Bir mərkəzdə birləşən dörd yol. Mərkəz - Mehdiabad qəsəbəsi, sol - Balaxanı, sağ - Binəqədi, qarşı - paytaxt, təbii ki, arxada mərkəz nöqtə olan həmin qəsəbə. 10-cu sinifdə oxuyuram. Komsomol biletim cibimdə, gözlərim fikrimlə birgə dördyolda.
1990-cı il yanvarın 14-dən qəsəbənin kişi sakinləri dörd istiqamətin ortasında sovet ordusunun hücumuna qarşı çiyin-çiyinə birləşiblər. Valideynlərimiz və müəllimlərimiz bizə kişilərin yanına getməyə icazə vermirlər. Çölçülük, ocaq kənarı, səhərə qədər yatmamaq, atalarla eyni cərgədə olmaq arzusu qadağaların üstündən elə səssiz və ahəstə qanad çalıb dördyola doğru uçur ki, hətta qanadlarından bizi necə düşürdüyünü sonralar özü də xatırlaya bilmir.
Yük avtomobilləri - Kamaz, traktor, köhnə kombayn, əlavə də bir neçə minik maşını sipərə çevrilib. Onları sipərə çevirən qəsəbənin kişiləri ocaq kənarında hər səsə diksinir. Əliyalın müdafiə vəziyyəti alırlar.
19 yanvar gecə 12-dən keçib. Atam və dostlarımdan xəbər yox. Vəhşi ordunun şəhərə yeridildiyi xəbəri yayılıb. Anam ağlayır, 12 yaşlı qardaşım yatıb. Aynabəndə çıxıram, qadınlar iki binanın arasında ağı deyirlər. Dördyolda heç kim yoxdur, kişilər paytaxta - "böyük qardaşla" əliyalın savaşa üz tutublar.
Səhər açılır, bütün ölkə qaranlığa qərq olub. Deyəsən, aydın səhəri qaranlığın cəngindən qurtarmağa Allahın da gücü çatmır. Qaranlıq hələ neçə müddət səhərlərimizi cənginə alacaq.
Xalqı qırıblar. İndi ikinci dəhşəti yaşayır qırılmayanlar. Dünya Azərbaycanda nə baş verdiyini bilmir, informasiya blokadasına düşmüşük, vəhşilər yeganə televiziyamızın enerji blokunu partladıblar.
21 yanvar. Moskvada yaşayan və Qorbaçov siyasətinə etiraz edərək, yüksək vəzifədən istefaya gedən "Azərbaycanın fəxri" adını qazanmış Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək, dünyanı silkələyən bəyanat verir.
SSRİ-nin rəhbəri Mixail Qorbaçovun siyasətini sərt tənqid edən Heydər Əliyev bəyanatında respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməyən sovet rəhbərliyinin Azərbaycan xalqının psixologiyasını anlamadığını, əhalinin müxtəlif təbəqələri ilə zəif əlaqələr qurduğunu, verilən qərarların ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünmədiklərini vurğulayır.
Moskvadan dünyaya çıxmaq daha asan idi. İnformasiya blokadasının yarılmasında ilk addımını atan Heydər Əliyevin bəyanatı ölkə mətbuatında dərc olunur. "Səhər", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri", "Bakinski raboçi" qəzetlərinin 1990-cı il 15-25 yanvar tarixli nömrələrində 20 Yanvar hadisələrindən bəhs edən yazıları və "Azadlıq" radiosunun Bakı bürosunun fəallığı Azərbaycanın qana çalxandığını bütün dünyaya çatdırır.
28 il ötüb, hələ də şahidlər o dəhşətli günlərdə yaşanan hadisələri şeir kimi əzbər bilirlər. Qan yaddaşı möhkəm olsun gərək. Xalq faciələrini unutduqca, üzərinə yenisi gəlir. Məntiq çox sadədir. İrəvanın necə, niyə, kimlər tərəfindən Azərbaycandan alınmasını unutmasaydıq, Qarabağın işğalına hazırlaşan düşməni nəfəsindən tanıyardıq, onun məkrli niyyətinin köhnəlmədiyini, həminki olduğunu bilərdik, qabaqlayıcı tədbirlər görərdik. Məsələn, "Topxana" meşəsində ağacların kəsilməsinə görə Bakıda milyonlarla insanları birləşdirən mitinqlər keçirməkdənsə, Qarabağ əhalisinin yaşadığı ərazilərdə təşkil edərdik bu etirazları. Hansı addım daha faydalı olardı?..
