Türkiyənin "Əsassız Erməni İddialarına qarşı İttifaq" (ASİMDER) adlı qatı millətçi təşkilatının rəhbəri Göksel Gülbey ASALA erməni qruplaşması yaraqlılarının geri döndüyünü açıqlayıb.
G. Gülbeyin sözlərinə görə, ASALA qruplaşması 1984-cü ildə fəaliyyətini dayandırdığını elan etməsinə baxmayaraq, onun üzvləri Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxk bölgəsində aktiv fəaliyyəti davam etdirir və qruplaşmanın "Virk-erkir" adlı yeni qanadını yaradıb.
"Bu qanad bölgədə rusiyapərəst siyasətin realizəsi məqsədilə yaradılıb, Ermənistan və digər ölkələrdən olan ermənilərdən istifadə edir. Rusiyalı hərbçilərin Axalkalaki bazasını tərk etməsindən sonra bütün silahlar ASALA üzvlərinə ötürülüb" - deyə, G. Gülbey "Sondakika"-ya verdiyi müsahibədə daha sonra bildirib.
G. Gülbey həmçinin əlavə edib ki, ASALA-nın silahlı qanadının yaradılmasından sonra Gürcüstanda yaşayan azərbaycanlıların həyatına real təhlükə yaranıb.
"Göksel Gülbey ASALA erməni qruplaşması yaraqlılarının Gürcüstana geri dönməsi və digər bu yöndəki fikirləri ilə qətiyyən razı deyiləm".
Bunu isə "525"-ə açıqlamasında Gürcüstan parlamentində təmsil olunan və hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından olan Azərbaycan əsilli millət vəkili Savalan Mirzəyev deyib. "Açıqlamada deyilənlərlə heç bir halda razı deyiləm. Adıçəkilən təşkilatla da bağlı heç bir məlumat yoxdur. Gürcüstan dövləti bütün vətəndaşlarının təhlükəsizliyini təmin edir. O cümlədən, Gürcüstanda yaşayan azərbaycanlıların da hər hansı bir təhlükə ilə qarşı-qarşıya olması məqamı və faktı yoxdur".
Kamil HƏMZƏOĞLU