|
|
|
|
“Aprel hadisələri də göstərib ki, ölkəmizin güclü ordusu var. Bu ordu işğal olunan torpaqların qısa müddət ərzində geri qaytarılmasına nail ola bilər. Silahlı Qüvvələrimiz ermənilərin keçilməz “Ohanyan səddi” adlandırdığı mövqeləri bir neçə saat ərzində darmadağın edib. Aparılan döyüşlər yalnız Rusiya və ABŞ rəhbərliyinin xahişindən sonra dayandırılıb. Əks halda ordumuz daha böyük nailiyyətlər əldə edəcəkdi”.
Bu sözləri “525”ə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, dörgünlük müharibə regionda hansı dövlətin zəif, hansının isə güclü olduğunu göstərib: “Aprel müharibəsi Ermənistanın həm daxili, həm də xarici siyasətində hansı boşluqların olduğunu üzə çıxarıb. Bunun nəticəsidir ki, Azərbaycanın aprel ayında endirdiyi ağır və sarsıdıcı zərbələrdən hələ də özünə gəlməyən işğalçı ölkə hakmiyyətdaxili islahatlar aparmağa məcbur olub. Təsadüfi deyil ki, rəhbərlikdən kənarlaşdırılan generallar arasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan da var”.
E.Həsənli qeyd edib ki, Qərb dövlətlərinin dəstəyi olmasaydı Ermənistan nə Azərbaycan torpaqlarını işğal edə, nə də bu müddət ərzində təcavüzkar siyasətini davam etdirə bilərdi: “Aprel döyüşlərindən sonra aparılan danışıqlarda böyük irəliləyiş var idi. Rusiyanın təşəbbüsü ilə intensiv müzakirələr aparılırdı. Belə bir vəziyyətdə Birləşmiş Ştatlar prosesin tezliklə həll edilməli olduğuna və gələn ilə saxlanılmamasına dair bəyanat vermək əvəzinə ədalətsiz mövqe sərgiləyir, Ermənistanın cinayətkar rəhbərliyinə, Xocalıda soyqırım törədən Serj Sarkisyana dəstək olur”.
Hərbi ekspertin sözlərinə görə, əgər həmsədrlərin fəaliyyəti yenə də heç bir nəticə verməsə, Azərbaycan dövləti danışıqları bir kənara qoyaraq öz ordusunun gücünə arxalanıb məsələni birdəfəlik həll edəcək”.
Ceyhun ABASOV