Babalarımız demiş, köhnə palan içi tökməyək, ancaq o palanın içini kimlərin necə və nəylə doldurduğunu öyrənək. Sonra oturarıq üstündə və partlayar, məlum olar ki, palanın içində qumbara varmış.
28 ildir xalq 20 Yanvarı Ümumxalq Hüzn Günü kimi qeyd edir. 3 ildir bu missiyanı həyata keçirənlərin cərgəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da qoşulub.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq, müxtəlif elm-təhsil ocaqlarında, müəssisə və təşkilatlarda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı silsilə tədbirlərə müəlliflik edən dövlət qurumlarından biri də Bilik Fondudur.
18-19 yanvar tarixlərində Masallı-Astara-Lənkəranda əhali ilə görüşlər keçirməyi planlaşdırdıq. Mövzumuz da var: "1990-cı il 20 yanvar hadisələri Azərbaycan mətbuatında". Faktların sadalandığı, qəzetlərin informasiyanın çatdırılması uğrunda göstərdikləri şücaəti əks etdirən slayd hazırlamışıq.
İlk görüşümüz Masallı Heydər Əliyev Mərkəzində, müəllim, tələbə və şagirdlərlə keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Dilbər İbayeva açaraq, rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışdı və Bilik Fondu ilə əməkdaşlığa hazır olduqlarını bildirdi.
Astaradakı görüş rayonda fəaliyyət göstərən Pedaqoji Kollecdə keçirildi. Bu tədbirin moderatoru kollecin direktoru Ağababa İbrahimov idi. O, 20 Yanvar hadisələrinin iştirakçısı kimi danışaraq, tarixi aydınlığı ilə təsvir etdi. "Astara" qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Azərtac Dövlət İnformasiya Agentliyinin cənub bölgəsi üzrə müxbiri Bağır Əliyev də çıxışlarında müstəqil Azərbaycanın haqq səsini batırmağa qalxan yadellilərin nifrət doğuran cinayət əməllərindən və xalqın mübarizəsindən söz açdılar.
Sonuncu görüş yanvarın 19-da Lənkəran Dövlət Pedaqoji Universitetində gerçəkləşdi. Tədbiri universitetin rektor əvəzi Natiq İbrahimov açaraq, 20 Yanvar hadisələrinin mahiyyəti ilə bağlı fikirlər səsləndirdi. Tarix müəllimi Rakif İbadov o qədər dəqiqliyi ilə izahat verdi ki, mühazirəyə gələn bu reportajın müəllifi, ani olaraq deyəcək sözü qalmadığını düşündü və universitetin kollektivi qarşısına çıxanda slaydı əvvəldən yox, axırdan əvvələ doğru təqdim etməyə məcbur oldu.
