|
|
|
|

“Brend dünyası” jurnalının 2017-ci il üçün son sayı cəmiyyətin müxtəlif sahələrini əhatə edən maraqlı materiallarla zəngindir. Jurnal baş redaktor Saleh Salahzadədən “Brend dünyasına xoş gəlmisiniz” adlı təqdimat yazısı ilə açılır.
Yazını Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən reportaj və “Şimal-cənub dəhlizi” sərlövhəsi ilə Azərbaycan, İran və Rusiya prezidentlərinin mətbuat nümayəndələri üçün bəyanatları izləyir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubaya rəsmi səfəri, Bayraq gününə həsr olunan veloyürüş, “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” beynəlxalq elmi-praktiki konfransından reportajlar da jurnalın bu sayındadır.
Reportajdan sonra Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun konfransdakı çıxışından seçmələr yer alıb.
Patent və Əmtəə nişanları mərkəzinin direktoru Günel Sevdimalıyeva jurnalın bu sayına müsahibə verib.
Qubada keçirilmiş V Alma bayramı və I Xalça festivalından reportaj, Tağı Salahzadə və Aygül Şahbazovanın hazırladıqları “Xalça firavanlıq, bolluq rəmzidir”, “Sağlam ailə-sağlam gələcəkdir”, hüquqşünas İlkin Qurbanovun “İnsan alveri- müasir köləlik forması” adlı yazıları, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə haqqında geniş məqalə də jurnalda dərc olunub.
“Sənətkar ömrü” rubrikasında Xalq artisti Hacı İsmayılovla müsahibə və Mikayıl Bozalqanlının rəssam Nəvai Mətinlə söhbəti yer alıb.
Jurnalın “Yubiley” adlı xüsusi rubrikası “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunub. “525-25” sərlövhəsi ilə jurnal kollektivinin “525-çilər”ə ünvanlanmış yubiley təbrikindən sonra qəzetin baş redaktoru Rəşad Məcidin yaradıcılığı və fəaliyyəti haqqında yazı, eləcə də bir sıra ziyalıların, tanınmış şəxslərin onun haqqında düşüncələri çap olunub. Onlardan millət vəkili, akademik İsa Həbibbəyli, Xalq yazıçıları Anar və Elçin, millət vəkili, yazıçı-publisist Elmira Axundova, professor Cahangir Məmmədli, tənqidçi Bəsti Əlibəyli, filologiya elmləri doktoru Vaqif Yusifli, millət vəkili, yazıçı-publisist Aqil Abbas R.Məcid haqqında xoş fikirlərini, ürək sözlərini ifadə ediblər. Sitatları şairin “İki məkan” və “Çıldaq” şeirləri izləyir.
“Brend dünyası” jurnalının bu dəfəki sayında oxucular respublikanın baş psixoloqu, professor Nadir İsmayılovla müsahibə, T.Salahzadə və Tahirə Dəyanətqızının Narkomaniya əleyhinə araşdırması, həkim-stomatoloq Xəzər Hüseynovun tövsiyələrini də oxuyacaqlar.
Sondakı “Şərəf kürsüsü” rubrikası “Qarabağ” futbol klubunun Çempionlar Liqasındakı oyunlarına həsr olunub.
Şahanə MÜŞFİQ



