|
|
|
|

Avqustun 25-dən başlayaraq Myanmada ordu Arakan bölgəsində yerli müsəlmanlara qarşı zor gücündən istifadə edir, dinc əhaliyə qarşı amansız üsullardan istifadə edərək insan qətliamı törədir. Ordu silahlı qruplaşmalara qarşı mübarizə adı altında minlərlə dinc müsəlmanı vəhşicəsinə qətlə yetirir. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.
10 gündür davam edən bu qanlı hadisələrə dünya birliyi tərəfindən lazımi reaksiyalar verilmir. İnsan hüquqlarının vəhşicəsinə pozulmasına səssiz qalan beynəlxalq ictimaiyyətin məsələlərə dini ayrı-seçkilik, ikili standartlar prizmasından yanaşdığı aydın sezilir. Bunun nəticəsidir ki, müsəlman dövlətlərindən başqa məsələyə ciddi reaksiya verən ölkələrin sayı olduqca azdır. Müsəlman dövlətlərinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı bu zorakılığın dayandırılmasını tələb edir.
Hadisəylə bağlı bəyanat yayaraq öz mövqeyini bildirən dövlətlərdən biri də Azərbaycandır. Rəsmi Bakı, o cümlədən, ölkə ictimaiyyəti Cənub-şərqi Asiyada baş verən müsəlman qətliamı ilə bağlı narahatlığını bildirir, baş verən cinayəti kəskin şəkildə qınayır.
Myanmadakı kütləvi zorakılıq hadisəsi ilə Qafqaz Müsəlmanları İdarəsi də bəyanat yayıb. Qeyd olunub ki, Azərbaycan, Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək, Myanmada Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımı qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edir: "Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmada siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir. Biz dünya ictimaiyyətini Myanmadakı barbarlıq hallarına, islamofobiya, dini ayrı-seçkiliyin dəhşətli nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Dünya dövlətləri, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, müvafiq beynəlxalq qurumlar, dünyanın dinindən, əqidəsindən asılı olmayaraq dini liderləri qətiyyətli şəkildə Myanma hökumətini bu cinayətlərə real şəkildə son qoyulmasına çağırmalı, bunun üçün mümkün vasitələrlə təzyiq göstərməlidirlər".
Həmçinin, bəyanatda bildirilib ki, dünya ictimaiyyəti soyqırım kimi bəşəri cinayətlərə heç bir vəchlə ikili standartlar mövqeyindən yanaşmamalı, cinayəti adı ilə çağırmalı, ona qarşı monolit müqavimət göstərməlidir: "Xocalı soyqırımına məruz qalmış, terror və separatizmdən əziyyət çəkən xalq olaraq, azərbaycanlılar bəşərə qarşı cinayətlərin ağrı-acısını yaxşı anlayır. Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımlar onların təkrarlanmasına rəvac verir".
Qafqaz Müsəlmanları İdarəsi hesab edir ki, Myanmada baş verənlər nəinki müsəlmanlara, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir və məqsəd dinlər arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyllərini alovlandırmaqdır: "Dünya müsəlmanlarının haqlı hiddətinə səbəb olmuş Myanma hadisələri bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm, dinlərarası həmrəylik və tolerantlıq ideyaları əsas götürülməlidir. Myanmadakı bəşəri faciənin təkrarlanmaması, müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması naminə dünya ictimaiyyəti planetimizin istənilən nöqtəsində ksenofobiya təzahürlərinin, o cümlədən, islamofobiyanın qarşısının alınması məsələsinə biganə qalmamalıdır. Azərbaycan məhz bu prioritetlərdən çıxış edərək, multikulturalizm, İslam Həmrəyliyi, dinlərarası dialoq, mədəniyyətlərarası əməkdaşlıq ideyalarını bəyan edir, dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir. Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların genosidi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi bölgənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların ciddi cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır”.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrpusiyayla mübaribə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə təəssüflə qeyd edib ki, bu gün dünyada ikili standartlar hələ də mövcudluğunu saxlamaqdadır: "Avropa şəhərlərinin hansındasa, müəyyən hadisə baş verdikdə bütün dünya liderləri həmin ölkənin paytaxtına yığışır, etiraz mitinqlərində iştirak edirlər. Eyni zamanda, hadisə ilə bağlı beynəlxalq təşkilatlarda məsələlər qaldırılır. Lakin bir Asiya ölkəsində müsəlman əhalisi konkret olaraq İslam dininə sitayiş etdiyinə görə, yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalmasına baxmyaraq, dünya birliyi hadisələrə münasibət bildirmir. Müsəlman ölkələrindən başqa, digər dövlətlərin məsələyə münasibəti ortada yoxdur. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Rusiyadan başqa digər üzvləri məsələyə biganə yanaşırlar. Bütün bunlar onu göstərir ki, dünyada ikili standartlar aradan qalxmalıdır. Dünyada birmənalı şəkildə insan hüquqları ilə bağlı konkret mövqe ortalığa qoyulmalıdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, beynəlxalq birliyin Arakan qətliamına səssiz qalmasının arxasında iki amil dayanır: "Birincisi, qətliam müsəlmanlara qarşı baş verdiyi üçün dünya birliyi susur, heç bir reaksiya vermir. Əgər hər hansı bir xristian dövlətində oxşar hadisə baş versəydi, yəqin ki, reaksiyalar çoxdan özünü göstərmişdi".
E.Mirzəbəyli hesab edir ki, ikinci amil qətliama rəhbərliyi vaxtilə Qərbin Nobel Sülh mükafatına layiq gördüyü Aunq San Suu Kyinin etməsidir: "Bu hadisə təkcə Myanma rəhbərliyi üçün deyil, o cümlədən, Avropa üçün utanc yeridir".
Ceyhun ABASOV