Slayd sonda "1991-ci il oktyabrın 28-də Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə qovuşdu" cümləsi ilə bitir. Şəhidlər müstəqil Azərbaycanı əmanət qoyub getdilər - canları bahasına. Onlar seçilmişlərdir, bizim ömrümüz müvəqqəti, onların həyatı əbədidir. Mühazirəmin ruhu bu çalardaydı. Gəncləri sevgiyə, bir-birinə qayğı göstərməyə çağırdım. Onlara həqiqətən xoşbəxt olduqlarını xatırlatdım. Dedim ki, bəzi hallarda insan xoşbəxt olduğunu anlamır və onun nikbinliyi bədbinliyinə uduzur. Halbuki, nikbinlik hər şeydən güclüdür. Tələbə - müstəqil ölkəsi var, şəhəri var, məhəlləsi var, evi, anası, atası, qardaşı, bacısı, universiteti var, bölüşəcək tələbə dostları, öyrənəcək müəllimləri var. Ölkəsində əminamanlıqdır, terrora məruz qalmır, demək olar ölkə başçısı hər gün inkişafa xidmət edən sərəncamlar, fərmanlar imzalayır, qərarlar çıxarır, tapşırıqlar verir. Mühazirəmdə xeyli haşiyələr çıxdım. Təmsil olunduğum Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə xanım bir dəfə ani olaraq, bizə dedi ki, başınızı yuxarı qaldırın, görün necə gözəl səma var. Baxdıq, doğrudan da, sanki biz səmanın varlığını, əsrarəngizliyini tamam unutmuşuq. Tələbələrdən başlarını dik tutub yeriməyi xahiş etdim. Uğrumuzda ölən varsa, nə mutlu bizə. Qarabağdan nigaranıq, bu əhvalımıza mənfi təsir edən amildir, razıyam. Ancaq diqqətlə təhlil edəndə düşməni rəzil günə saldığımız aydın görünür. Onlar uduzublar. Hansı erməni Bakıya gəlir, hayıl-mayıl olur. Xocalı işğalına həsr olunan "Ana fəryadı" abidəsinin önündə baş əyib, üzr istəyən ermənilər var. Aprel döyüşləri hələ də onları səksəkədə saxlayıb. Hər şeydə düşməndən çox-çox öndəyik. Bəs qələbə necə olur?
Beləcə, hər üç rayonda yüksək ruh coşqunluğu ilə danışdıq, ünsiyyət qurduq, gənclər yazdıqları şeirləri oxudular, elə oradaca düzəlişlər etdik və redaktədən sonrakı misraları bir də söylədilər, ardınca alqışlandılar. Astarada Ağababa müəllim çıxışlardan sonra əl çalmamağı tapşırmışdı tələbələrinə. Söylədiyim "İzinizə mina basdırmayın" cümləsinə bir neçə nəfər qeyri-ixtiyari əl çaldı, sonra duruxdular, sonra təvazökarlıqdan uzaqda dayanıb, yaxşı fikri alqışlayarlar - dedim, bu dəfə bütün zal alqışladı.
Xilas səmimiyyətdədir. ASAN Xidməti qalib edən onun sistemindəki səmimiyyətdir. Bilik Fondu da bütün layihələrinin mayasını səmimiyyətdən tutur. Hər üç rayonda görüşlər bitəndən sonra fikir mübadiləsi dəhlizlərdə davam edirdi. Gənclər rahatlıqla fikirlər səsləndirirdilər, nəyi oxumaq, nəyə baxmaq lazım olduğunu soruşurdular. Həvəslə əsərlərimizin adını çəkirdim, filmlərimizi xatırladırdım.
İstəklidirlər. Mədəni maarifləndirmə istiqamətində görüşlərin mütəmadi olmasını arzulayırlar. Tədbirlərdən sonra Astarada bir neçə sakinin qonağı olduq. Azərbaycanlı talış xalqının nümayəndələridir. Bir həqiqəti anladım - talışlar yalan danışmağı bacarmırlar. Əvvələr də anlamışdım, bu dəfə dəqiqləşdirdim. Təsərrüfatla məşğuldurlar, süfrə açanda nələri varsa, düzürlər.
Söz-sözü gətirirdi, hansı mövzuda danışırdıq, çox gözəl izahatlarını eşidirdik. Bəzən gileylənənlər də olurdu, sonda bütün gileyləri razılıq əvəz edirdi.
Dostlar, adamlarla danışmaq, onları dinləmək, baxış bucaqlarını dəyişməyə yardım göstərmək vacibdir. Bəzən adam kameranı düzgün bucaqda qurmur. Yetər ki, onunla danışasan, sənin səmimiyyətinə inana və kameranı lap elə öz qucağına alıb, oradan baxanda gözəlliklər görünə biləcək məkana qoyasan. Sonra deyəsən: buyur, bax. Dəfələrlə bu mizanı qurmuşam, elə razılıq ediblər ki...
