
Hakimiyyət əleyhinə etirazların pik həddə çatdığı Ermənistanda istefalar davam edir.
Baş prokuror Qevork Kostanyanın ardından baş nazir Ovik Abramyanın da istefası Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən qəbul edilib. Artıq hökumətin başına gətiriləcək şəxsin kimliyi də məlum olub. Bu, İrəvanın sabiq meri, “ArmRosqazprom”un direktoru Karen Karapetyandır. İşğalçı ölkənin hakim Respublika partiyası onun baş nazir postuna namizədliyini təsdiqləyib.
Son dövrlər Ermənistanda yaşanan siyasi, iqtisadi, sosial və hərbi gərginliyin yükünü öz üzərindən atmağa çalışan Serj Sarkisyan hökuməti istefaya göndərməklə xalqı inandırmaq istəyir ki, bütün baş verən hadisələrdə günahkar o deyil.
Lakin narazı xalq kütlələrini bu istefalarla sakitləşdirməyin qeyri-mümkün olduğu görünür. Erməni əhalisi təşkil olunan mitinqlərdə ölkəni bürüyən hərtərəfli böhranda əsas günahkar bildiyi Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşmağa çağırır. Əks halda rejim əleyhinə etirazların səngiməsi problematikdir.
Heç şübhəsiz ki, Ermənistanda yaşanan gərginlikdə əsas səbəblərdən biri də aprel hadisələridir. Dördgünlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır zərbələr alan işğalçı ölkə hələ də bu məğlubiyyətdən özünə gələ bilməyib. “Keçilməz” Ohanyan səddinin bir neçə saat içində darmadağın edilməsi erməni əhalisini qorxuya salıb, hakimiyyətə qarşı inamsızlığını daha da artırıb. Təsadüfi deyil ki, erməni mənbələri yeni kabinetdə müdafiə naziri Seyran Ohanyan da daxil olmaqla bəzi nazirlərin yer almayacağını yazır.
“Aykakan Jamanax” qəzetinin yazdığına əsasən Qarabağdan olan general Vitali Balasanyanın müdafiə naziri təyin olunacağı gözlənilir. O “Sasna srer” qruplaşmasının silahı yerə qoyub təslim olması üçün hakimiyyətlə qiyamçılar arasında danışıqlar aparıb. Bu danışıqların nəticəsində silahlı qrup təslim olub.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan prezidenti baş nazir Ovik Abramyanı istefaya göndərməklə terrorçu qruplaşmanın əsas tələblərindən birini yerinə yetirmiş olub. Bu da onu göstərir ki, Sarkisyanın prioritetlərindən biri də Səfilyan tərəfdarlarıyla hesablaşmaq və onları dəstəkləyən xalq kütləsinin yenidən inamını qazanmaqdır. Karen Karapetyanın isə baş nazirliyinin qısamüddətli olacağı heç kəsdə şübhə doğurmur. Çünki Serj Sarkisyan 2017-ci ildə keçiriləcək referendumdan sonra baş nazirlik kreslosuna əyləşməyi hədəfləyib. Çünki Ermənistanda konstitusiya dəyişikliklərindən sonra ölkə parlament idarə üsuluna keçəcək. Belə olan halda ölkədə əsas söz sahibi hökumətin başçısı olacaq.
Məsələ ilə bağlı “525”ə siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Ermənistanda hökumətin istefaya göndərilməsi gözlənilən idi: “Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət, ölkəni bürüyən etiraz dalğası fonunda Serj Sarkisyan atdığı addımlar heç də bütün hakimiyyətdaxili qüvvələrin ürəyincə deyildi. Həmçinin, bu istefalarda Rusiyanın da təsirinin olduğu şübhə doğurmur”.
A.Nağıyev qeyd edib ki, Serj Sarkisyanın da daxil olduğu Qarabağ klanı işğal olunan Azərbaycan torpaqlarında yaradılan qondarma rejimə “müstəqillik” söz versə də, bunu yerinə yetirə bilmir: “Çünki beynəlxalq ictimaiyyətin təzyiqləri artıb. Öncədən razılaşdırıldığı kimi istər Madrid prinsipləri, istərsə də Kazan, Vyana, Sankt-Peterburq görüşlərinin nəticəsi olaraq münaqişənin həlli ilə bağlı konkret addımlar atılmalıydı. Lakin bu baş tutmadığı üçün Ermənistanda bir sıra qərarların qəbul olunacağı gözlənilən idi. Bu qərarlardan biri də baş nazir Ovik Abramyanın istefasıdır. Çünki o məsuliyyəti öz üzərində daşımaq istəmirdi. Ona görə də hökumətin başçısı kimi cavabdehlikdən azad olmaq üçün istefanı hər şeydən üstün tutub”.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, bütün bu, baş verən hadisələrin mərkəzində Ermənistanı bürüyən etiraz dalğalarıdır: “Ermənistan vətəndaşlarının Serj Sarkisyana qarşı ciddi narazılıqları var. Ona görə də əsas hədəf işğalçı ölkə başçısıdır. Sarkisyan narazılığı müəyyən qədər səngitmək üçün bütün günahları Nazirlər Kabinetinin üzərinə yıxıb və baş nazir Ovik Abramyanı əsas müqəssir kimi tutduğu vəzifədən azad edib. Sarkisyanın atdığı bu addım dünya praktikasında mövcuddur. İstefaya göndərilən baş nazirin də çox bacarıqlı kadr olduğunu demək düzgün deyil. Həmçinin, o Qarabağ klanına daxil deyil. Lakin baş nazir postuna gətirilməsi gözlənilən Karen Karapetyan Qarabağ ermənisidir. Yəni, Sarkisyanın Nazirlər Kabinetini yenidən formalaşdırarkən çalışır ki, yeni komanda gələcəkdə ona problem yaratmasın”.
Q.Hüseynli hesab edir ki, Ermənistanda hökumətin yenidən təşkli olunması xalq kütlələrinin narazılıqlarını aradan qaldıra bilməyəcək.
Milli Məclisin deputatı Sahib Alıyev isə deyib ki, tutduğu postdan istefa verən Ermənistanın baş naziri Ovik Abramyan vida çıxışında bu vəzifədə olduğu müddətdə ölkəsinə vurulan iki böyük zərbədən birinin aprel döyüşləri olduğunu bildirib: “Əgər xalqını düşünən biri olsa idi, apreldəkindən daha betər zərbələrlə üzləşməmək üçün işğalçı siyasətdən əl çəkməli olduqlarını da deyərdi. Ancaq demədi”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilən elan idi: “Son aylardır Ermənistanda ancaq elə bu mövzu müzakirə olunurdu. Aydındır ki, bu xəbəri ictimaiyyətə elə hakimiyyət içindən ötürmüşdülər. Məqsəd Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. Prezident Serj Sarkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə Abramyan məsuliyyət daşıyır. Guya ki, Abramyanın yerinə təyin olunacaq şəxs durumu dəyişə biləcək”.
Politoloq bildirib ki, Sarkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır: “Məqsəd parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq”.
E.Şahinoğlunun sözlərinə görə, buna mane ola biləcək iki qüvvə var - küçələrə axışan Ermənistan vətəndaşları və Moskva: “Sarkisyan vətəndaşları birtəhər neytrallaşdıra bilər, önəmli olan Kremli razı salmaqdır”.
Ceyhun ABASOV



