Zaqrebdə Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
525.az-ın məlumatına görə, İ. Yosipoviç ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. İqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu deyən İ. Yobipoviç enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini bildirib.
Bakıda səfərini xatırladan Xorvatiya prezidenti Azərbaycan xalqının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu deyib.
Öz növbəsində, prezident İ. Əliyev siyasi və iqtisadi sahədə fəal əməkdaşlığın olduğunu qeyd edib, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni sahələrin müəyyən edilməsinin önəmini vurğulayıb. Enerji sahəsində fəal əməkdaşlığın olduğunu deyən İ. Əliyev Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycanın Xorvatiya ilə bu sahədə də əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən prezident Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini bildirib, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söyləyib.
Görüşdə qarşılıqlı investisiyaların qoyulması sahəsində məsələlər də müzakirə olunub. Bildirilib ki, Azərbaycan hazırda bir çox ölkəyə fəal investisiya qoyur, Xorvatiya ilə investisiya məsələsində də əməkdaşlıq etmək arzusundadır.
Nəqliyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərinin də müzakirə olunduğu görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi planları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişafına əminlik vurğulanıb.