Azərbaycanın əksər postsovet ölkələri ilə əlaqələrinin inkişafı, münasibətlərin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından MDB iqtisadi, siyasi, humanitar və təhlükəsizlik sahəsində əməkdaşlıq platforması kimi qiymətləndirilə bilər.
Təşkilatın effektiv təsiredici funksiyaları olmasa da, ölkəmizin bu birlikdə aktiv iştirakını daha çox Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə əlaqələndirmək olar. Çünki işğalçı ölkənin MDB-yə üzv olduğunu nəzərə alsaq, bu müstəvidə baş tutan tədbirlərdə Dağlıq Qarabağ münaqişəsiylə bağlı erməni yalanlarının ifşası, qarşı tərəfin mövqeyinin güclənməsinin qarşısının alınması, eləcə də işğal faktının aradan qaldırılması istiqamətində təşkilat daxilində digər dövlətlərlə səylərin birləşdirilməsi baxımından birliyinin əhəmiyyətini qeyd etmək olar. Bu mənada, vaxtaşırı olaraq təşkilata üzv dövlətlərin prezidentləri, xarici işlər nazirləri arasında və digər səviyyələrdə keçirilən görüşlər mühüm səciyyə daşıyır. Ona görə də, prezident İlham Əliyevin dekabrın 26-da MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirakı ciddi dəyərləndirilməli, təşkilatın gələcək dövrlərdəki fəaliyyəti, üzv dövlətlərlə həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlıq imkanları dərindən analiz olunmalıdır.
MDB platforması, eyni zamanda, Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, münasibətlərin geosiyasi və geoiqtisadi çağırışlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışı zamanı qeyd edib ki, bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, hər iki tərəf bunu belə səciyyələndirir və bu münasibətlərin artması üçün çox müsbət dinamika var. Dövlət başçısı qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə ictimai-siyasi sabitlik təmin olunub, bu isə təbii ki, ictimai razılığa əsaslanır və Azərbaycanda heç kimin şübhəsi yoxdur ki, qarşıdan gələn prezident seçkilərində Rusiya xalqı düzgün seçim edəcək: "Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı sizin adınızla bağlıdır".
İctimai-siyasi sabitlik olmadan uğur qazanmağın mümkün olmadığını deyən prezident əlavə edib ki, son illərdə artıq kifayət qədər qanlı hadisələr, toqquşmalar, ədavət, dinlərarası ziddiyyətlər və etnik münaqişələr baş verir: "Ona görə bütün bu beynəlxalq mövcud panorama sizin həyata keçirdiyiniz istiqamətin düzgünlüyünü bir daha göstərir. Çünki bu gün Rusiya dünya miqyasında sabitləşdirici amildir".
MDB dövlət başçılarının qeyri-rəsmi görüşüylə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu toplantı hansısa xüsusi anlaşmanın imzalanması və ya üzv dövlətləri narahat edən mövzunun müzakirəsi üçün planlaşdırılmamışdı: "Sadəcə, Rusiyanın bu il MDB-yə sədrliyi yekunlaşır, gələcək planları müzakirə etmək üçün qonşu dövlət başçılarını Kremlə dəvət ediblər".
