|
|
|
|

Dünən Beynəlxalq Mətbuat Mərkəzində ONN İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən media qurumunun rəhbəri, tanınmış jurnalist Bilman Allahverdiyev bildirib ki, yeni fəaliyyətə başlayan ONN İnformasiya Agentliyi Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni, tarixi hadisələri obyektiv, qərəzsiz və tərəfsiz şəkildə ictimaiyyətə çatdırmağı qarşısına məqsəd qoyub: "Fəaliyyətimizin ana xətti demokratiyanın inkişafına öz töhfəmizi vermək, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdir".
B.Allahverdiyevin sözlərinə görə, "reket jurnalistika"ya qarşı mübarizənin getdiyi, Ermənistanla informasiya müharibəsi şəraitində olduğumuz hazırkı dövrdə xalqa, dövlətçiliyə dürüst şəkildə xidmət edən kütləvi informasiya vasitələrinin artmasına ehtiyac var: "Ona görə də, ONN İnformasiya Agentliyini yaradaraq bu mübarizədə həqiqi qələm yoldaşlarımıza dəstək olmağa, aparılan ümumi işə töhfə verməyə çalışacağıq".
Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği, dünya ictimaiyyətinin ölkəmizlə bağlı daha dolğun məlumatlarla təmin edilməsində medianın aparıcı rolundan danışan "ONN media"nın rəhbəri bildirib ki, Azərbaycanın xaricdəki diaspor təşkilatları ilə mövcud olan sıx əlaqələrdən istifadə edərək bu məsələdə də üzərlərinə düşən vəzifəni layiqincə həyata keçirməyə davam edəcəklər.
Daha sonra tədbir iştirakçılarının yeni fəaliyyətə başlayan xəbər portalı ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.
Bildirilib ki, "ONN media"da milli mənəvi dəyərlərin qorunması, gənc, istedadlı, yaradıcı şair, yazıçı, elm adamlarının oxuculara tanıdılması, el adətləri, milli folklorun təbliği əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə portalda "Unutmayaq, unutdurmayaq" adlı xüsusi rubrika yaradılıb.
Qeyd edək ki, ONN İnformasiya Agentliyi 2017-ci il noyabrın 9-dan fəaliyyətə başlayıb. Media orqanı hər gün siyasi analizlər, videogörüntülər, bir-birindən maraqlı müsahibələrlə oxucularının görüşünə gələcək.
Ceyhun ABASOV



