
Məlum olduğu kimi, İrəvanın Erebuni rayonunda polisin patrul-mühafizə alayının binasını zəbt edən "Sasna Srer" təşkilatının silahlı üzvləri hökumətə təslim olublar.
Bununla hüquq-mühafizə orqanları ilə terrorçu qruplaşma arasında 2 həftədən çox davam edən silahlı toqquşmalar başa çatıb.
Terrorçu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib ki, təslim olmaq qərarına gəlsələr də, bununla Ermənistanda xalq hərəkatına təkan veriblər.
Siyasi hakimiyyətdən narazı olan Ermənistan əhalisinin terror şəbəkələrinin hökumətə qarşı təşkil etdiyi silahlı üsyanları belə dəstəkləməsi bu ölkədə vəziyyətin nə qədər dözülməz olduğunu göstərir. Belə görünür ki, etirazlar bundan sonra da davam edəcək. Əhali hər an meydanlara çıxıb etiraz nümayişləri keçirmək üçün fürsət gözləyir. Bu cür aksiyaları kimin və hansı üsullarla həyata keçirməsinin onlar üçün o qədər də önəmi qalmayıb. Çünki Ermənistan vətəndaşları cinayətkar Sarkisyan rejimini istənilən terrorçudan daha təhlükəli, daha qorxulu hesab edirlər. Deyilənlərin sübutu olaraq, iyulun 31-də təslim olan silahlı qruplaşma üzvlərinin qeyri-insani rəftara məruz qalmaları, ailə üzvlərinə qarşı təzyiqlər edilməsilə bağlı yayılan məlumatları nümunə gətirmək olar.
Təbii ki, Ermənistanda baş verən siyasi gərginlik Azərbaycanda da diqqətlə izlənilir. Dövlətimizin bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların sürətləndiyi, real nəticə əldə olunmasına yaxınlaşdığımız ərəfələrdə işğalçı ölkədə baş verən qarşıdurmalar, siyasi fəalların, parlamentarilərin qətlə yetirilməsi, həbs olunması kimi hadisələr sistematik hal alır. Buna görə də, Azərbaycan ordusunun düşmənə hazırkı gücünü göstərdiyi aprel döyüşlərindən sonra danışıqların yenidən bərpa olunması, demək olar ki, ayda bir dəfə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkil edilməsi, xarici dövlətlərin rəsmi nümayəndələrinin regiona ard-arda səfərlər həyata keçirməsi fonunda, ölkə başçılarının növbəti görüşünə hazırlıqların getdiyi ərəfədə yenidən işğalçı ölkədə gərginliyin yaranması əksər ekspertlərdə eyni fikirlər yaradır: Ermənistanda hakimiyyət Dağlıq Qarabağ danışıqlarından uzaqlaşmaq, münaqişənin həllini yubatmaq üçün növbəti hiyləyə əl atıb. Bu fikrə əsaslansaq budəfəki insidentdə müəyyən qədər gözləntilərin əksinə hadisələrin cərəyan etməsi - terrorçu olduğu şübhə doğurmayan Jirayr Səfilyanın silahlı dəstə üzvlərinə əksər Ermənistan vətəndaşlarının dəstək olması, fasiləsiz etiraz aksiyaları təşkil etmələri hakimiyyətin planlarına heç cür uyğun gələ bilməzdi.
Ona görə də ssenaridə dəyişikliklər etmək - iki həftə davam edən "qiyam"ı yatırtmaq zərurəti ortaya çıxıb.
Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanda elə də ciddi hadisə baş verməyib: " Yaşanan hadisəni qiyam adlandırmazdım. "Sasna Srer" təşkilatının silahlı üzvlərinin polisinin patrul-mühafizə alayının İrəvanın Erebuni rayonunda yerləşən binasını zəbt etməsi hakimiyyət tərəfindən hazırlanmış tamaşa idi. Məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaqdır. Proseslər o səviyyəyə gəlib çatdı ki, bu hadisənin ətrafında daha böyük kütlənin toplaşdığını görən ölkə rəhbərliyi "qiyam" adlandırdığı ssenarinin sonluğunu dəyişmək, hadisələrin mənfi xətdə inkişaf etməsinin qarşısını almaq məqsədilə tamaşanı yarımçıq dayandırmaq məcburiyyətində qaldı".
Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Sarkisyan Dağlıq Qarabağ danışıqlarına getmək niyyətində deyil: "Əgər danışıqlara gedərsə, də müsbət nəticə əldə ediləcəyi gözlənilmir. Çünki Ermənistan prezidenti bu yaxınlarda da bəyan edib ki, danışıqlarda güzəştə getməyəcəklər".
Sarkisyanın danışıqları pozduğu təqdirdə regionda irimiqyaslı hərbi toqquşmaların baş verib verməyəcəyi ilə bağlı suala cavab verən Q.Hüseynli bildirib ki, bunu indidən söyləmək çətindir: "Çünki Ermənistan prezidenti rəsmi şəkildə bəyan etməyib ki, o danışıqlardan imtina edir. Sadəcə Sarkisyan ölkə daxilindəki böhranı bəhanə gətirərək danışıqların ömrünü uzatmağa çalışır. Təəssüflər olsun ki, buna görə də, Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşü də sual altına düşür. Danışıqlar baş tutsa belə Ermənistanın bu cür qeyri-konstruktiv mövqe sərgiləməsi görüşün gündəliyinə mənfi təsir edəcək, danışıqlar nəticəsiz bitəcək".
