Ermənistan parlamenti martın 2-də ölkənin yeni prezidentini seçdi. Ermənistanın keçmiş baş naziri, Böyük Britaniyada səfir vəzifəsində çalışmış Armen Sarkisyan ölkənin yeni prezidenti oldu.
A.Sarkisyan hakim Respublika Partiyasının namizədi idi. O, seçkilərdən əvvəl həm Ermənistan daxilində, həm də ondan kənarda bir sıra görüşlər keçirdi, sonra isə namizədliyə razılığını verdi.
Əslində, Ermənistanda bütün hadisələr hazır ssenari üzrə aparılır. Bu ssenarinin müəllifi isə hazırkı prezident Serj Sarkisyandır. Ona görə də başqa hər hansı nəticə gözləmək də mümkün deyildi. Sarkisyan yenidən hakimiyyətdə qalmaq üçün onun rəhbərlik etdiyi hakim partiya konstitusiya dəyişikləri təşəbbüsü ilə çıxış etdi. Daha sonra bu dəyişikliklər referendum yolu ilə qəbul edildi. Sarkisyanın hədəfi baş nazir postunu tutmaq idi ki, buna görə də yeni idarəçilik sisteminin yaradılmasına getdi. Aprelin əvvəlində Serj Sarkisyanın prezidentlik müddəti rəsmən başa çatır, Armen Sarkisyan prezident kimi fəaliyyətə başlayır. İrəvanda baş nazir təyinatı da aprel ayında olacaq. Beləliklə, Armen Sarkisyan prezident postunda səlahiyyətsiz və bütün əsas məsələlərdən kənarda qalacaq, Serj Sarkisyan isə yenə də ölkə idarəçiliyini ələ keçirəcək.
Ermənistan müxalifəti bu dəyişiklikdən, Sarkisyanın baş nazir postuna gətirilməsi planından narazıdır. İrəvan parlamentindəki "Elk" fraksiyasının rəhbəri Nikol Paşinyan bildirib ki, Respublikaçılar Partiyasının qanunvericilik dəyişiklikləri təşəbbüsü və buna nail olmaları aydın şəkildə Serj Sarkisyanın baş nazir vəzifəsinə namizəd kimi irəli sürülməsinə hesablanıb. Onun sözlərinə görə, buna etiraz olaraq hər hansı bir potensial fəaliyyət ilk növbədə xalqın iradəsinə əsaslanır: "Əgər xalqın iradəsi olmasa, o zaman hakimiyyətin dəyişməsi qeyri-real olacaq".
"Elk" blokunun küçə yürüşləri keçirməsinə gəlincə, erməni deputat bildirib ki, bununla bağlı qərar yaxın bir həftə ərzində veriləcək: "Bizim vaxtımız azdır, ona görə də yaxın günlərdə qərar verməliyik. Mən Respublika Partiyasının Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcəyi ilə bağlı parlamentə çıxış etmişəm. Hakim partiya bunu inkar etməyib, qanunvericilik dəyişiklikləri də bunu sübut edir. Qanunvericilik Sarkisyanın baş nazir olması üçün satirik janra salınıb".
Paşinyan əlavə edib ki, hakim Respublika Partiyasının bəyanatlarından aydın olur ki, onlar Serj Sarkisyanı baş nazir postuna hazırlayırlar.
N.Paşinyan Sarkisyanın Ermənistanı bütün sahələrdə, o cümlədən, ordu quruculuğunda zəif duruma saldığını deyib. Onun sözlərinə görə, 2016-cı ilin aprel gərginləşməsi zamanı məlum oldu ki, Ermənistan ordusu keçən əsrin 80-ci illərin silahlarından istifadə edərək mübarizə aparır, bununla yanaşı, silahlı qüvvələrin gücləndirilməsi və möhkəmləndirilməsi əvəzinə Serj Sarkisyan Ermənistanın təhlükəsizliyini mənasız müqavilələrə və razılaşmalara imza ataraq təmin etmək qərarına gəlib: "Amma bütün bunların praktikada necə işlədiyini biz hamımız öz gözlərimizlə görəcəyik. 27 oktyabr faciəsi Serj Sarkisyanın milli təhlükəsizlik naziri vəzifəsini lazımınca yerinə yetirməməsinin nəticəsidir".
Xatırladaq ki, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə silahlı basqın olub, parlamentin spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, bir sıra millət vəkilləri və hökumət üzvləri güllələnib.
PƏRVANƏ