|
|
|
|
“Avropa ətrafında Avropa” devizi altında martın 13-dən aprelin 14-dək Parisdə keçirilən Böyük Avropanın müəllif və incəsənət filmlərinin festivalı Azərbaycan üçün əlamətdar olub. Ölkəmizi Avropada tanıtmaq istiqamətində önəmli tədbirlər keçirən Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə paytaxtın möhtəşəm “Entrepot” kino zalında Böyük Britaniya kinematoqrafçıları Andrev Tompsonun və Lüsi Beleyin Şuşa qaçqınlarının həyatından çəkdikləri “Həsrət” sənədli filmi nümayiş etdirilib.
Bu münasibətlə təşkil olunan tədbiri açan cəmiyyətin Paris ofisinin rəhbəri Eliza Pieter Azərbaycanla bağlı artıq ikinci filmin Parisdə nümayiş etdirildiyini xatırladıb, “Həsrət” filminin süjeti barədə qısa məlumat verib.
Festivalın təsisçisi və direktoru İrena Belic festival çərçivəsində Azərbaycanla bağlı filmin ikinci dəfə nümayiş olunmasını fransızların az tanıdıqları bu ölkə barədə geniş məlumat əldə etməsində mühüm hadisə kimi qiymətləndirmiş, filmi ərsəyə gətirənlərə təşəkkürünü bildirib.
Film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1988-1994-cü illərdə davam edən müharibə zamanı 35 min azərbaycanlının həlak olduğu, minlərlə insanın yaralandığı və itkin düşdüyü, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, Azərbaycanın əzəli parçası Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzdan ermənilərin silah gücünə çıxardıqları bir milyondan artıq insanın qaçqın və məcburi köçkün həyatı yaşadıqları barədə məlumatla başlayıb.
Filmdə Şuşa Musiqili Dövlət Dram Teatrı aktyorlarının, habelə şuşalı qaçqın və məcburi köçkünlərin ürək ağrısı ilə xatırladıqları hadisələrdən bəhs olunur. Teatrın direktoru Yadigar Muradovun Şuşanın yadigarı kimi teatrın fəaliyyətini davam etdirməsində səyləri, valideynlərini, oğul və qızlarını, yaxınlarını itirən, müharibənin müdhiş anlarını yaşayan insanların, habelə erməni snayperinin gülləsinə tuş gələn günahsız 9 yaşlı Fariz Bədəlovun gözüyaşlı anasının acı xatirələri filmin əsas qayəsini təşkil edir. Dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirdiyi tədbirləri – yeni qəsəbələrin salınması, qaçqınların mənzillərlə təmin olunması da filmdə yer alıb. Şuşa həsrəti ilə yaşayan bu insanların nə vaxtsa doğma Şuşaya qayıtmaq ümidlərini itirmədikləri filmdə xüsusi vurğulanıb.
Filmin dünyada qaçqın və məcburi köçkün düşən 25 milyon insana həsr olunduğu qeyd edilib.
Filmin baş prodüsseri, Azərbaycan Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev 1980-ci ildə Afrikada olarkən Böyük Britaniyanın “Exploir” qrupunun film çəkilişinin şahidi olduğunu, artıq böyük bir təcrübəyə malik bu qrupun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı film çəkəcəyinə ümidvar olduğunu və onları belə bir film çəkməyə dəvət etdiyini, filmin ssenarisini də onların yazdığını diqqətə çatdırıb.
Filmin nümayişində Fransa ictimaiyyətinin nümayəndələri, deputatlar, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak ediblər.
GÜNEL



