|
|
|
|

Dekabrın 19-da Ankarada səfir Andrey Karlovun öldürülməsi Türkiyə-Rusiya münasibətlərini poza bilmədi.
Ertəsi gün Moskvada Suriya problemi ilə bağlı üçlü formatda - Rusiya-Türkiyə-İran danışıqları baş tutdu.
Xarici işlər və müdafiə nazirləri səviyyəsində aparılan müzakirələrdən sonra Suriya böhranının həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul edildi. Həmçinin, bu toplantının ardınca əldə olunan daha bir nəticə Rusiya və Türkiyə prezidentlərinin Suriya müxalifəti ilə hökuməti arasında danışıqların Astanada keçirilməsini razılaşdırmasıdır. Rəsmi Astana isə tərəflərin bu təklifini dəstəklədi.
"İnterfax"ın məlumatına görə, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov mətbuata açıqlamasında bildirib ki, bu sülhməramlı təşəbbüsü rəsmi Astananın iki tərəfdaşı - Rusiya ilə Türkiyə həyata keçirir: "Qazaxıstan bu təşəbbüsü dəstəkləməyə hər zaman hazırdır. Bircə, tərəflər arasında bu sammitin vaxtının müəyyənləşdirilməsi qalıb. Razılıq əldə olunarsa, Qazaxıstan Suriya böhranının həll olunması üçün üzərinə düşən köməkliyi göstərəcək".
Siyasi ekspertlər Astana sammitini Suriya böhranının həllində mühüm hadisə kimi qiymətləndirirlər. Rusiya və onun müttəfiqləri - Türkiyə və İran bölgədə vəziyyətin nəzarət altına alınmasına, sülhün əldə olunmasına atdıqları iri addımlarla yaxınlaşırlar. Lakin region üçlüyünün Qərb dövlətləri, eləcə də ABŞ-ı kənarda saxlaması ekspertlər tərəfindən birmənalı qarşılanmır. Bəzi ekspertlər bunu Rusiya və onun müttəfiqlərinin uğuru kimi qiymətləndirir, bəziləri isə bunu böhranın həllində düyün nöqtəsi kimi görür.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, ölkəsinin qətlə yetirilmiş səfirini "qəhrəman" mükafatına layiq görərkən Putinin qərərını təəccüblə qarşılayan opponentləri qoy ayrı hesabların üzərində olsunlar: "Əvəzində diplomatını iki dövlət arasında hərbi-siyasi ittifaq yaratmağa çalışarkən və Suriyada axan qanı durdurmaq üçün sülh təşəbbüsləri yolunda çarpışaraq "döyüş postunda" itirən Moskva Andrey Karlovu Hələbdə vuruşan silahlı döyüşçülərindən ayırmamaqda tam haqlıdır. Əsəd əleyhinə baş qaldıran və 600 mindən artıq insanın qətliamına, 10 milyondan çox insanın - əhalinin tam yarısının doğma evlərindən didərgin düşməsinə səbəb olan müharibənin durdurulması üçün üç dövlətin- Rusiya,Türkiyə və İranın xarici işlər, həmçinin müdaifə nazirlərinin görüşü tarixi əhəmiyyət daşımaya bilməzdi. Bu səbəbdən yeni yaranan ittifaqın məhək daşlarına tökülən qanların Yaxın Şərqdən qaynaqlandığını sübut etməyə ehtiyac yoxdur. Hərdən adama elə gəlir ki, böyük qitələri əhatə edən transmilli neft kəmərləri ilə yerin sərvəti deyil, insanların qanı axır".
Deputat qeyd edib ki, son 5 ildə müxtəlif Avropa paytaxtlarında terror əleyhinə koalisiyalar quran Birləşmiş Ştatların müttəfiqlərindən biri olan Ankaranın NATO blokundan ayrı qərar verməsi təkcə son illərin hadisələrinə bağlı deyil: "Obamanın özündən sonra qoyduğu miras ağırdır. Faktiki olaraq, Vaşinqtonun siyasi rejimlərin dəyişdirilməsinə yönələn inqilab ssenarisi ərəb coğrafiyasını aşıb onun strateji partnyorlarının sərhədlərinə doğru irəlilədikcə ənənəvi birliklər və qardaşlıqlar da pozulmağa məhkum idi. 15 iyuldan sonra Türkiyənin hakim partiyasını və onun liderlərini Ağ Evin ətrafında saxlamaq mümkün deyildi. Ərdoğan onu devirmək istəyən Qərbdən üzünü çevirərək Avrasiya qitəsində yeni tərəfdarlar axtaranda təkcə hakimiyyətin dayanıqlığını deyil, avroçinovniklərin onun ölkəsini aşağılamasından və davamlı regional təhlükələrdən xilas üçün çalışdığına tam inanırdı. Ədalət və İnkişaf Partiyasının liderini Atatürk ideallarına, yaxud Atlantik dünyasının maraqlarına xilaf çıxmaqda qınayanlara Avropa Birliyinin üzvlüyü yolunda gedilən əzablı yolu xatırlatmağına dəyməz. Ona görə də ittihamlar Ankaranı yeni dayaqlar axtarışından çəkindirmək gücündə deyil.
