|
|
|
|

Sahibə Qafarova: “Güclü və beynəlxlaq standartları mənimsəmiş medianın mövcudluğu ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynayır”
Böyük Britaniyanın paytaxtı Londonda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə «Avropada media idarəçiliyi» mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin (MM) üzvləri Sahibə Qafarova və Rəfail Hüseynov təmsil ediblər.
Konfransda çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova ölkəmizdə medianın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda güclü və beynəlxlaq standartları mənimsəmiş medianın mövcudluğu ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynayır.
Demokratik bir dövlət kimi, Azərbaycanın kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin olunması, mətbuatın fəaliyyətinin stimullaşdırılması, bu sahədə fəaliyyəti tənzimləyən güclü hüquqi bazanın yaradılması kimi məsələləri dövlət siyasətinin prioritetləri elan etdiyini vurğulayan millət vəkili əlavə edib ki, ölkə Konstitusiyanda fikir və söz azadlığının təminatı məsələsi təsbit olunmuş, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var:
“Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan olunub. KİV-in maddi texniki bazasının gücləndirilməsi üçün də dövlət tərəfindən çox effektiv addımlar atılmaqdadır. Bu tədbirləri həyata keçirərkən isə o qədər ciddi və ölçülmüş addımlar atılır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun.
Məhz bunu nəzərə alaraq, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub, bu konsepsiyadan irəli gələrək isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb".
Azərbaycanda 4500-dən artıq kütləvi informasiya vasitələri, 3600-dən artıq qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatından keçdiyini xatırladan S. Qafarova çox təəssüflə vurğulayıb ki, bir sıra hallarda yaradılan münbit şəraitdən sui-istifadə hallarına yer verilir.
Çıxışından sonra isə S. Qafarova bir sıra sualları cavablandırıb.
Kamil Həmzəoğlu



