|
|
|
|

"ABŞ-dakı seçkidən öncə İspaniyanın nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçilməsindən sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdu. Gerçəkliyə yaxın görünməsə də, hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər. Deyəsən, ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır".
Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc deyib. O Klintonun məğlubiyyətini Putinin qələbəsi kimi şərh edib: "Bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq, Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi. Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. Nəticədə Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəli sürəcəklər. Lakin reallıq bununla dəyişməyəcək-Putinə nifrət Amerikada qalib gəlmədi".
Z.Oruc qeyd edib ki, hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirsələr də, hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da, Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər: "Kiberhücumlar Moskvanın qələbəsinə səbəb oldu.
İndi Yaxın Şərqdən Qafqaza, Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulmasının mümkün olub-olmayacağını yaxın gələcək göstərəcək. Lakin Amerikada siyasi zəlzələlər törədiləndə dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb".
Deputat hesab edir ki, Amerika xalqının hüzur və əmin-amanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır: "Tramp kimin taleyini təkrarlayacaq-Reyqanın, Buşun, yoxsa Kennedinin? Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanın üzərinə dünyadakı anti-amerikanistləri də gəlsək, Trampın qlobal missiyasını anlamaq o qədər də çətin olmayacaq. Amerika təkcə amerikalıların deyil. Tramp yalnız bir ölkəni təmsil etmir. Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir. İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək. Bax onda seçki çıxışlarını çoxları xatırlamayacaq".
Z.Oruc əlavə edib ki, Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir: "Qızıl kimdədirsə, qızıl qanun da ondadır".
Deputat Hikmət Babaoğlu isə hesab edir ki, Trampın prezident seçilməsi ABŞ-ın xarici siyasətində kordinal dəyişikliklər yaratmayacaq: "O, hakimiyyətin ilkin mərhələsində ən müxtəlif istiqamətlərdə manevr edərək yeni dünya siyasəti yaratmağa cəhd etsə belə, bu, o qədər də asan olmayacaq. Hələ əsaslı dəyişikliklər üçün ciddi cəhdlər edib etməyəcəyini də bəri başdan əminliklə söyləmək mümkün deyil. Baxmayaraq ki, Donald Tramp seçki kompaniyasında bir sıra radikal bəyanatlar verərək xarici siyasətdə ciddi dəyişikliklər edə biləcəyilə bağlı siqnallar vermişdi. Məsələn, onun çox maraq doğuran fikirlərində biri hamı ilə dost olmaq və başqa ölkələrdə qanuni seçilmiş hakimiyyəti devirməklə bağlı ənənəyə son qoyacağı ilə bağlı idi. Bu fikir nədənsə lazımi qədər diqqət cəlb etmədi. Halbuki, olduqca maraqlı etiraf idi və ABŞ-ın xarici siyasətini obyektiv şərh etmək üçün çox yaxşı və etibarlı mənbə idi. Ya da İŞİD-i Obama və Klintonun yaratması ilə bağlı fikirləri düşünürəm ki, son dövr beynəlxalq münasibətlər sistemində nələrin baş verdiyini və niyə baş verdiyini çox yaxşı izah edirdi. Ancaq transmilli media bu fikirlərə lazımi diqqət göstərmədiyi, yaxud onların ətrafında ciddi müzakirələr açmadığı üçün milli medialarda da sensasion xəbərə çevrilmədi. Burada bir daha transmilli medianın və internet informasiya resurslarının kimlər tərəfindən idarə olunduğu tam çılpaqlığı ilə ortaya çıxdı".
Deputat qeyd edib ki, Trampın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində oynaya biləcəyi rolu ABŞ-ın ümumi Avrasiya siyasəti kontekstində qiymətləndirsək daha obyektiv fikir söyləməyə imkan yaradar: "Bunun üçün tələsməmək, xarici siyasətdə atılacaq ilkin addımları müşahidə etmək lazımdır. Baxaq görək Tramp ABŞ-ın dövlət maşınının iradəsinə rəğmən hansısa bir addımı ata biləcəkmi? Düşünürəm ki, yalnız bundan sonra biz Trampın xarici siyasətini və Dağlıq Qarabağ probleminin həllinə münasibətinin necə ola biləcəyini təhlil edə bilərik. Hazırda isə bunu əsaslı şəkildə şərh etmək üçün əlimizdə kifayət qədər material yoxdur. Ümumi yanaşma isə tənqidə dözməyən fikirlər söyləməyimizə səbəb ola bilər.Yalnız onu deyə bilərik ki, bu məsələdə ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək".
Ceyhun ABASOV