Belə bir şəraitdə Moskvada üç dövlətin hərbi-siyasi anlaşmasının mühüm beynəlxalq əhəmiyyətə malik olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki yaxın keçmişə qədər səngərin müxtəlif tərəflərində vuruşan dövlətlərin bir araya gəlməsi təkcə Yaxın Şərq akvatoriyasında deyil, daha böyük coğrafiyalarda önəmli rol oynaya bilər. Moskva Bəyannaməsində deyildiyi kimi, BMT-də və digər müstəvilərdə, xüsusilə də Cenevrədə, Vyanada Suriyaya Dəstək üzrə birliklərin qəbul etdikləri qətnamələrin heç biri reallığa çevrilməyib. Brüsseldən Vaşinqtona boylananlar Suriya torpaqlarında əmin-amanlıq üçün müstəqil hərəkət edə bilməzdilər. Ona görə də Lavrov böhranın çözülməsi məqsədilə yaranan yeni üçlüyün Qərbin gözlənilən təzyiqlərinə tab gətirməyə qadir olduğuna çox inanır. Çünki rus naziri Tehran və Ankaranın regional kontekstdə hansı stratejiləri izlədiyini və rusların onları tanımağa qadir olduğunu yaxşı bilir".
Z.Orucun sözlərinə görə, Hələbin alınması və Əsəd əleyhdarlarının dairəsinin daralması, terrorçuların Suriyanın ən böyük şəhərində və iqtisadi təminat rayonunda zərərsizləşdirilməsini təmin etmədən Dəməşqin gələcək siyasi-hərbi taleyini çözmək qeyri-mümkün idi: "İnsanlıq vəhşəti və humanitar cinayətlər adı altında xarici mediada yaradılmış "demon" obrazı fonunda rusların uğur qazanacağına bel bağlayanlar o qədər çox deyildi. Beynəlxalq informasiya məkanındakı vəziyyət hərbi münaqişə rayonundakı durumdan qat-qat pis idi. Lakin son bir ildə vəziyyət köklü şəkildə dəyişdi. İndi böyük bir coğrafiyada Ağ dənizə çıxışa nəzarəti əldə saxlayan yeni güc mərkəzi formalaşıb. Rusiya İslam inqilabından sonra İranın hərbi bazalarından istifadə edərək, ağır bombaları qırıcı təyyarələri vasitəsilə düşmən hədəflərinə vuran ilk dövlət oldu. Xəzər dənizi üzərindən əməliyyatlar da rusların böyük coğrafiyalarda uğura qadir olduğunu nümayiş etdirdi. Halbuki İncirlikdə ruslara yer verməyən Qərb koalisiyasının İŞİD əleyhinə fəaliyyəti strateji məqsəd yoxluğundan, həmçinin, yerli əhalinin müdaifəsini qazanmadığından məğlubiyyətlə üzləşdi. Əlbəttə, o vaxtlar və elə indinin özündə də İncirlik hava limanından ruslara kəşfiyyat, logistik və digər yardımlara hüquq tanımayan Türkiyə ötən ilin dekabrında məlum Su-24 təyyarəsıni vurmaqla Qərbin avantürist planlarına daha çox kömək göstərərək öz vəziyyətini də ağırlaşdırdı və indi sərhəddi yaxınlığında keçirdiyi hərbi müdaxilə tədbirlərini ən azı bir il gecikdirdi. Hazırda həmin siyasət acı nəticələrini verməkdədir. Faktiki olaraq 5 aydır davam edən "Fərat qalxanı" əməliyyatı ilk aylarda Cerablus və digər bölgələrdə məqsədinə çatsa da, pərakəndə müxalif orduları çıxmaq şərtilə böyük dövlətlərdən kiminlə hərbi-siyasi alyansda vuruşduğu bəlli olmayan türk silahlı qüvvələri son günlər ərzində Əl-Babda ağır itkilərə məruz qalır. Cəmi 30 kvadrat kilometr əraziyə tam nəzarəti bərqərar etmək və əvvəllər azad edilmiş bölgələri Suriya müxaliflərinə verməklə Türkiyə yeni müttəfiqlərindən hər hansı yardıma ümid bəsləyə bilməz. Çünki Hələbdən İdlibə gətirilən üsyançı xalqın böyük qrupu ilə müqayisədə burada anti-Əsəd qüvvələri üstünlük təşkil etmir və Əl-Babın götürülməsi belə hərbi-siyasi meydanda türklərin mövqeyinə güclü müsbət təsir göstərməyəcək. Ona görə də Menbic və Rakkaya doğru irəliləməkdən bəhs olunur. Halbuki Rusiyanın S-300-lərinin təhlükəsi olmasa, türk qırıcıları havadan bütün mümkün hədəfləri vurmağa qadirdir. Deməli, vaxtilə atılmış səhv addımlar hava məkanında türklərin mövqeyinin xeyli daralmasına səbəb olub. Lakin türk rəhbərliyi Moskvadan deyil, Vaşinqtondan yardım almaq ümidilə 26 dekabrda yenidən Obamaya müraciət edib. Hansı cavabın veriləcəyini təxmin edə bilərsiniz. Yeni prezidentini gözləyən bir dövlətin Suriya planı iflasa uğradığından Ankaranın hərbi yardım alacağı inandırıcı görünmür.
