
Noyabrın 25-də Brüsseldə Avropa İttifaqının (Aİ) növbəti "Şərq Tərəfdaşlığı" sammiti keçiriləcək. Bu sammit bir neçə cəhətdən Azərbaycan üçün əhəmiyyət daşıyır.
Hazırda Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar aparılır və həmin sazişin sammitdə imzalanması istisna edilmir. Eyni zamanda, iki il əvvəl Riqada keçirilən sammitdən fərqli olaraq Brüssel sammitinin yekun bəyannaməsində Aİ-nin Daqlıq Qarabağ münaqişəsi ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdiriləcəyi gözlənilir.
Məlum olduğu kimi, 2015-ci ildə keçirilmiş Riqa sammitinin yekun bəyyanəməsində fikir ayrılığına səbəb olmuş məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunun göstərilməməsiydi. Rəsmi Bakı Aİ-nin digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə göstərdiyi münasibəti nümayiş etdirməli olduğunu dəfələrlə bəyan edib. Aİ rəsmiləri sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də, sənəd qəbulu zamanı bu prinsipiallığı göstərməkdən çəkinirlər.
Aİ-nin Qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han bu günlərdə məsələ ilə bağlı bəyan etdi ki, fikir ayrılıqlarının olmaması üçün hər kəs keçmiş sammitdən dərs götürməlidir: "Mümkün olduğu qədər qarşıdurmadan qaçmağı və vətəndaşların fundamental maraqlarına cavab verən konkret nəticələr üzərində diqqəti cəmləməyi tövsiyə edirəm". Onun sözlərinə görə, bəyannamə üzrə danışıqlar altı ölkə ilə aparılır: "Ümid edirəm ki, bəyannamə noyabrın ortalarınadək qəbul olunacaq". Y.Han onu da əlavə edib ki, problemlər əvvəlki sammitlərdən qalıb və bu bəyannamə vasitəsilə bu cür münaqişələrin və problemlərin həll edilməyəcəyi də bəllidir.
Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev isə iki il əvvəl Riqada qəbul olunmuş bəyannamədə Azərbaycanın mövqeyinin nəzərə alınmamasını ikili standartlı münasibətlə əlaqələndirib. O, bu yaxınlarda bildirdi ki, Azərbaycan üçün hazırda əsas vacib məsələ noyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitininb Bəyannaməsidir: "Çünki 3 il əvvəl Riqada qəbul olunmuş bəyannamədə Azərbaycanın mövqeyi nəzərə alınmamışdı, ikili standartlı münasibət var idi". M.Məmmədquliyev deyib ki, Riqa sammitində Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunub: "Amma Azərbaycana gəlincə, qeyd etmişdilər ki, ATƏT-in Minsk qrupu var, danışıqları aparır, hansı qərar qəbul edilsə, dəstəkləyəcəyik. Biz iradımızı bildirmişdik ki, Azərbaycan razılığını verməyəcək, konsensus olmadığı üçün bəyannamə də qəbul olunmayacaq. Sonra yüksək səviyyədə danışıqlar oldu, mövqeyimizi bildirdikdən sonra konsensusa nail olundu. Ona görə də biz istəyirik ki, bu məqam bir daha təkrar olunmasın".
Məlumat üçün bildirək ki, Şərq tərəfdaşlığı təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülüb. İlk Şərq Tərəfdaşlığı sammiti isə 2009-cu ildə Praqada keçirilib. Növbəti sammit iki il sonra 2011-ci ildə Polşada, 3-cüsü 2013-cü ildə Brüsseldə, sonuncu isə 2015-ci ildə Riqada keçirlib. Hazırda tərəflər beşinci sammitdə görüşəcəklər.