Onlar neyləsin, dahi Cəlil Məmmədquluzadə Novruzəlini təkcə bir anlamda təqdim edib. Kişini avam kimi tanıtdırıb bizə. Əlbəttə, Məmmədquluzadə bir obraza əlavə xarakterlər verə bilməzdi: bu, naşılıq sayılır. Bəs tənqidçilərə nə gəlib? Niyə Novruzəlini sədaqət nümunəsi kimi vermirlər? Poçt qutusuna atdığı məktuba kimsənin toxunmasını istəməyən, onu qoruyan adam sədaqətli, məsuliyyətli adam niyə olmasın?..
Yaxud Migel de Servantes Don Kixotu mənfi qəhrəman kimi yetişdirib. Axı Don Kixot həm də həqiqi cəngavərdir. Olmayanı yaradır və onun uğrunda vuruşur. Adamlar əlində olanları qoruya bilmirlər, Don Kixot olmayana ömür həsr edir. Bunun adı qəhrəmanlıq deyilmi? Məgər 20 yanvarda KİŞİLƏR onların üzərinə tankın yeriyəcəyini eşitməmişdilər? 19-da meydançılar sovet tanklarının şəhərə girəcəyini bağırırdılar. KİŞİLƏR çəkilmədilər. Vətəni əli yalın qorudular və qəhrəman oldular. Həmin gün evlərindən çıxmayanların sayı minlərlə idi. Əlbəttə, ağıllı davranıblar, qapı açıldımı, güllələnəcəkdilər. Şəhidlərimiz elə ona görə şahidlərimizdən xeyli öndədir və əbədidirlər.
İstər tədbirlərdə, istərsə də ailələr
də keçirdiyimiz görüşlərdə bu fikirləri söyləyirdim. Elə həvəslə dinləyirdilər ki...
Səhər tezdəndir, Astaraya tədbirə gedirik. Dənizin kənarında dayanıb, hava alırıq, gözəlliyini fotoaparatın yaddaşına köçürürük. Bir kişi yaxınlaşır bizə. Görüşür, hal-əhval tutur. Ovçu olduğunu deyir, adı da Şikardır. Maraqlı uyğunluqdur. Ovçu Şikar elə ilk salamdan sonra bizi qonaq çağırır. Sözün əsl mənasında əl çəkmir. Həmkarım Abbasa diqqətə baxır-baxır. Səbəbini soruşuruq, deyir, suyu şirindir. Kimlərdən olduğunu soruşur. Abbasın babası məşhur adamdır. Əlibala kişi. Ayaması "Miçurin"dir. Dövlət səviyyəsində tanınan və mükafatlar alan mütəxəssis olub, xaraktercə nümunəvi nəcib insanmış. Vəssalam, məlum olur ki, Əlibaba kişi Şikar kişinin atası ilə əmioğludur. Deyəsən, Ağababa müəllimə zəng etməli olacağıq ki, kollecdəki görüşü təxirə salaq. Zarafatsız, çıxılmaz duruma düşmüşük. Yol tapıram. "Saat 5-də sizdəyik - söz".
Ayrılırıq... Astara, Lənkəran, yenidən Astara... Saat 17:15 dəqiqəni göstərir. Həyətə daxil oluruq. Şikar qapıdadır. Bizə necə sarılırsa... Qardaşı - tarix müəllimi Fəxrəddin müəllim də süfrə başındadır. Mən talışların tarixini soruşuram, Fəxrəddin müəllim dəqiqliyi ilə cavablandırır. Jurnalist marağımın qurbanıyam həmişə, bir az da suallarıma siyasilik verirəm əksər hallarda. "İndi siz kim oldunuz" - deyə sual edirəm. Şəstlə verilən cavab: "Azərbaycanlıyam".
İcazə verin "caps lock"la yazım: AZƏRBAYCANLI!
Bu adın uğrunda canından keçənlərə min rəhmət, sağ qalıb, bu ada nöqtə boyda ləkə düşməsin deyə, fəaliyyət göstərənlərə min yaşa deyək!
1990-cı ildə xalqımız MÜBARİZ XALQ adını qazandı. Tarix yazdıq, deməli. Siz yazanları biz oxuyuruq. Borcumuz oxuduqlarımızı dəqiqliyi ilə dərk edib, gələnlərə ötürməkdir. Beləcə, bir-birimizə bağlanıb, dolanaq Azərbaycanın başına.