
İran Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı antiterror əməliyyatlarından narahat olmağa başlayıb.
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasımi bildirib ki, bu əməliyyatlar vətəndaş müharibəsinin hökm süründüyü Suriyada vəziyyəti daha da gərginləşdirəcək: "Türkiyə əməliyyatları dayandırmalı və Suriyanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır".
Türkiyə isə bu bəyanata cavab verməyə tələsmir. Əksinə "Zeytun budağı" adı altında əməliyyatları uğurla davam etdirən rəsmi Ankara 3 həftə ərzində 1000-ə yaxın terrorçunu zərərsizləşdirməyə nail olub. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Suriyada həyata keçirilən əməliyyatlar zamanı dinc insanların zərər görməməsi üçün maksimum diqqət göstərilir, ehtiyyatlı hərəkət edilir. Belə olan halda rəsmi Tehranın Türkiyəyə qarşı hansı əsasla tənqid xarakterli bəyanat verməsi ciddi sual doğurur.
Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, rəsmi Ankara tam nəticə əldə olunana qədər dayanmaq fikrində deyil: "Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatları davam edir. Afrin əməliyyatıyla bağlı ayrı-ayrı ölkələrdən fərqli reaksiyalar gəlməkdədir. Türkiyənin tərəfdaşı Rusiya hələlik bu məsələyə qarışmır, ancaq Moskvadan bəzən narahatlıq mesajları eşidilir. ABŞ da hərbi əməliyyatlarla bağlı Ankaranı şiddətlə tənqid etmir. Hərçənd ki, Vaşinqton Suriya kürdlərini dəstəkləməkdən də geri çəkilməyib".
E.Şahinoğlu bildirib ki, İranın Afrin əməliyyatına görə Türkiyəni ciddi tənqid etməyə qərar verməsi təəccüb doğurur.
Rəsmi Ankaranın İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasıminin bəyanatına erkən reaksiya göstərməməsini doğru addım kimi qiymətləndirən politoloq hesab edir ki, Tehran onsuz da Türkiyənin hərbi əməliyyatlarının qarşısını ala bilməz: "İran Rusiya qədər güclü deyil. Ona görə də, Ankara Rusiyanın Suriyadakı maraqlarını ciddi nəzərə alır".
Mərkəz sədrinin fikrincə, Türkiyənin həyata keçirdiyi Afrin əməliyyatı İranın da maraqlarına cavab verir: "Bəs nə üçün rəsmi Tehran bu əməliyyatlara qarşıdır? Çünki Ankara təkcə Türkiyə və Suriya yox, eyni zamanda, İran ərazisində muxtariyyat tələb edən əlisilahlı kürdlərlə mübarizə aparır. Rəsmi Tehran kürdlərə hər hansı statusda muxtariyyət vermək istəməsə də, Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı çıxış edir".
E.Şahinoğlu düşünür ki, bu etiraz birbaşa kürdlərlə bağlı deyil: "Birincisi, İran rəhbərliyi Bəşər Əsədlə müttəfiqdir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Bəşər Əsəd isə Türkiyəni terrorçular arasında vasitəçilik etməkdə ittiham edir. İran isə bu cür bəyənatlar verməsə də, Əsədin maraqları nəzərə alır. Rəsmi Tehran Türkiyə ordusunun uzun müddət Suriya ərazisində qalacağından ehtiyyat edir və bunu istəmir. İkincisi, İran Türkiyənin hərbi əməliyyatlar məsələsində yalnız Rusiya ilə təmasda olmasını, Tehranın maraqlarını isə hesaba qatmamasını qəbul edə bilmir. Bu fakt İrah hakimiyyətində əsəb yaradır. Ona görə də axırıncı bəyanatla İran Suriya məsələsində oyunçulardan biri olduğunu göstərməyə çalışır. Tehran Ankaranın onunla hesablaşması, İran amilini nəzərə almasını istəyir".
Politoloq əlavə edib ki, Türkiyə Suriyada hərbi əməliyyatlara başlayan kimi Tehran ehtiyyatla Ankaranı tənqid etməyə başlamışdı: "O vaxt bu, sərt təndiq deyildi. Ancaq İranın ritorikası dəyişir. Hər halda hərbi əməliyyatların başlanğıcında Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar iranlı həmkarı Məhəmməd Bakiri ilə telefon danışığı aparmışdı. Belə görünür ki, İran üçün bu, azdır. Rəsmi Tehran istəyir ki, Türkiyə hərbi əməliyyatların getdiyi dövrdə Ankara onları tez-tez məlumatlandırsın, sıx təmasda olsunlar. Lakin bu, qeyri-mümkündür. Onda belə çıxacaq ki, Türkiyə İrandan asılıdır".
İranda Türkiyənin Afrin əməliyyatları ilə bağlı yekdil fikrin olmadığını deyən E.Şahinoğlu onu da bildirib ki, İrandakı müxtəlif qüvvələr Türkiyənin apardığı hərbi əməliyyatları fərqli dəyərləndirir. Biri tənqid edir, digəri susur, bəziləri isə düşünür ki, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara qarışmaq lazım deyil".
Ceyhun ABASOV