Əvəzində İran Rusiya ilə birgə əlverişli şərtlərlə böyük sülh danışıqlarına bel bağlayır. Əsədin müdafiəsində kəşfiyyat, milis və məhdud ordu qüvvələri ilə iştirak edən Tehran sünni rejimlərindən ona gələn təhlükənin qarşısını xeyli ala bilib. Üstəlik, Livana daimi çıxışını təmin edən bölgələrə nəzarəti gerçəkləşdirmək mümkün olub. İndi Rusiyanın Hələbdəki qələbəsindəki xüsusi pay sahibi kimi onun da əsaslı iddialarla çıxış etməyə haqqı var. Ona görə də Putin İkinci Dünya müharibəsindən qalib çıxan Stalinin sərkərdərlik qabiliyyəti ilə bərabər, diplomatiya marşalı kimi sülh prosesini də uğurla davam etdirməsinə baxaraq, inamla hərəkət edə bilər. Onun Astanaya təyin etdiyi "Böyük Sülh razılaşması" sammiti həmin planın zirvəsi hesab olunur".
Deputat deyib ki, bu yaxınlarda Qara dəniz üzərində növbəti itkilər verən Rusiya təbii qəzaların belə terrorla bağlı assosiasiyaları gücləndirdiyini və siyasi nəticələr doğurduğunu yaxşı bilir: "Böyük dövlət olmaq qurbanlar tələb edir. Yaxın Şərqdə uzun müddət qalmağa qərar verəndə hansı miqyasda təxribatlarla üzləşəcəklərini sadə vətəndaşa belə bəlli idi. Yəni, Dəməşq uğrunda qlobal savaşın Putinin şəxsi davası deyil, böyük bir imperiya varisinin milli təhlükəsizlik məsələsi olduğunu xalq qəbul edir və söhbət qətiyyən yenidən imperiyaya çevrilmək ambisiyasından getmir. Ona görə də bir günlük milli matəm elanı Astanada gözlənilən tarixi hadisənin üzərinə qara pərdə çəkə bilməz. Təsadüfi deyil ki, həm Rusiya, həm də Türkiyə yaxşı əlaqələri olan Nazarbayev Ərdoğanın başsağlığı zəngində bərabər iştirak edib. Deməli, yanvar ayındakı görüşün beynəlxalq zəmini və informasiya hazırlıqları artıq başlayıb".
Z.Oruc hesab edir ki, Ankara strateji maraqlarını qurban verəcək qədər zəif mövqeyə malik deyil: "Yəni, NATO ilə tarixi əlaqələrin bir qismini əldən vermək hesabına Moskvanın orbitinə yaxınlaşmaqdan və Qərb əleyhinə ittifaq qurmaqdan söhbət getmir. Lakin kürdlər üzərində uzun on illər siyasi strategiyalar quran paytaxtlardan biri ilə anlaşmaq imkanını Suriya qədər yaxınlaşdıran ikinci hadisə yoxdur. Axı Bəşər Əsədin prezidentliyindən kənarda yeni hansı liderin başçılığı Türkiyəyə regional təhlükəsizlik və əməkdaşlıq vəd edir? Heç biri. Üstəlik, bitməyən müharibənin nəticələrini aradan qaldırmaq üçün 100 milyardlarla dollar vəsaitin gərək olduğu zəif bir dövləti daimi basqı altında saxlamaq imkanı da hər zaman qalır. İran, Rusiya nə qədər orada türklərə qonşuluq etsələr də, ən sonda Əsədin qalıcılığı və uzunömürlülüyü Ərdoğana heç bir təhlükə vəd etmir. Ona görə də Nazarbayev qlobal oyuna paytaxt seçilən Astanın tarixi şansına, həm də təhlükələrinə hazırlığa başlayıb. Axı bəzən sülhə və barışığa gedən yolları minalayır, yaxud körpüləri yandırırlar. Bəs, məzhəb davasına qalxmış və qara bayraqlı xilafət qurucuğu ideyası ilə dünyanı qorxutmuş dini cihadçıları barışdırmaq planı baş tutacaqmı? Açıq desək, Suriya üçün beynəlxalq şərtlər heç vaxt indiki qədər münbit olmayıb. Putin xristian dövlətinin başçısı olaraq böyük bir sivilizasiya qarşısında misli görünməmiş bir missiyanın növbəti partiyasını oynamağa