
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitindən bir neçə gün sonra rəsmi Bakı ilə Moskva arasında müdafiə nazirləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib.
Məlumata görə, avqustun 13-də Zakir Həsənovun Moskva səfəri "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının bağlanış mərasimində iştirak etməklə bağlı olubsa, bir gün sonra geniş nümayəndə heyətlərinin iştirakı ilə nazirlərin Bakıda keçirilən görüşü Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə edilməsi məqsədi daşıyıb.
Sergey Şoyqu Bakıda prezident İlham Əliyevlə də görüşüb.
Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən, hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunub.
Dövlətimizin başçısı deyib ki, bu yaxınlarda Rusiyada keçirilən Beynəlxalq Ordu Oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Azərbaycan Prezidenti Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Dünən isə Rusiya müdafiə naziri İrəvana yola düşüb. O Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısında iştirak edib. İrəvan səfərindən qabaq Şoyqunun Bakıya üz tutması Dağlıq Qarabağla bağlı Rusiyanın yeni təkliflərinin də ola biləcəyindən xəbər verir.
Ümumiyyətlə aprel hadisələrindən sonra Rusiyanın təşəbbüsü ələ almasıyla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar öz intensivliyini qoruyub saxlayır. Ona görə də, Sergey Şoyqunun Bakı və İrəvan səfərində münaqişə ilə bağlı müzakirə olunan məsələlər və əldə olunacaq nəticələr olduqca maraq doğurur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən heç 5 gün ötməmiş Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Moskvaya getməsi, bir gün sonra isə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun paytaxtımıza gəlməsi və Prezident İlham Əliyevin onunla görüşməsi ciddi mətləblərdən xəbər verir: "Detallara varmadan deməli olsaq, belə anlaşılır ki, bu intensiv danışıqlar təkcə hərbi-texniki əməkdaşlıq məqsədilə aparılmır".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Sergey Şoyqu Bakı səfəri ilə Rusiya rəhbərliyi və hərbçilərinin Azərbaycana müsbət münasibətini nümayiş etdirib: "Çünki Rusiya müdafiə naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin İrəvanda keçirilən toplantısına qatılmazdan iki gün öncə ölkəmizə səfər edib. Belə bir həssas dövrdə Ermənistana getməzdən qabaq Şoyqunun Bakıya gəlməsi onu göstərir ki, Azərbaycan Rusiya üçün Ermənistandan daha vacib ölkədir. Rusiya müdafiə nazirinin həm Bakı, həm də İrəvanda verdiyi bəyanatlar da bunu bir daha sübut edir. O Bakıda olarkən Rusiya ilə Azərbaycanın birgə regional təhlükəsizlik məsələlərini müzakirə etməli olduğunu bildirib. Regional təhlükəsizlik dedikdə, o təkcə Cənubi Qafqaz, Xəzər dənizi deyil, eyni zamanda Yaxın Şərq məsələlərini də ortalığa gətirdi. Lakin bir gün sonra İrəvan səfərini həyata keçirən Şoyqu erməni həmkarı ilə birgə yalnız Cənubi Qafqazın təhlükəsizlik məsələlərini müzakirə edib".
Politoloqun fikrincə, artıq Rusiya da başa düşüb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: "Kreml dərk edir ki, problemin indiyədək tənzimlənməməsinin əsas səbəbkarı Ermənistandır".
M.Əhmədoğlu bildirib ki, münaqişənin həlli məqsədilə Rusiya müdafiə naziri Sergey Şoyqunu da prosesə qoşub: "Ermənilər üçün bu böyük bir mesajdır ki, əgər işğalçı ölkə rəhbərliyi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki diplomatik təşəbbüslərinə rəvac verməsə, şimal qonşumuzun hərbi addımları işə düşə bilər. Şoyqunun İrəvan səfərindən qabaq Bakıya gəlməsinin ən vacib mesajlarından biri budur".
Mərkəz sədri hesab edir ki, Ermənistan işğalçı qoşunlarını Qarabağdan çıxarmasa, onlara çox kəskin cavab veriləcək. Hərb variantına ehtiyac qalarsa, Rusiya maraqlıdır ki, Azərbaycan münaqişəni qısa müddət ərzində həll etsin və problem Qarabağdan kənara çıxmasın. Ona görə də, Sergey Şoyqunun rəhbərliyi ilə Rusiya hərbçiləri Bakıya gələrək Azərbaycan hərbçiləri ilə birgə bütün parametrləri ölçüb biçdilər".
