|
|
|
|

Rəşadətli ordumuzun düşmənin burnunu yaxşıca ovduğu son əməliyyatlarında Vətən üçün canından keçən şəhidlərimiz müasir tariximizin əsl qəhrəmanları oldular. Onların xatirəsi Azərbaycanın hər bir guşəsində əziz tutulur.
Vətən torpağının bütövlüyü uğrunda cəbhədəki son döyüşlərdə igidlik nümunəsi göstərərək, Tərtər istiqamətində Lələtəpə yüksəkliyinin alınması zamanı canından keçən şəhid zabitimiz, kapitan İnqilab Quliyevin 33 yaşı onun torpağa tapşırıldığı andan on gün sonra tamam oldu. Gəncədə yaşayan bu şəhidin ailəsini ziyarət zamanı dinlədiyimiz qürur dolu söhbətləri siz də eşidin.
Şəhidin ailə üzvləri, yaxınları bu günlərdə, bu mənzilə yalnız onu hüznlə yada salmağa deyil, onun Vətən eşqindən ruhlanan igidliyindən ruh yüksəkliyi ilə söhbət açmağa toplaşırlar. Kəlbəcərdə doğulan və uşaqlığı orda keçən İnqilab əvvəlcə Naxçıvanski adına Hərbi Liseyi, sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Respublikanın müxtəlif yerlərində hərbi hissələrdə vəzifələr daşıyıb.
“Oğlum heyrətamiz şəkildə vətənpərvər bir cavan idi. Son xidmət yerində o, hərbi hissədə kabinetdə işləyirdi, istəsəydi, orda qala bilərdi. Amma eşitdiyimə görə, o, cəbhəyə göndərilməsi haqda öz rəhbərliyi ilə hətta uzun müddət mübahisə də edib, onların razılığını ala bilib. Döyüş yoldaşlarının dediyinə görə, vuruşma zamanı davranışı və sözləri ilə daim öz əsgərlərinə ruh verirmiş”-deyə, şəhidin atası, qocaman müəllim Çingiz Quliyev danışır.
Şəhid atası qürurla deyir ki, Azərbaycan xalqının birliyi, Vətən uğrunda canından keçməyə hazır olan minlərlə oğul və qızlarımızın fədakarlığı tezliklə qəti qələbəyə çatacağımızdan xəbər verir.
“Bir ağsaqqal kimi şahidlik edirəm ki, indi ölkəmizdə ən azı son onillikdə görünməmiş ruh yüksəkliyi mövcuddur. Gənclər ürəklə orduya can atır, xalq onu hər vasitə ilə dəstəkləyir. Bu, əlbəttə, bizim möhtərəm prezidentimizin apardığı düzgün siyasətin bəhrəsidir”-deyə, o, fikrini tamamlayır.
Şəhidin anası isə igid oğlunun hələ yeniyetmə yaşlarından vətənsevərlik xüsusiyyətləri ilə seçildiyini xatırlayır. Bu ananın dedikləri həm də Azərbaycan qadınının hansı ürəyə malik olmasından xəbər verir:
“İnqilab 8-ci sinifdə oxuyanda, gəldi ki, mama, bir söz deyəcəm, amma etiraz etmə: hərbi məktəbə uşaq yazırlar, qoy mən də yazılım. Dedim, belə şeyə heç vaxt etiraz etmərəm, yazıl! Əgər yeddi oğlum olsaydı, hamısını döyüşə göndərməyə hazıram, təki Vətən sağ olsun!”
Üç bacının bir qardaşı olan şəhid zabit İnqilab Quliyev 2011-ci ildə ailə qurub, nümunəvi ailə başçısı olub. Onun 4 və 2 yaşlarında iki oğul övladı yadigar qalıb. Azyaşlı olmaqlarına baxmayaraq, bu gül balaların dilindən Vətən, Bayraq, Azərbaycan, Ata sözləri düşmür. Onlar atalarının göylərə ucaldığını düşünürlər.
“Atam bax, belə qanadlarla göyə uçdu!”- deyə, bu körpələrin “böyük tayı” qollarını şəstlə yana açır.
Kim bilir, bəlkə elə o, bizim görmədiyimiz sirli şeyləri duyur. Həm də “uşaqların dili ilə HƏQİQƏT danışır”- deyirlər.
33 yaşının tamamından düz bir ay sonra, mayın 12-də şəhid İnqilab Quliyevin “İgidliyə görə” medalı Gəncə ictimaiyyətinin geniş toplantısında onun 4 yaşlı oğlunun sinəsinə taxıldı.
Zakir Muradov
Gəncə



