Ermənistandakı son vəziyyətlə bağlı ekspertlər, politoloqlar müxtəlif şərhlər verirlər.
Onlar hesab edirlər ki, erməni xalqı bundan sonra dinc yaşamaq, inkişaf etmək istəyirsə Ermənistandakı hərbi xuntadan xilas olmalıdır.
Bundan başqa, onlar Sarkisyanın hakimiyyəti saxlamaq ücün cəbhə bölgələrində təxribatlara əl atacağını da istisna etmirlər.
Millət vəkili Elman Məmmədov hesab edir ki, Ermənistandakı son vəziyyət erməni xalqının iradəsindən, rəsmi İrəvanı idarə edən xarici qüvvələrin apardığı siyasətdən asılı olacaq.
Onun sözlərinə görə, erməni xalqı bu cinayətkarlardan canlarını qurtarmalıdır:
"Onların əvəzinə daha düzgün fikirli, ağıllı, düşüncəli, demokratik fikirli, sülhsevər, qonşu dövlətlərlə, millətlərlə normal münasibət qurmaq siyasəti yeridən siyasətçilər hakimiyyətə gəlməlidir. Belə olan halda Ermənistan yaşayacaq. Əks təqdirdə bu proseslər dayanmayacaq və getdikcə daha da dərinləşəcək.
Ermənistan dövləti siyasi iflasa uğrayıb və uğrayacaq. Ümumiyyətlə hakimiyyət çevrilişi labüddür.
Sarkisyan hakimiyyəti qoruyub saxlamaq üçün təbii ki, cəbhə bölgələrində vəziyyəti gərginləşdirməyə çalışacaq. İndi hər an təmas xəttində Sarkisyan tərəfindən verilmiş komandaya əsasən çox təhlükəli təxribatlar ola bilər. Biz bunu hər an gözləməli və ayıq-sayıq olmalıyıq. Beləcə Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması labüddür. Onun bacarıqsızlığını, cinayətkarlığını artıq Ermənistan ictimaiyyəti çoxdan bilir".
Politoloq Qabil Hüseynli deyib ki, Ermənistandakı etirazçılar əvvəlcə 8 nəfər olublar. Onlar polis şöbəsinə basqın ediblər. Orada cəmi 8 polis olub. Polisləri tərkisilah edib, birini də yaralayıblar. Sonra ultimatumlar, bəyanatlar verməyə başlayıblar ki, guya məqsədləri Ermənistanda hakimiyyəti dəyişməkdir. Daha sonra isə deyiblər ki, onlar guya bölgədə ədalətli sülh uğrunda mübarizə aparırlar və Rusiyanın araçılığı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqlarının perspektivlərinə inanmırlar. Guya Rusiya Azərbaycanpərəst mövqe tutur. Bütün bu proseslər ssenariləşdirilmiş oyunlardır. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin danışıqlarını pozmaq üçün belə əməllərə əl atır.
O qeyd edib ki, ortada hələ heç nə olmadığı, bağlanacaq sülh müqaviləsinin bütün detallarını heç kimin bilmədiyi halda belə oyunların oynanılması danışıqlara zərbə vurmaq məqsədi daşıyır:
"Bu oyunun başında ya Serj Sarkisyan, ya da onun əlaltılarından biri dayanır. Onlar Rusiyaya guya əhalinin narazı olması, təqdim olunan sülh müqaviləsinə qarşı çıxa biləcəyi haqda mesaj göndərmək istəyirlər.
Sarkisyan hakimiyyətə qan üstündə gəlib. 8 nəfərlik silahlı dəstəyə hücum etmək və ya diri ələ keçirmək üçün kənardan müasir silahlarla atəşə tutub həmin adamları susdurmaq çox çətindir? Həmin etirazçılarla danışıqlara getmək və üstəlik guya Dağlıq Qarabağdan vasitəçilərin meydana gəlməsi hər şeyi aydınlaşdırır. Ermənistan sülh danışıqlarını pozmaq üçün belə oyunlara əl atır".
"Ermənistanın siyasəti həmişə xarici hegemon dövlətlərin diqtəsinə söykənib və marginal olub. Bütövlükdə isə Ermənistanın normal siyasi sistemi yoxdur".
Bunu isə millət vəkili Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Ermənistandakı rəhbərlik hakimiyyətə hərbi xunta yolu ilə gəlib və onların demək olar ki, hamısı Azərbaycan torpaqlarının işğalı prosesində hərbi cinayətə imza atıblar:
"Ermənistan rəhbərliyinin hamısı müharibə caniləridir. Onlar mövcud siyasi reallıqla nə qədər manipulyasiya etməyə çalışsalar da, müstəqil qərar qəbul edə bilməyəcəklər. Ermənistanın qəbul edəcəyi qərar orada qurulmuş daxili "siyasi ssenaridən" asılı olmayacaq. Qərarlar Ermənistanı dövlət kimi yaradan və oradakı siyasi prosesləri diqtə edən hegemon dövlətlər tərəfindən qəbul ediləcək və hakimiyyət buna tabe olmaq məcburiyyətində qalacaq".
Millət vəkili bildirib ki, müstəqil siyasi sistemi və siyasi ideoloji cərəyanları mövcud olmayan forpostda baş verənlərin hamısı sadəcə daxili auditoriyanın reaksiyasına hesablanmış tamaşadır:
"İstənilən halda Ermənistan Azərbaycanın torpaqlarından çıxmaq məcburiyyətində qalacaq. Azərbaycanın uzunmüddətli xarici strateji siyasəti sayəsində Ermənistanda iqtisadi blokada vəziyyəti yaranıb. Orada müstəqil hərbi sənaye yoxdur. Ermənistanda aprel döyüşlərindən sonra hərbi psixoloji əhval-ruhiyyə də sıfıra enib. Onlar Azərbaycan kimi güclü bir ölkənin torpaqlarını işğal altında saxlaya bilməyəcəklər. Əgər şərtlər problemin həllini diqtə edəcəksə, mütləq Ermənistanda bir nəfər tapılacaq ki, formal prezident kimi bu sənədlərə imza atsın. Bu, Sarkisyan, Petrosyan və yaxud hansısa Vartan da ola bilər".
PƏRVANƏ