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, son dövrlər region dövlətləri arasında qarşılıqlı səfərlər intensiv hal alıb: "Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri bir araya gəlib, yeni əməkdaşlıq formatının əsası qoyulub, daha sonra bu cür əlaqələri Azərbaycanla Türkiyə və Gürcüstan, eləcə də Rusiya arasında görmək mümkündür. Belə desək, regional əlaqələr daha da güclənməkdədir. Azərbaycan Şimalla Cənub, Şərqlə Qərb arasında münasibətlərdə körpü rolunu oynamaqda davam edir, siyasi, iqtisadi, elmi, mədəni əlaqələr daha da inkişaf edir. Bütün bunlarla yanaşı hərbi əməkdaşlıq əlaqələri də getdikcə genişlənməkdədir. Məlum olduğu kimi, Rusiya hərbi sahədə dünyanın ən güclü dövlətlərindən biridir, müasir silah, hərbi texnikaya malikdir. Buna görə də, Azərbaycan Rusiya kimi yeni silah-sursat, hərbi texnika istahsalı ilə məşğul olan bir sıra dövlətlərlə əlaqələrini inkişaf etdirir, onlardan aldığı hərbi vasitələr hesabına öz arsenalını daha da zənginləşdirir".
Azərbaycanın Rusiyadan silah almasının Ermənistanı qıcıqlandırdığını deyən hərbi ekspert qeyd edib ki, buna görə qeyri-rəsmi olsa da Rusiya baş nazirin birinci müavini Dmitri Roqozin işğalçı ölkədə arzuolunmaz şəxs elan edilib.
E.Həsənli bildirib ki, Azərbaycan bütün diplomatik, hərbi və digər vasitələrdən istifadə edərək Dağlıq Qarabağ probleminin həll olunmasına çalışır: "Nazirlərin son görüşü də münaqişənin həlli prosesi ilə bağlı idi. Şimal qonşumuz Rusiya regionda böyük nüfuz sahibi olmaqla yanaşı, həm də Ermənistana təsir, təzyiq imkanları geniş olan dövlətdir. İşğalçı ölkə Rusiyanın forpostudur. Prosesin müsbət sonluqla bitməsi üçün rəsmi Bakı Moskva ilə hərtərəfli əməkdaşlığını inkişaf etdirməkdədir".
Hərbi ekspert deyib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olaraq son dövrlər münaqişənin həllində ən aktiv siyasət aparır: "Bizim şimal qonşumuzdan gözləntilərimiz odur ki, Rusiya Azərbaycan normal münasibətləri daha da inkişaf etdirəcək, Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq üçün Ermənistana təsir mexanizmlərini işə salacaq. Ümidvarıq ki, yaxın gələcəkdə bu istiqamətdə real addımlar atılacaq. Əks halda regionda vəziyyət yenidən gərginləşəcək, aprel hadisələri yenidən təkrarlanacaq. Bu dəfə isə Azərbaycan ordusu işğal olunan torpaqları azad etməyənə qədər dayanan deyil. Biz sonuncu dəfə Rusiyanın müraciətini eşidərək hərbi əməliyyatları dayandırdıq ki, rəsmi Moskva artıq qan tökülmədən münaqişənin həll olunması üçün siyasi vasitələrini işə salacaq. Nəticədə Rusiyanın təşəbbüsü ələ alaraq Azərbaycan və Ermənistan prezidentlərini görüşdürdüyünün, regionda mütəmadi səfərlər həyata keçirərək münaqişənin həlli istiqamətində danışıqlar aparıldığının şahidi olduq. Biz də istəyirik ki, problem sülh yolu ilə öz həllini tapsın. Ancaq görünən odur ki, Ermənistan konstruktiv danışıqlar aparmaq istəmir".
Münaqişə ilə bağlı Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın son açıqlamasına da toxunan ekspert qeyd edib ki, avqustun 9-da Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən qardaş ölkə rəhbəri ilk növbədə ətraf rayonların dərhal Azərbaycana qaytarılmalı olduğunu bildirib. E. Həsənlinin sözlərinə görə, torpaqlar işğaldan azad olunduqdan, qaçqınlar öz yurd-yuvalarına qayıtdıqdan sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək statuslu muxtariyyat verilməsi nəzərdən keçirilə bilər. Bununla da regionda bütün dövlətlər arasında münasibətlər yaxşılaşar. Əgər Rusiya bunu istəyirsə, onda konkret addımlar atmalıdır. Əks halda gələcəkdə münaqişə yenidən hərbi toqquşmalar səviyyəsinə çatsa, o zaman Rusiyanın da vasitəçiliyinin heç bir əhəmiyyəti qalmayacaq".
Ceyhun ABASOV



