Bu gün Azərbaycan qonşu və region dövlətlərlə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatlarda əməkdaşlıq edir. Məhz Azərbaycanın təşəbbüsü ilə yaradılan bu cür formatlar siyasi, iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına da öz töhfəsini verir.
Hazırda Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlarda tərəflər çox səmərəli və uğurlu fəaliyyət göstərirlər. Ukrayna, Pakistan, Qazaxıstanla da belə formatların yaradılması gündəmdədir. Ölkəmizin şimal və cənub qonşuları olan İran və Rusiya ilə üçtərəfli əməkdaşlıq formatının yaradılması təbii ki, mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, Azərbaycan, İran və Rusiya liderlərinin ilk zirvə görüşü ötən il avqustun 8-də Bakıda keçirilib. Həmin görüşdə üçtərəfli formatın yaradılması əhəmiyyətli hadisə kimi qiymətləndirildi. Şübhəsiz ki, bu cür formatlar çərçivəsində dövlət başçılarının mütamadi görüşməsi mövcud problemlərin müzakirəsinə, onlarınə aradan qaldırılmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə yol açır.
Azərbaycan, İran və Rusiya üçtərəfli formatla yanaşı, çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyib. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Bundan əlavə, Xəzər dənizinin hüquqi statusuna dair danışıqlarda beş ölkə iştirak edir. Çoxtərəfli görüşlər, əməkdaşlıq həm də onu göstərir ki, üç ölkə arasında əlaqələr yüksək səviyyədədir.
Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, həm də beynəlxalq aləmdə özünəməxsus yerə və mövqeyə malikdir. Rəsmi Bakının dünya üçün qlobal əhəmiyyət daşıyan məsələlərdə mövqeyi nəzərə alınır, onunla hesablaşırlar. Azərbaycan prezidenti son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Bütün bunlar isə ölkəmizin regionda təhlükəsizliyin təmin edilməsində, inkişafındakı rolu açıq şəkildə nümayiş etdirir.
Azərbaycan-İran-Rusiya üçtərəfli görüşündə də müzakirə edilən əsas məsələlərdən biri regional təhlükəsizlik olub. Aydın məsələdir ki, bu gün təhlükəsizliyin təmin edilməsi bütün dünya üçün əsas prioritetə çevrilib. Dünyanın ən sabit ölkələrində, Avropanın mərkəzində belə törədilən terror aktları terrorizmi, separatizm, bəşəriyyəti təhdid edən digər bu kimi hallarla mübarizədə birgə əməkdaşlığın önəmini, səylərin gücləndirilməsini zəruri edir.
Dövlət başçıları həm ikitərəfli, həm də üçtərəfli görüş zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın gücləndirilməsini, bu istiqamətdəki potensial imkanları nəzərdən keçiriblər. Enerji, nəqliyyat, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlər də müzakirə mövzuları arasında olub. Tərəflərin diqqət yetirdiyi daha bir mühüm məqam isə bu günlərdə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi olub.
Ekspertlər Tehran görüşünü yüksək dəyərləndirirlər və bunun region üçün böyük əhəmiyyət daşıdığını vurğulayırlar. Onların fikrincə, Azərbaycanın təşəbbüskar olduğu belə zirvə görüşləri ölkəmizin xarici siyasətinin uğuru hesab edilə bilər. Belə təşəbbüslər təbii ki, təkcə Şərqlə Qərb arasında deyil, həm də, Şimal və Cənub arasında körpü rolunu oynayan dövlətimizin mövqeyini, əhəmiyyətini daha da artırmış olur.
Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Tehran görüşündə tərəflər gündəmin aktual və mühüm məsələlərini müzakirə ediblər: "Bu görüş onu deməyə əsas verir ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır".
Politoloq xatırladıb ki, hazırda Azərbaycan, İran və Rusiya böyük layihə üzərində çalışır. Tehranda keçirilən üçtərəfli zirvə görüşündə də prezidentlər həmin layihə ətrafında müzakirələr aparıblar: "Söhbət Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən gedir. Bu layihələr təkcə üç ölkə üçün deyil, Asiya və Avropa qitələri üçün də böyük əhəmiyyətə malikdir. Təbii ki, müzakirələr yalnız bu məsələ ilə bitməyib və geniş spektri əhatə edib".
Deputatın sözlərinə görə, Tehran sammitində hər üç ölkənin liderləri Xəzərdə əməkdaşlıq və ən əsası isə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər: "Ümumiyyətlə, Azərbaycanın böyük layihələrin təşəbbüskarı olması və onların həyata keçirilməsi istiqamətində aparılan müzakirələr ölkəmizin nüfuzunun artmasının və kifayət qədər yaxşı perspektivə malik olduğunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır".
R.Musabəyov üçtərəfli görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə də toxunub. Onun sözlərinə görə, görüş problemin həllinə bilavasitə təsir göstərməsə də, böyük layihələrin həyata keçirilməsi üçün sabitliyin təmin olunması vacib olduğu üçün burada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi də mütləq şəkildə müzakirə edilib: "Regionda sabitliyi təmin etmək üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli qaçılmazdır. Bu baxımdan Rusiya və İranın öz imkanlarından istifadə etməklə münaqişənin həlli ilə bağlı səyləri artırması önəmlidir. Lakin bunu hansı şəkildə reallaşacağını sonrakı hadisələr göstərəcək. Amma hər bir halda, İran və Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, bu amil Azərbaycanın əsas probleminin həllinə də öz müsbət təsirini göstərəcək".
Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, Tehranın ev sahibliyi ilə ikinci dəfə keçirilən Azərbaycan-Rusiya-İran dövlət başçılarının görüşü çox önəmli idi. Görüşdə bir sıra mühüm məsələlərlə bağlı razılıq əldə olunduğunu xatırladan E.Mirzəbəyli əlavə edib ki, Xəzər dənizinin yekun hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müəyyən irəliləyişlərin olduğu da xüsusi ilə vurğulanıb. Eyni zamanda, hər üç dövlətin tək nəqliyyat sahəsində deyil, enerji sektorunda da yaxından əməkdaşlıq edəcəkləri qeyd olunub.
Siyasi şərhçinin sözlərinə görə, görüşdə müzakirə olunan məsələlərin sayı kifayət qədər çox olub: "Bir sıra mühüm və vacib məsələlər, o cümlədən, nəqliyyat, kommunikasiya, təhsil, səhiyyə, humanitar sahədə əməkdaşlıq, regionda ekstremizmə və terrorizmə qarşı birgə mübarizə aparılması ətrafında fikir mübadiləsi aparılıb. Bütün bu hadisələrə kompleks yanaşdıqda təbii ki, kifayət qədər ciddi siyasi hadisə hesab oluna bilər. Onu qeyd edim ki, ötən gün bütün dünyanın diqqəti Tehranda idi. Bu görüş həm də hər üç dövləti dünya mediasının, dünyada gedən siyasi proseslərin mərkəz nöqtəsinə çevirib. Təbii ki, bu da Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rolun göstəricisi kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, bu formatın təşəbbüsçüsü də Azərbaycandır. Bir neçə gün öncə Bakıda daha bir üçtərəfli formatın həyata keçirildiyi mühüm bir layihənin açılışı oldu. Bu, Bakı-Tbilisi-Qars layihəsidir. Bilirsiniz ki, bu layihə təkcə regionla deyil, beynəlxalq əhəmiyyət kəsb edir. Görünən budur ki, Azərbaycan tamamilə fərqli qütblərlə yaxından əməkdaşlıq edir. Bu münasibətləri son nəticədə həm öz maraqları, həm də region dövlətlərinin maraqları baxımından uğurlu bir nəticəyə çevirə bilir. Bu aspektdən də hesab edirəm ki, görüşün siyasi əhəmiyyəti kifayət qədər böyükdür".
E.Mirzəbəyli əlavə edib ki, hər üç dövlət regionun əhəmiyyətli dövlətləridir. Təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında gedən proseslərdə kifayət qədər aktiv rol oynayırlar: "Digər tərəfdən, bildiyiniz kimi, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan istər Rusiya, istərsə də İranla yaxından əməkdaşlıq etməyə cəhd göstərir. Ermənistan bundan öncə də dəfələrlə Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin Ermənistan ərazisindən keçməsi üçün müəyyən cəhdlər göstərib. Amma indiki şəraitdə Azərbaycanın iştirakı ilə Şimal-Cənub qlobal nəqliyyat dəhlizinin Qəzvin-Rəşt-Astara hissəsinin tamamilə başa çatması və həyata keçməsi Ermənistanın faktiki olaraq bundan sonra on illər boyu da bütün regionda gedən proseslərdən kənarda qoyub. Hesab edirəm ki, bu, həm də Azərbaycanın çox böyük uğuru hesab olunmalıdır"
Politoloq Fikrət Sadıqov isə vurğulayıb ki, Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri kifayət qədər yaxşıdır və bu əlaqələr əməkdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər üçtərəfli alyansların təşkil olunmasına, birgə layihələrin həyata keçirilməsinə müəyyən təkan verir, şərait yaradır. Azərbaycan tərəfindən həyata keçirilən Şimal-Cənub layihəsinin artıq gerçəkləşməkdə olduğunu deyən F.Sadıqov söyləyib ki, Tehran sammitində layihə ilə bağlı müzakirələr aparıldı: "Görüşdə həmçinin, Azərbaycan, İran və Rusiyanı maraqlandıran və narahat edən problemlər, separatçılıq, terrora qarşı mübarizə, birgə səylər müzakirə edilib.
F.Sadıqovun sözlərinə görə, üçtərəfli görüşdə diqqətdə olan məsələlərdən biri də regiondakı stabillikdir: "Çünki biz Azərbaycan olaraq bu stabilliyin olmasında çox maraqlıyıq. Əsas məqsədimiz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad olunmasıdır ki, bunun üçün də əlimizdən gələni edirik. Bundan başqa, Azərbaycan regionda stabilliyi qorumaq üçün mühüm layihələr həyata keçirir. Ölkəmiz regionda güclü oyunçuya və söz sahibinə çevrilib. Bunun sayəsində də həm İranın, həm də Rusiyanın ölkəmizə münasibəti dəyişilib. Tehran sammiti regional təhlükəsizlik baxımından çox vacib və mühüm əhəmiyyətə malikdir. Bu görüşün həmçinin, Azərbaycan-Rusiya-İran dövlət başçılarının görüşünün iqtisadi, sosial, eyni zamanda, çox mühüm siyasi əhəmiyyəti var. Azərbaycan bir-birinin ardınca uğurlu layihələrə imza atır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Rusiya-Azərbaycan-İran dövlət başçılarının üçtərəfli görüşü və cənub-şimal dəmiryolu xətti əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda, regionda stabilliyin, sabitliyin, təhlükəsizliyin qorunub saxlanılması istiqamətində aparılan danışıqlar çox mühüm siyasi əhəmiyyətə malikdir".
PƏRVANƏ