MDB-ni amorf qurum adlandıran politoloq bildirib ki, bu təşkilat Rusiyaya və üzv dövlətlərə ona görə lazımdır ki, yalnız görüşüb, fikir mübadiləsi aparsınlar: "Bu təşkilat ciddi problemin həlli və ya inteqrasiya üçün nəzərdə tutulmayıb. MDB elə bu məkana aid olan Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının gerisində qalır. Bu illərdə bəlli səbəblərdən Ukrayna və Gürcüstan da MDB-dən uzaqlaşıb, Türkmənistanın dövlət başçısı illərdir toplantıların əksəriyyətində iştirak etmir. Azərbaycan üçün isə MDB sadəcə, fikir mübadiləsinin həyata keçirildiyi müstəvi kimi lazımdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli də hesab edir ki, MDB platforması Azərbaycana daha çox quruma daxil olan ölkələrin başçıları, hökumət nümayəndələriylə ikitərəfli məsələləri müzakirə etmək üçün lazımdır: "Söhbət əgər inteqrasiya prosesindən gedirsə, Azərbaycan müstəqil siyasət yürütməyin tərəfdarıdır. Ona görə də, rəsmi Bakı MDB-yə yalnız humanitar və iqtisadi əməkdaşlıq platforması kimi baxır. Eyni zamanda, terrorizm və separatizmə qarşı mübarizə məsələləri də bu müstəvidə dövlətimiz üçün aparıcı sahələr hesab oluna bilər".
MDB-nin faktiki olaraq uğur qazanmayan, natamam qurum kimi xarakterizə edən politoloq qeyd edib ki, təşkilat daxilindəki bəzi dövlətlər arasında ziddiyyətlərin mövcudluğu, münasibətlərin gərginlik fazasına daxil olması MDB-ni effektiv quruma çevirə bilməyib: "Bunun əsas səbəblərindən biri Ermənistanın yürütdüyü işğalçılıq siyasəti və Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamasıdır. MDB-nin aparıcı qüvvələrindən olan Rusiyanın Ermənistanla hərbi-siyasi əməkdaşlığının genişlənməsi də təşkilatın fəaliyyətinə mənfi təsirsiz ötüşməyə bilməzdi".
E.Mirzəbəylinin fikrincə, bu ziddiyyətlər MDB-nin inkişafına, ciddi bir inteqrasiya məkanına çevrilməsinə mane olur.
Politoloq əlavə edib ki, bu müstəvidə baş tutan görüşlər yalnız ikitərəfli münasibətlərin inkişafına öz töhfələrinə verə bilər.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə əsasən ümumi xarakterli məsələlər müzakirə edilib. O, SİA-ya bildirib ki, görüşdə Azərbaycanın maraqlarına cavab verən konkret məsələlər müzakirə edilməyib: "Burada əsasən, terrorla mübarizə, milli dövlətlər üçün gözlənilən təhlükələrdən, dövlət çevrilişi cəhdlərindən danışılıb. Bu gün Azərbaycan üçün həyatı əhəmiyyətə malik olan məsələ Dağlıq Qarabağ münaqişəsidir ki, dəfələrlə bu məsələni müzakirəyə çıxarsaq da, hələ də problem öz prinsipal həllini tapa bilmir".
Politoloq qeyd edib ki, ümumilikdə MDB Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: "Bildiyiniz kimi, Azərbaycan MDB-yə üzv olaraq keçmiş sovet məkanına vizasız gediş-gəliş imkanlarına malikdir. Bu üzvlük xaricdə çalışan əmək miqrantlarımız üçün də əhəmiyyətlidir. MDB ölkələri arasında olan ticarət əlaqələri ölkəmiz üçün mühümdür".
Q.Hüseynli əlavə edib ki, bütün üstün cəhətləri ilə yanaşı, MDB bəzi məsələlərin öhdəsindən gələ bilmir: "MDB məkanı daxilində çoxlu regional münaqişələr var ki, onlardan daha aktualı, qanlısı Dağlıq Qarabağ problemidir. Amma çox təəssüf ki, MDB bugünə qədər iki üzvü arasında münaqişəni tənzimləyə bilməyib. Bəzən burada bərabər hüquqlu ölkələrin birliyi tam şəkildə bərqərar olunmur. MDB-nin strukturlarının təkmilləşdirilməsi ilə bağlı cəhdlər edilməsinə baxmayaraq, hələ də bu, tam şəkildə həyata keçirilə bilmir. Azərbaycan MDB daxilində qalmaqla öz məsələlərini həll etməyə çalışır".
Ceyhun ABASOV