|
|
|
|

Hazırda respublikamız elan olunmamış müharibəyə cəlb olunub və torpaqlarımızın bir qismi düşmən tapdağı altındadır.
Təbii ki, Azərbaycanın heç bir vətəndaşı bu halla razı deyil və xalqı bir ərsəyə gətirmək, onu düşmənə qarşı səfərbər etmək baxımından kütləvi informasiya vasitələrinin rolu əvəzolunmazdır.
Bu gün ənənəvi KİV-lərlə yanaşı, yeni medianın da inkişaf etməsini, onun auditoriyaya təsirinin artmasını müşahidə edirik. Lakin qeyd etməliyik ki, internetin sürətlə inkişaf etdiyi bir dövrdə də əhalinin bir qismi informasiyanı ənənəvi kütləvi informasiya vasitələrindən almağa üstünlük verir. Bu auditoriyanın daha çox hissəsini isə əsasən yaşlı və orta nəsil təşkil edir. Təbii ki, bunun səbəbi illərlə formalaşmış düşüncə tərzi və hələ də informasiyanın bu mənbələrdən - ənənəvi mediadan alınmasının etibarlı və "əlçatan" olması ilə daha çox izah olunur. Gənc nəslin isə tədricən daha çox yeni mediaya üz tutması da diqqətdən yayınmır. Respublikamızda da bu tendensiya müşahidə olunmaqdadır. Bu da daha çox az zaman kəsiyində informasiya almaq, istədiyi kimi əylənmək, sosial mediada dostlarla virtual əlaqə saxlamaq kimi amillərlə əlaqələndirilməlidir.
Yeni medianın indiki həyatımızdakı rolunu və yerini danmadan fikrimizi ənənəvi medianın imkanlarına yönəldək. Belə ki, demokratik dəyərlərə daha çox yiyələnməyə başlayan cəmiyyətimizdə kütləvi informasiya vasitələrinin ənənəvi qolları bu gün bu dəyərlərin daha çox daşıyıcısı və ötürücüsü rolunda çıxış edir.
Bəşər mədəniyyətinin böyük dəyəri kimi qiymətləndirilən televiziya öz böyük inkişaf mərhələsini yaşayaraq sərhədsiz bir dünyanın görüntülərini canlı şəkildə tamaşaçının evinə gətirir. Nəzərə alsaq ki, hazırda qəbuledicisi olmayan mənzil yoxdur, onda bu kütləvi informasiya vasitəsinin imkanlarının necə geniş olduğunu bir daha vurğulamış olarıq. Bu baxımdan, televiziya insanları bir tərəfdən, səfərbər edən vasitədir. Xüsusən, qorxunc təbii fəlakətlər, kəskin ictimai-siyasi proseslər zamanı televiziyanın bu xüsusiyyətləri qabarır. Müharibə şəraitində yaşayan bir dövlətin vətəndaşlarının səfərbər olunmasında da televiziya müstəsna rol oynayır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda yayımlanan televiziya kanalları bu baxımdan müəyyən işlər görür, lakin bu səylər kifayət qədər deyil.
Ümummilli lider Heydər Əliyev dəfələrlə öz çıxışında "Dağlıq Qarabağ problemi danışıqlarla həll olunmazsa, hərb yolunu seçəcəyik" deməsi, Prezident İlham Əliyevin "Biz hərbi qüvvə tətbiq etmək səlahiyyətlərimizi saxlayırıq" ifadəsi əslində xalqa, KİV-ə bir mesaj kimi qəbul olunmalıdır.
"Müharibə şəraitində yaşayan xalqın ordusu kimi ruhu da daim ayaqda dayanmalıdır. Hərbi vətənpərvərlik mövzuları təkcə orduda deyil, cəmiyyətdə də müharibəyə hazırlıq, düşmənə qalib gəlmək hissini tərbiyə etməlidir. Sabahın potensial döyüşçüsü olacaq məktəbli, vətənin istiqlalını dərk etməli, onun dostunu, düşmənini tanımalıdır. Məhz belə ideyalı çağırışçılar düşmənə qarşı barışmaz düşüncəyə çevrilə bilərlər. Bu işi görmək isə TV əməkdaşlarının borcudur".
Ona görə də Azərbaycanda fəaliyyət göstərən telekanallar bu sahəyə xüsusi diqqət yetirməli və bu mövzunu əsas prioritet mövzu kimi daima diqqət mərkəzində saxlamalıdırlar.
Məncə, kütləvi informasiya vasitələrində hərbi vətənpərvərlik mövzusunda aparılan təbliğat iki formada getməlidir. Birincisi, gənclərimizə uğurlu hərbi tariximizi aşılamaq, ikincisi isə çağdaş hərbi texnikanı təqdim etməklə müasir ordumuzun gücünü nümayiş etdirməkdən ibarətdir.