Şərq Tərəfdaşlığı Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq Tərəfdaşlığında məqsəd qeyd edilən ölkələri Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
ŞT iki yanaşmadan ibarət olan prosesdir. Birincisi, ikitərəfli əməkdaşlıq xətti ilə Avropa İttifaqı son nəticə kimi onunla assosiasiya sazişinin imzalanmasına yönəlmiş yeni müqaviləyə əsaslanan münasibətlərin qurulmasını təklif edir. Tərəfdaşlıq Avropa İttifaqının iqtisadiyatına tədrici inteqrasiyanı daha da təşviq edəcək, dərin və hərtərəfli azad ticarət məkanının qurulması ilə nəticələnəcəkdir. Digər məqsəd Avropa İttifaqının şərq tərəfdaşları üçün uzun müddətdə viza rejiminin tam liberallaşdırılması ilə Avropa İttifaqına səfərlərin yüngülləşdirilməsidir. Enerji bazarlarının daha yaxından qarşılıqlı əlaqələndirilməsi və inteqrasiyası ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulması da bu yanaşmaya daxildir. Əlavə olaraq, Avropa İttifaqının vəhdətlik siyasətinə əsaslanaraq pilot təşəbbüs olaraq reqional inkişaf təşviq olunacaqdır. Nəticədə, tərəfdaşlığın irəliləməsini təmin etmək məqsədilə əsas diqqətin ölkənin əsas qurumlarına yönələcəyi yeni hərtərəfli institusional potensial quruculuğu proqramı tərtib olunacaq.
Çoxtərəfli əməkdaşlıq xətti ilə ŞT Avropa İttifaqı qanunvericilik və standartlarını təqdim etmək, islahatlar sahəsində təcrübə və ən uğurlu praktika mübadiləsi aparmaq məqsədilə yeni forum təqdim edir. Bütün tərəfdaşlar arasında əlverişli mübadilə təmin etmək üçün demokratiya, yaxşı idarəçilik, sabitlik, iqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətlərinə uyğunlaşma, enerji təhlükəsizliyi və insanlar arasında əlaqə məsələlərini əhatə edən 4 tematik ekspert platformaları təsis edilib. Proqram çərçivəsində hər iki ildən bir sammit təşkil olunur, Avronest Parlament Assambleyası fəaliyyət göstərir, Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə yerli və regional hökumət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə birgə iş aparılır. 2009-cu il ərzində Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Demokratiya, yaxşı idarəçilik və sabitlik" üzrə 1-ci və "insanlararası əlaqələr" üzrə 4-cü platformaların işində fəal iştirak edilmişdi.
Xatırlatmaq lazımdır ki, Azərbaycan Aİ ilə assosasiya sazişi üzrə danışıqlar aparmaqdan imtina etdiyi üçün Riqa sammitində yeni əməkdaşlıq sazişi təqdim etmişdir. Hazırda həmin sazişin razılaşdırılması üzrə danışıqlar aparılır. Azərbaycan-Aİ əməkdaşlığının hüquqi çərçivəsi 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə (TƏS) əsaslanır. Bu sənədi onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
TƏS-ə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb. Bu gün Azərbaycan və Aİ müxtəlif sahələrdə əməkdaşlıq edirlər, bu sahələrdən ən mühüm olanlardan biri isə enerjidir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində vacib rol oynayır və bu qarşı tərəfdən hər zaman vurğulanır. Aİ Azərbaycanı təkcə enerji sahəsində deyil, həmçinin nəqliyyat dəhlizləri layihələrində də dəstəkləyir.
Aİ-nin növbəti Şərq Tərəfdaşlığı sammitində az müddət qalır. Azərbaycan daxil olmaqla altı ölkə ilə daha yaxından əməkdaşlıq etmək məqsədi daşıyan bu proqramın gələcəyi üçün Brüssel sammiti vacib rol oynayır. Əgər Riqa sammitindəki mövqe təkrarlansa, yəni digər ŞT ölkələri ilə müqayisədə Azərbaycana, xüsusilə ərazi bütövlüyünə eyni dəstək göstərilməsə, onda Şərq Tərəfdaşlığı Azərbaycanı özündən uzaqlaşdırmış olacaq.
PƏRVANƏ



