Ermənistanın paytaxtında faşist generalı, Hitlerin əlaltılarından biri, Vermahtın erməni cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulub.
Heykəlin təntənəli açılış mərasimi faşizm üzərində qələbənin 71 illiyi bayram edildikdən cəmi iki həftə sonra, bu il mayın 28-də baş tutub. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. O Sarkisyan ki, hələ bir il bundan əvvəl faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradına qatılıb, bu il mayın əvvəlində isə müharibə qurbanlarının xatirəsini İrəvanda "yad edib".
Bu onu göstərir ki, Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini davam etdirir. Rəsmi İrəvan və dünya erməniləri Hitler və onun yaxın adamları olan erməni generalları Njde və Dro ləqəbli Drastamat Kananyan adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edir.
Qısaca xatırladaq ki, Ermənistanın bu "milli qəhrəman"ları Ukrayna və Polşada onminlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına "uyğun gəlməyən" digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar.
Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur.
Ermənistanın həyasızlığı o həddə çatıb ki, faşist canilərinin yüksəldilməsi istiqamətində əsas "cəbhə"ni elə faşistlərin qətlə yetirdiyi milyonlarla insanın xatirəsini əziz tutan qonşu Rusiya ərazisində açıb.
Rusiya KİV-lərində Njde qəhrəmanlara bərabər tutulur, bu ölkədə "Qaregin Njde" adlı film nümayiş etdirilir. Filmdə baş rolları isə tanınmış rus aktyorları oynayırlar. Bundan əlavə Moskvada "Qaregin Njde ilə söhbət və ya Njdenin 125 illiyinə abidə" adlı kitabın təqdimatı keçirilib. Paradoks isə ondadır ki, bu tədbirin təşkilatçıları Njdenin ideyalarını "bu gün hər zaman olduğundan daha aktual" sayır və hesab edir ki, bu ideyalar müasir cəmiyyətdə təbliğ olunmalıdır.
Azərbaycana qarşı bu gün də işğalçılıq siyasətini davam etdirən Ermənistanın faşizm ideyalarının təbliğ etməsi Böyük Vətən Müharibəsində iştirak edərək Azərbaycan və İsrail veteranlarını hiddətləndirib. Bu rəzalətin qarşısının alınması məqsədilə müharibə veteranlarımız Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.
Məktubda qeyd olunub: “Faşist Almaniyasının tərkibində vuruşaraq yüzlərlə dinc insanın qətlə yetirilməsində iştirak etmiş Qaregin Njde 1948-ci ildə Sovet İttifaqı tərəfindən hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1955-ci ildə Vladimir şəhərində ölüb. O, hətta ölümündən sonra belə bəraət qazanmayıb və məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayıb.
Buna baxmayaraq, hər il erməni diasporu Njdenin Knyaz-Vladimir qəbristanlığındakı məzarına nümayişkaranə bir ziyarət təşkil edir. Üstəlik, həmin məzarlıqda bu faşist əlaltısına memorial kompleksin ucaldılmasını tələb edir. Bununla Ermənistan dünyaya açıq-aşkar meydan oxuyur
Bu gün dünya birliyi faşizmin bütün təzahürlərini pisləyir. 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası 70/139 saytı "Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə" adlı Qətnamə qəbul edib.
Sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası nasist hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin onlara heykəllərin və memorialların qoyulması yolu ilə təbliği, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin nümayişi məqsədilə ictimai nümayişlərin keçirilməsi, həmçinin belə təşkilat üzvlərinin və anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan etmək cəhdləri ilə bağlı dərin narahatlığını bildirir.
Bu Qətnaməyə qoşulmuş Ermənistan isə milyonlarla insanı, o cümlədən, erməni xalqının nümayəndələrini qətlə yetirmiş faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirir.
Təəccüb doğuran isə başqa ölkələrdə baş verən bu kimi hadisələrə dərhal reaksiya verən beynəlxalq birliyin Ermənistanın etdiklərinə hələ də münasibət bildirməməsidir. Ermənistanın bu hərəkətləri etmək üçün hansı əlahiddə haqqı olduğu anlaşılan deyil. Bu ölkədə nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələri buraxılır, filmlər çəkilir, Drastamat Kananyanın adına küçə verilir. İndi isə artıq İrəvanın tam mərkəzində,
hökumət binalarının və Ermənistanın hakim partiyasının qərargahının yanında, üstəlik Njdenin heykəli ucalır.
Bütün bunlar müharibədə həlak olanların xatirəsinə həqarət deyil, bəs nədir?! Bu, faşizm qurbanlarının ruhunun həyasızcasına təhqir olunması deyil, bəs nədir?
Ümid etmək istərdik ki, Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq və onları ucaltmaq cəhdləri elə beşiyində boğulacaq. Bu istiqamətdə atılacaq ilk addım isə Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdeyə qoyulmuş heykəlin sökülməsi məqsədilə beynəlxalq birlik, o cümlədən, bizim ölkəmiz tərəfindən Ermənistan rəhbərliyinə ediləcək təzyiq olmalıdır”.
Azərbaycanın Böyük Vətən Müharibəsi veteranları ümid edirlər ki, ayrı-seçkiliyin hər cür təzahürlərinə qarşı dünyada aktiv siyasət aparan Rusiya Ermənistanı bu, səhv yoldan döndərmək üçün lazımi tədbirlər görəcək, Üçüncü Reyxin əlaltılarının “qəhrəmanlaşdırılması” istiqamətində Serj Sarkisyan rejiminin atdığı addımların qarşısını qətiyyətlə alacaq.
Sovet İttifaqının tərkibində alman faşizminə qarşı mübarizə aparan yəhudilər isə bu hadisəyə öz etirazlarını bildiriblər.
İsrailin Veteranlar Təşkilatının Mərkəzi Şurasının üzvü İosif Zeldis qeyd edib ki, faşistlər ilə əməkdaşlıq edənlərə abidə ucaltmaq əxlaqsızdır.
Yerusəlim Veteranlar Birliyinin sədri Yuriy Periç isə erməni xalqını başa düşmədiyini deyib: “Faşist yanlısından “milli qəhrəman” ola bilməz. Bu addım heç bir çərçivəyə sığmır”.
İsrailin İkinci Dünya Müharibəsi Veteranları Təşkilatının sədri Avraam Qrinzayd bildirib ki, hər hansı bir nasisti “qəhrəmanlaşdırmaq” olduqca zərərli nəticələr verə bilər”.
İsrailin Aşdod şəhərinin Veteranlar İttifaqının sədri Mixayıl Dendze isə qeyd edib ki, nasistlərlə əməkdaşlıq etmək satqınlıq və xəyanətdir.
Xəyanətkarları isə bağışlamaq olmaz.
Ceyhun ABASOV