başlayıb. Onun qatılacağı görüşün liderlərinin hamısı müsəlmandır - Ərdoğan, Nazarbayev, Ruhani. Bəs Suriyanı orada kim təmsil edəcək? Yaxud, Türkiyə lideri Əsədlə bir masada əyləşməyə razı olacaqmı? Cihad fətvasını durdurmaq üçün Suriya üçün hansı yeni libas biçiləcək? Konstitusiya islahatları vasitəsilə silahlı mübarizəni durdurmaq mümkün olacaqmı? Bunlar artıq növbəti ilə daşınan suallardır. İŞİD-in varlığına son qoyulması müqabilində ətraf regionlarda qara bayrağın enişini İslamın qürubu kimi qəbul edənlərin sırasında Türkiyənin də adının olması ikiqat vahimə yaradır. Nə qədər ağır olsa da, deməliyik ki, terrorçu sünni radikal hərəkatların, o cümlədən, İŞİD-in simpatiyaçıları burada 8/100-i təşkil edir. Say etibarilə 300 mindən artıq insanın-fikri, ideyası yalnız dinlə dünyanı dəyişəcəklərinə inanan kütlənin Atatürkün qoyub getdiyi modern bir cəmiyyətdə həzm olunması asan baş tutmayacaq.
Astana 5 müsəlman ölkəsinin din müharibəsindən qurtulması üçün Putinə tarixi fürsəti verəcəkmi? Hansı müxalif qüvvələr Əsədlə üzə-üzə görüşə gələcəklər? Bəs okeanın o tayından müharibəyə xərclənən 3 trilyon dolların müqabilində Astanaya alternativ sülh konfransı çağıraraq monarxiya paytaxtlarından birini Suriyaya növbəti hökmün ünvanına çevirəcəklər? Hər biri ayrı-ayrılıqda böyük suallardır.
Lakin bir həqiqət ortadadır - Suriyadakı axan qanı durduran şəxs ərəb dünyasının yeni mənəvi-siyasi lideri olacaq! Coğrafi uzaqlığından və dini mənsubiyyətindən asılı olmayaraq".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, Rusiya, İran və Türkiyə Suriya ilə bağlı müəyyən razılığa gəlsələr də, Amerika və Qərbin iştirakı olmadan bu konsensusu uzun müddət təmin etmək mümkün olmayacaq. O, "Axar.az"a bildirib ki, Moskva görüşünün ardınca Suriya ilə bağlı Astana sammitini keçirməklə Rusiya hadisələrə bir növ sərəncam verir: "ABŞ və ərəb ölkələri bu prosesdən uzaq tutulur, xüsusilə də Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair Suriya məsələsinə yaxın buraxılmır. Üstəlik, ABŞ və onun təşkil etdiyi 45 koalisiya dövləti də bu gün prosesdə iştirak etmir. Rusiya Suriya məsələsini Türkiyə və İranın iştirakı ilə həll etməyə çalışır. Bu həll variantının yekun nəticə kimi dünya tərəfindən qəbul ediləcəyi birmənalı deyil. Çünki ABŞ və Qərb olmadan qəbul edilən qərarların təsir gücü o qədər də yüksək olmayacaq. Bu baxımdan Rusiya, İran və Türkiyə Suriyada müəyyən konsensusa gəlsə də, bu, uzunmüddətli olmayacaq".
Politoloqun fikrincə, Astana sammitində hansı qərar qəbul edilirsə-edilsin, bu, Suriya məsələsinin həllində son konsensus sayıla bilməz: "Bu məsələyə beynəlxalq təşkilatlar, BMT-nin də müdaxiləsi lazımdır, böhranın həllinə Amerika və onun NATO üzrə müttəfiqləri "hə" deməlidirlər. Yəni, Suriyada müəyyən bir mərhələ başa çatsa və Əsəd rejimi Suriyanın böyük bir hissəsində öz suverenliyini təmin etsə də, İdlib, Əl-Bab və başqa bölgələr İŞİD və digər terrorçu qüvvələrin təsiri altındadır. Ona görə də Astana sammiti hələ problemin tam həlli anlamına gəlmir. Suriya ətrafında mübahisələr, hətta ola bilsin, hərbi toqquşmalar davam edəcək".
Ceyhun ABASOV



