"Azərbaycanın Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsindəki əməkdaşlığı "Avropa Qonşuluq Siyasəti" və ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzərində qurulub".
Bu sözləri Avropa Birliyi və regional inteqrasiya üzrə tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə "525"ə açıqlamasında deyib. O bildirib ki, 2017-ci il fevralın 6-da prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlərə yeni təkan verib: "Dövlət başçısının Avropa Şurasının prezidenti Donald Tusk ilə görüşündə yeni ikitərəfli saziş üzrə danışıqların başlanacağı elan edilmişdi. Hazırda, danışıqlar ilkin versiyası Azərbaycanın təqdim etdiyi sənədə uyğun olaraq siyasi-təhlükəsizlik, ticarət və sektorlar üzrə əməkdaşlıq çərçivəsində davam etdirilir. Avropa Birliyi həmin sənədin üzərində işləyir".
M.Hacızadə qeyd edib ki, 2004-cü ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti cənub və şərqdə yerləşən qonşu ölkələrlə ortaq maraqlar əsasında demokratiyanın təbliğ olunması, hüququn üstünlüyü, insan haqlarına hörmət, sosial inkişaf naminə əməkdaşlığı nəzərdə tutur: "2015-ci ildə qonşu ölkələrlə məsləhətləşmələr aparan Avropa Birliyi qonşuluq siyasətini yenidən nəzərdən keçirərək həmin ölkələrlə gələcək münasibətlərini hər biri üçün xüsusi yanaşma prinsipi əsasında qurmağa qərar verib. İttifaq qonşu ölkələrdə müxtəlif sahələrdə islahatları dəstəkləmək naminə 2014-2020-ci illərdəki layihələr üçün 15 milyard avro məbləğində vəsait ayırıb. Həmin islahatlar dövlət idarəçiliyi, demokratiya, qanun aliliyi, insan haqları; sabitləşmə üçün iqtisadi inkişaf; təhlükəsizlik; miqrasiya və mobillik üzrə dörd əsas sahəni əhatə edir".
Ekspertin sözlərinə görə, Avropa Qonşuluq Siyasəti çərçivəsində hər bir ölkə ilə münasibətlər ikitərəfli əməkdaşlığa əsaslanan müstəvidə həyata keçirilir: "Bundan başqa, regional və çoxtərəfli əməkdaşlıq əlaqələri üçün imkanlar mövcuddur. Söhbət "Şərq Tərəfdaşlığı" proqramından gedir. Bu proqram Belarus, Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistan olmaqla, 6 ölkənin Avropa Birliyi ilə daha yaxın əməkdaşlığını nəzərdə tutur. Bütün tərəfdaş ölkələrə Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət zonasında olmaq imkanı, assosiasiya razılaşması və Şengen zonasında vizasız hərəkət rejimi təklif olunur. Moldova, Ukrayna və Gürcüstan artıq bütün təkliflərdən faydalanmaqdadır".
Ceyhun ABASOV