Bu gün isə telekanallarımız daha çox hərbi texnikanı təbliğ etməklə məşğuldurlar. Eyni zamanda, hazırda digər ölkələrin bu sahədəki təcrübəsi də nəzərə alınmalıdır. Məsələn, bizə yaxın olan Gürcüstanda "Hərbi vətənpərvərlik tərbiyəsinin təşkili, mətbuatda hərbi mövzuların işıqlandırılması məsələləri ilə Müdafiə Nazirliyinin aidiyyatı qurumu məşğul olur. Bu sahədə Müdafiə Nazirliyi kompleks tədbirlər həyata keçirir. Əvvəlcədən tədbirlər planı hazırlanır və KİV-lə icra olunur. Gürcüstan, Belarus, Rusiya, ABŞ və s. ölkələrdə sırf hərbi mövzuda verilişlər yayımlayan, ordu mövzusunu işıqlandıran hərbi telekanallar da mövcuddur.
Bu gün televiziya kanallarımız daha çox auditoriyanı əyləndirmə funksiyası yerinə yetirir. Kanallarımızda tez-tez estrada və milli musiqi yarışmalarının keçirilməsinin də şahidi oluruq. Bu qədər musiqi yarışmaları ilə yanaşı, hərbi vətənpərvərlik mahnılarının da müsabiqələri keçirilməsi vacibdir.
Hərb texnikamızın tanınmış tədqiqatçısı Şəmistan Əlizamanlının onlarca hərb mövzusunda kitabları olduğu halda, bu araşdırmaların televiziya versiyaları olduqca azdır. Yaxşı olar ki, xalqımızın hərb tarixində göstərdiyi şücaətlərdən bəhs edən televiziya filmləri çəkilərək, geniş auditoriyaya tədqim olunsun. Beləliklə, biz gənc nəslə hərb texnikamızı daha geniş təbliğ etmiş olarıq.
Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlər də, məncə, lazımi səviyyədə çatdırılmalıdır. Bütünlükdə döyüş haqqında məlumatlar yayılsa da, konkret əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən verilişlər olduqca azdır. Bu boşluğu da telekanallarımız tezliklə doldurmalı, aprel döyüşlərində fərqlənən əsgər və zabitlərimizi xalqa daha yaxından tanıtmalıdırlar. Eyni zamanda, bu döyüşlər getdiyi vaxtda telekanallarımızın hadisələri operativ işıqlandırması üçün də müəyyən işlər görülməlidir. Biz, bəzən informasiyanın gecikdirilməsi ilə əlaqədar əhali arasında çaşqınlığın da yaranmasının şahidi oluruq. Bu baxımdan Müdafiə Nazirliyinin hadisələrə daha operativ reaksiya verməsi də tələb olunur. Əks halda bu sosial şəbəkələrdə dezinformasiyaların yayılmasına səbəb olur və düşmən tərəfin də bundan faydalana biləcəyini unutmamalıyıq.
Təbii ki, Qarabağ müharibəsi ilə aprel döyüşlərindəki informasiya yayımı sahəsində müsbət naliyyətlərin olduğunu gördük, lakin bununla kifayətlənməməliyik. Yaddan çıxarmamalıyıq ki, bu gün müharibənin müqəddəratını yalnız hərbi əməliyyatlar həll eləmir. Düşmən üzərində qələbənin qazanılması üçün informasiya müharibəsində də qarşı tərəfdən üstün olmaq və onu məğlub etmək lazımdır.
Biz dünya təcrübəsinə nəzər salsaq, informasiya müharibəsi probleminin, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir çox ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırıldığını görərik. Bu ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir.
Mütəxəssislərin fikrincə, informasiya müharibəsi probleminin obyektiv və tam təhlilini aparmaq üçün qabaqcıl ölkələrin təcrübəsi, xarici mütəxəssislərin, alimlərin, praktiklərin fikirlərinin öyrənilməsi və müqayisəsi tələb olunur.
Araşdırmanın sonuna deyilənlərə əlavə olaraq bir sıra təkliflərim də var. Onlar aşağıdakılardır:
1. Təkcə hərbi hissələrdə olub oradan verilişlər hazırlamaq kifayət deyil. Yaxşı olar ki, televiziya əməkdaşları mütəmadi olaraq ordu hissələrində olsun, əsgərlərlə görüşsün, onların arzu və istəklərini dinləsinlər və bu görüşə silsilə verilişlər həsr etsinlər. Vaxtilə televiziya kanallarımızın təcrübəsində belə görüşlər keçirilib və bu ənənəni daha geniş tətbiq etməyə ehtiyac var.
2. Hazırda Azərbaycanda 200-dən çox Milli qəhrəmanımız olduğu halda, əksər televiziya tamaşaçılarının onların qəhrəmanlıqları haqqında məlumatı yoxdur. Onların hər birinin şücaətlərindən bəhs edən silsilə verilişlər hazırlanmalıdır.
3. İnformasiya müharibəsinin ciddiliyini nəzərə alaraq peşəkar hərbi jurnalistlərin hazırlanmasına da diqqət yetirilməlidir.
Əli HACIYEV
BDU Jurnalistika fakültəsinin baş müəllimi



