum-qardaşın evinə qonaq gedib bir-iki gün qalanda belə kəskin pisləşir. Çünki tanış olmayan məkan bu xəstəliyin yaddaş itkisini daha da dərinləşdirir.
Deməli, biz dünya həkimlərinin hələlik çarəsini tapmadığı bu qorxunc, faciəvi ölümə aparan xəstəliklə iki yolla mübarizə apara bilərik:
Sistemli, mütəmadi MÜTALİƏ (təfəkkürün stimulyasiyası) və evimizdə, şəhərimizdə, ölkəmizdə, dünyada yaddaşımıza həkk olan tarixi, mədəni, ictimai, şəxsi və s. dəyəri olan hər hansı abidəni, əşyanı, əsəri və s. QORUMAQla.
Çox təəssüflər olsun ki, məlum elmi statistik məlumatlardan aydın olur ki, ölkəmiz hər min nəfərdən kitab oxuyanların sayına görə dünyada axırıncı yerlərdən birini tutur.
Təəssüflər olsun ki, yüz il əvvəl C.Məmmədquluzadənin, N.Nərimanovun, S.S. Axundovun, Ə.Haqverdiyevin, Sabirin, Hadinin - kimlərin, kimlərin yana-yana kitab oxumağa çağıran, hayqıran səslərinin aktuallığı zərrə qədər də azalmır, əksinə günbəgün hava, su kimi zərurətə çevrilir.
Bir dəfə televiziyada mənə verilən “gözəl olmaq üçün nə etmək lazımdır?” - sualına “kitab oxumaq”, - dedim. Gülüşdülər. İzah etdim ki, görürsünüzmü savadlı, güclü mütaliəsi olan din xadimlərinin və ya hər hansı peşə sahiblərinin üzündə nur, kəhrəba cazibəsi, çörəyin ətri kimi müqəddəslik, işıq olur. Hətta üz cizgiləri məlum gözəllik standartlarından, ölçülərindən kənarda olan istənilən adam - yaşından, cinsindən, tutduğu mövqedən asılı olmayaraq GÖZƏL görünür. (Əgər mütaliəsi qədərincədirsə!..)
Kitab oxumayanlarda əksinə... (Hətta o şəxs din xadimi olsa belə).
Təkrar edirəm:
- Əsrimizdə Dünya Tibb alimlərinin fikrinə görə mütaliəsizlik eybəcərliklər - cəhalət, cinayətlər və s. başqa həm də ən pis xəstəliklərdən olan “Alzqeymer”in inkişafına yol açır.
Bu xəstəliyə yol açan ikinci səbəb, mübarək yaddaşımızın məlum möhürlərini öz əlimizlə məhv etməyimizdir.
Gözlərimizin önündə İçəri Şəhərimizin ciyərini sökdülər. Neçə-neçə qədim abidəsinin yerində müasir “qutular” tikdilər.
Qarabağımızda, Qərbi Azərbaycanımızda erməni-daşnak vandalizminə məruz qalan nə qədər abidələrimiz yerlə-yeksan oldu, içalatı talandı. Yaddaşımızın talanı dürlü-dürlü məkanlarda, fərqli formalarda və məzmunda oldu.
Hər dəfə Fəvvarələr meydanından, kilsənin yanından Mərkəzi Univermağa tərəf gedəndə hələ yaşımızdan əvvəl mövcud olan balıq dükanının yanından keçəndə burnumuza məlum hisə verilmiş balıq iyi gəlirdi.
Ta gəncliyimizdən biz o dükana girməsək də, bu iy bizim yaddaşımızdaydı... (Məkandan söhbət düşəndə belə). İndi o dükanın içində pal-paltar satılır. (Nənəm deməli “cır-cındır”). Fəvvarələr Meydanının yanındakı kitab pasajının hücrələri də eyni taledə.
Mən illərdi, hətta tələsik o kitab pasajının önündən keçəndə belə, o kitabların “çörək ətrindən”, əslində elə “kitab ətrindən” ciyər dolusu udar, yoluma davam edərdim. Biz “səksənincilər” o kitab rəflərinə günəşə,aya baxan kimi baxar, hər təzə kitaba toxunanda ilk məhəbbətin “göyərçin əllərini” ovcumuzda tutardıq.
“Azərnəşr”in gözəl tarixi binasını özəl banka çeviriblər. O gün onun qarşısından keçirdim. Önündə ayaq saxladım...
Yadıma keçmiş əyyamlar düşdü: Bu binadakı nəşriyyatlar, aşağı mərtəbəsindəki mətbəə, kitaba ruhuyla, qanıyla bağlı, ona can verən gözəl insanlar...Doxsanda üçüncü mərtəbədə Leninin başsız, tərsinə üzü divara çevrilmiş heykəli və bir də o binanın bütün mərtəbələrindən gələn o müqəddəs kitab iyi.