Keçmiş dövlət müşaviri hesab edir ki, belə olan şəraitdə Dağlıq Qarabağ probleminin həlli yalnız müharibədən keçir: "Hazırda müharibə variantının alternativi yoxdur. Regionda böyük hərbi toqquşmaların baş verməsini əngəlləmək üçün beynəlxalq ictimaiyyət problemi sülh yolu ilə həll etmək istəyir. Əgər Azərbaycan dövlət dünya birliyini inandıra bilsə, müharibə variantı yenidən gündəmə gələ bilər".
Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, İrəvanda post-patrul xidmətini tutaraq bir neçə gün əllərində saxlayıb sonra da təslim olan sərkisyançı-səfilyançı yaramazlar terrorçudurlar: "Serj Sərkisyan da onları belə adlandırır. Bəli, onlar Azərbaycan torpaqlarında saysız-hesabsız terrorlar törədiblər. Bu yaramazlara ona görə terrorçu kimi yanaşılmalıdır ki, ayrı-ayrı ölkələrin kəşfiyyatlarına xidmət edirdilər. Məsələn, ASALA üzvü Jirayr Səfilyanın Amerika kəşfiyyatının xidmətində durduğunu Ermənistanda bilməyən yoxdur. Çilingər Serj Sərkisyanın da hara agentlik etdiyi məlumdur".
S.Alıyevin sözlərinə görə, indi Sərkisyan özüylə çiyin-çiyinə Xocalı soyqırımı və onlarla digər vəhşiliklər törətmiş qaniçənlərin terrorist olduqlarını bildirir: "Düz də edir. Ancaq ondan soruşmaq lazımdır ki, bəs özü kimdir".
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə hesab edir ki, Ermənistanda baş verən silahlı insidenti bənzər hadisələrlə müqayisə edərkən hökumətin uzun müddət bu qrupa qarşı əməliyyat keçirməməsi maraq doğururdu: “1999-cu ilin 27 oktyabrında Nairi Unanyan liderliyində silahlı bir qrup parlamentə hücum edib baş nazir və parlament sədrini öldürəndən 3 gün sonra Rusiyanın Alfa xüsusi təyinatlıları əməliyyat keçirərək terroristləri zərərsizləşdirdi. Hökumət əməliyyat keçirmir, onlara mətbuata çıxış, yemək içmək göndərir. Nədənsə, "Sasna Çrer" girovlardan birini nişan mərasiminə gecikməsinə, birinin təzyiqi olduğuna görə buraxır. Yəni, baş verən hadisəni hər iki tərəfin münasibətini girov götürmək və dövlətin buna qarşı aldığı ənənəvi tədbirlərlə izah etmək mümkün deyil. İlk ağla gələn bu oyunun Sarkisyan tərəfindən qurulmasıdır. Ancaq Serjik o qədər axmaq deyil. O ilk dəfə prezident seçiləndə etiraz edən 20-dən çox vətəndaşını öldürdü. Amerika və Avropadan ciddi ittihamlar gəlmədi. İndi konstitusiya dəyişikliyi ilə Parlament üsul idarəsinə keçiblər. Prezident parlament tərəfindən 7 illik seçiləcək. Serjik bunu özünə təmin etmişkən niyə ölkədəki daxili vəziyyətə nəzarət edə bilmir? Xarici qüvvələrmi silahlı qrupa dirijorluq edir? Ola bilər, amma zəif ehtimaldır".
H.Cabbarlı hesab edir ki, Serjik məsələni bu qədər uzatmaqda uduzdu: "Əgər o hadisəyə dərhal müdaxilə etsəydi etiraz dalğası bu qədər böyüməzdi".
Ekspert qeyd edib ki, nə silahlı qrup, nə də mitinqə çıxanlar hadisənin Qarabağla bağlı olduğunu dilə gətirmir: "İlk günlərdə heç Serjik istefaya belə çağrılmırdı. İndi isə siyasi tələblər artır. Ciddi siyasi partiyaların heç biri hadisənin ilk günlərində buna nə ciddi yanaşdı, nə də pislədi. İndi isə hadisələrin məcrasından çıxmasından sonra bundan istifadə etməyə çalışırlar".
Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, Ermənistan insan hüquq və azadlıqları, demokratiya məfhumlarından uzaqdır. O SİA-ya bildirib ki, ATƏT və Avropa Şurası da Ermənistandakı bu vəziyyəti pisləyir: "Yoxsulluq və səfalətin içində olan vətəndaş qarşıdurması bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin acınacaqlı vəziyyətdə olması ilə bağlıdırsa, digər tərəfdən dünya ictimaiyyətinin Azərbaycanı dəstəklənməsi və aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində onları məcbur etməsi ilə bağlıdır".
Deputatın sözlərinə görə, 1998-ci ildə Ter Petrosyan hakimiyyətdə olan zaman da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövqelərin yaxınlaşması olmuşdu: "Amma onda da məsələnin həll olunmamasının səbəbi Ermənistandakı dövlət çevriliş və əli qana batmış cinayətkar rejimin hakimiyyətə gəlməsi oldu. İndi də aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT - in fəaliyyətə keçməsini görən cinayətkar rejim yeni bir şou nümayiş etdirir. Düşünürəm ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məqsədindən yayınmaq üçün təşkil olunub. Təbii ki, tarix təkrar olunsa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki ATƏT-in səyləri yenə nəticəsiz qalar.
Ermənilər bilməlidirlər ki, Ermənistanın inkişafı və siyasi sabitliyi Azərbaycanla qonşuluq, dostluq münasibətləri yaratmadan mümkün deyil. Ona görə tez bir zamanda torpaqlarımızı işğaldan azad etməli, Dağlıq Qarabağ və Ermənistanda normal cəmiyyətin qurulmasına çalışmalıdırlar".
Ceyhun ABASOV



