Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak üçün Azərbaycanda olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova və ölkəsinin nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş zamanı qonaqlara şəhərin tarixi, bu günü və gələcəyinə dair planlar haqqında ətraflı məlumat verilib.
Bolqarıstanlı qonaqların Nizami yurduna gəzintisi dünyanın ən böyük 5 parkından biri olan "Heydər Əliyev Park Kompleksi" ilə tanışlıqla başlayıb. M.Popova parkda əhalinin istirahəti üçün yaradılan şəraitlə tanış olub. Ziyarətçilər həmçinin Heydər Əliyev Mərkəzində dünya şöhrətli siyasətçinin həyat və siyasi fəaliyyətini əks etdirən stendlərə maraq göstəriblər və xoş təəssüratlarını buranın xatirə kitabına həkk ediblər.
Gün ərzində bolqar qonaqlar respublikamızın ikinci şəhərinin son illər ərzində yaranan yeni ünvanları - Məhsəti Mədəniyyət Mərkəzi, Gəncəçay Park-Bulvar Kompleksi, Nizami Gəncəvi Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə yaxından tanış olublar, sonra dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Marqarita Popova şəhərdəki əsasən gənclərin çalışdığı "ASAN xidmət"in fəaliyyəti ilə də maraqlanıb. O, 2016-cı ilin Avropa Gənclərinin paytaxtı olan Gəncədə ənənələr və yeniliklərin vəhdətdə olduğunu hiss etdiyini bildirib.
"Biz Azərbaycanın qədim mədəni köklərini özündə birləşdirən Nizami yurdundayıq. Gəncə bu il üçün Avropanın Gənclər Paytaxtı seçilib, gələn il üçün isə Bolqarıstanın paytaxtı Sofiya Avropa gənclərinin mərkəz şəhəri olacaq. Bu estafet Gəncədən bizə ötürüləcək. Bu baxımdan, mənim Azərbaycanda, xüsusilə də Gəncədə olmağım qürurvericidir. Burada ən çox xoşuma gələn xalqınızın səmimi və qonaqpərvər olmasıdır ki, biz də bundan çox məmnunuq" deyə, qonaq fikirlərini dilə gətirib.
Qeyd edək ki, Gəncədə "Avropa Gənclər Paytaxtı-2016" layihəsinin yekun mərhələsinin bir neçə böyük tədbiri də həyata keçiriləcək.
Zakir Muradov
Gəncə