Həssas burnumla heç kimin sezə bilmədiyi bir tövrlə, o binanı bir də iylədim. Çox zəif kif iyi gəlirdi. Ancaq bu iy Fleminqdən 1000 il (!) əvvəl Şamaxının Məlhəm kəndindən olan Loğman babamızın kif göbələklərindən hazırladığı məlhəmin (penisilinin) iyi deyildi və ola da bilməzdi...
Y.Məmmədəliyev küçəsindəki məşhur arxitektor “Atlantlar” olan bina söküləndə YUNESKO-nun Koreyadan olan nümayəndəsinin hönkür-hönkür ağlamağını gözlərimlə görmüşəm. Bir bazar günüydü. Mən ona yaxınlaşdım. O qədər özümü itirmişdim ki, heç olmasa cib telefonumla o mənzərəni çəkə bilmədim.
Hə, yadıma düşdü ki, belə bir mənzərəni bir də televiziya ekranlarında son İraq müharibəsində - Bağdadda qədim muzey dağıdılıb, qarət olunanda görmüşəm. Adını unutduğum amerikalı qadın professor hönkür-hönkür ağlayırdı...
Mənim bir şair kimi yadıma Koroğlunun Qıratı qaçıran Həmzəyə ürək dağlayan hayqırtısı düşdü:
“Əylən deyim Qıratın qiymətini...”
Görəsən bu dağıtdıqlarımızın qiymətini bilirikmi? Məhv olan - həyatımız, sağlamlığımız, bu günümüz və sabahımızdır.
Bu yanıqlı xatırlamalar, sadalananlar uzun olar deyə, elə buradaca kəsirəm. Ancaq mən bir həkim kimi bilirəm ki, tarixi abidələri məlum çoxşaxəli maddi və mənəvi dəyərlərindən başqa, həm də ona görə sökmək olmaz ki, bu, ağır, qarşısıalınmaz Alzqeymer kimi qorxunc xəstəliklərin kütləviliyinə gətirib çıxara bilər. Elm artıq bunu sübut edib. Əlavə misallarla, faktlarla sizi yormaq istəmirəm.
Avropada elə qədim şəhərlər var ki, min ildir bir tikilisinin yola-küçəyə baxan üzü dəyişməyib. Beş yüz ildir şəhərin bir binası da uçurulmayıb. İnsan doğulub, yaşlaşıb, şəhəri, tikililəri ev-ev, küçə-küçə eyni görüb, beş yüz il əvvəlki yazıçı babasının təsvirindəki kimi...
MÜBARƏK, MÜQƏDDƏS YADDAŞ İNSANI RUHƏN VƏ CİSMƏN SAĞLAM SAXLAYIR, GÖZƏL XOŞBƏXT ÖMRƏ VƏSİLƏ OLUR!.. (Heç də təsadüfü deyil ki, babalarımız, nənələrimiz sidq ürəkdən deyərdilər ki, ay Allah sən mənim ağlımı əlimdən alma!..)
Əgər Moskvada səfirliyimizin “beş addımlığında” olan məşhur qədim kitab mağazası az qala səhərə qədər açıq olursa, bizdə niyə olmasın. Əgər dünyanın müxtəlif bölgələrində, məsələn, Skandinaviyada, Avropanın qədim şəhərlərində İçəri Şəhər tipli qədim yaşayış məskənlərinin hər evi yox, az qala hər daşı nömrələnibsə, bizdə niyə olmasın, əgər bütün dünya qatarda, təyyarədə, tramvayda, istirahətdə kitab oxuyursa, teatrlarda növbəyə durursa, bizdə niyə olmasın, əgər...
Əgər bunlar olmasa, bizi dürlü-dürlü faciələr gözləyir: xəstəliklər, zəlilliklər, eybəcərliklər, məğlubiyyətlər, cəhənnəm əzabları...
Gəlin, həyətimizin, evimizin dörd divarı arasına çəkilməyək. Bu, qarşıdan gələn əzablı ölüm deməkdir.
“Dəniz”i xilas etmək lazımdır. Dəniz suyunu vannaya ya hovuza töksən, daha dəniz suyu deyil! Necə ki, gözəl mavi dənizdən əyilib bir ovuc su götürsəniz ovcunuzdan mavilik axıb gedər, ovcunuzda ölü ağ su qalar.
Ruhumuzun Nuh tufanı yaxınlaşır!!!
Gəlin həyatımızı xilas edək, hələ ki, gec deyil!