|
|
|
|

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı Uşaq evi üçün inşa edilən “Dalğa” yay düşərgəsinin iyunun 22-də açılış mərasimi olub.
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. Onlar düşərgənin rəmzi açılışını bildirən lenti kəsiblər.
Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, 2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Nəticədə uşaqların istirahəti üçün ən müasir şərait yaradılıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşüb, yay istirahət düşərgəsinin artıq hazır olması münasibətilə onları təbrik edib.
Beləliklə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Zirə qəsəbəsindəki 2 saylı uşaq evinin yay istirahət düşərgəsi uşaqların sosiallaşmasında, asudə vaxtlarının təşkilində, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsində mühüm rol oynayacaq.



