|
|
|
|
Xəbər verildiyi kimi, Kanadanın nüfuzlu elm və təhsil ocağı sayılan Toronto Universiteti (University of Toronto) məşhur Fields İnstitutu ilə birlikdə tanınmış azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevi Deans Distinguished Professor statusunda altı ay ərzində riyazi biologiya üzrə mühazirələr oxumağa dəvət edib.
Qeyd edək ki, Deans Distinguished Visiting Professor ünvanı mötəbər status hesab olunur. Bu status elm adamlarına beynəlxalq münsiflər heyəti (“Mathematical Biology” - Riyazi Biologiya sahəsinde münsiflər heyətinə Fields ve Nobel mükafatçıları daxildir) tərəfindən verilir. Sözügedən elm və təhsil ocaqlarında mühazirə oxumaq üçün bir qayda olaraq, Deans Distinguished Professor statusunda olan Nobel və Fields mükafatı laureatları dəvət edilirlər.
İlk dəfə bir azərbaycanlı alimin sözügedən statusda bu mötəbər təhsil ocaqları tərəfindən dəvət alması əlamətdar hadisədir. Nobel mükafatı laureatı Əziz Səncərin bu xəbərə reaksiyası da dediklərimizi təsdiqləyir. Onun Məsud Əfəndiyevə ünvanladığı təbrik məktubunda deyilir: “Möhtərəm qardaşım Məsud bəy, cani-könüldən təbrik edirəm. Türk dünyası sizinlə fəxr edir. Uğurlarınızın davamlı olmasını diləyirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram”.
Başqa bir Nobel mükafatçısı Arye Uorşelin Məsud Əfəndiyev haqqında səsləndirdiyi fikir də maraqlıdır: “Məsud Əfəndiyev dünyanın aparıcı riyaziyyatçılarından biridir. Onunla tanışlıqdan qürur duyuram”.
... Bu xəbəri alar-almaz professor Məsud Əfəndiyevlə əlaqə saxlamaq qərarına gəldim. Görkəmli alimi təbrik edib onun fikirlərini öyrəndim: “Sözün açığı, bu xəbərin belə böyük rezonans doğuracağını gözləmirdim. Dünyanın hər yerində təbriklər alıram və bu, bir Azərbaycan alimi kimi məni çox sevindirir. Təbriklərə görə hər kəsə minnətdaram, hamınızı bağrıma basıram.
Mən ilk növbədə Azərbaycan alimiyəm, bu fikirləri qatıldığım bütün tədbirlərdə də dilə gətirirəm. Azərbaycan vətəndaşı olmaq qürurvericidir və böyüyüb boya-başa çatdığım vətən qarşısında öz borcumu heç vaxt yaddan çıxara bilmərəm. Hazırda Torontodayam, inşallah, Azərbaycana növbəti gəlişimdə ətraflı danışarıq”.
...Professor Məsud Əfəndiyev hazırda dünyanın ən nüfuzlu elm ocaqlarından sayılan H.Helmolts adına Münhen Elmi Tədqiqatlar Mərkəzinin “Dinamik sistemlər” şöbəsinin müdiridir. 1991-ci ildən Almaniyada yaşayır. Tətbiqi riyaziyyat üzrə dünyanın aparıcı mütəxəssislərindən biridir. O, Almaniya hökümətinin təsis etdiyi A. fon Humboldt adına mükafata layiq görülmüş ilk azərbaycanlıdır. Elm sahəsində əldə olunan fundamental nailiyyətlərə görə verilən bu mükafatı elmi dairələrdə “Kiçik Nobel” də adlandırırlar. Təsadüfi deyil ki, bu mükafatı almış alimlərdən 38 nəfəri sonradan Nobel mükafatına da layiq görülüb.
2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Science - JSPS” təşkilatının mükafatını almış M.Əfəndiyev elə həmin il Okayama şəhərində keçirilən Yaponiya Riyaziyyatçılar Cəmiyyətinin illik yığıncağında əsas məruzəçi olub. Ümumilikdə, M. Əfəndiyev Kiotonun Riyaziyyat Elmləri Tədqiqat İnstitutunun konfranslarında yeddi dəfə baş mühazirəçi kimi çıxış edib.
Professor M.Əfəndiyev ABŞ-da nəşr olunan nüfuzlu “İnternptional Journal Biomathemaics and Biostatisics” jurnalının baş redaktorudur. O, postsovet məkanında yeganə riyaziyyatçı alimdir ki, dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvüdür. Onun dünyanın aparıcı riyaziyyat dərgilərində dərc olunmuş iki yüzə yaxın məqaləsi, “Fredholm Structures Topological İnnvariants and Applications” və “Analysis and Simulation of Multifiield Problems” adlı monoqrafiyaları dünya elmini zənginləşdirən nümunələr sayılır.
Bir neçə il bundan öncə Almaniya kansleri Angela Merkelin Yaponiyaya rəsmi səfəri zamanı iki ölkə arasında elmi-texniki əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı dövlətlərarası müqavilə imzalanmışdı. Anlaşmaya görə, ölkələrdən hər biri ən müxtəlif elm sahələrini əhatə edən 17 nəfərdən ibarət alim heyətləri təşkil etmiş və onlar üçün səlahiyyət dairəsi müəyyənləşdirmişdi. Almaniya tərəfdən ayrılmış heyətə məhz professor Məsud Əfəndiyev başçı təyin olunmuşdu. Həmin anlaşma çərçivəsində Almaniyada keçirilmiş “Evolition Equations and Related Topics” adlı konfransa rəhbərlik etmək də ona həvalə edilmişdi.
M.Əfəndiyev geniş diaspor və lobbiçilik fəaliyyəti ilə də seçilir. O, 1991-ci ildən bu günə kimi öz şəxsi əlaqələri hesabına Azərbaycandan 50-dən çox alimi müxtəlif müddətlərə Almaniyaya dəvət edib, Azərbaycan elminin dünyaya inteqrasiyası və inkişafı üçün əlindən gələni əsirgəməyib. Gərgin iş rejiminə və məşğulluğuna baxmayaraq, o, Almaniyada və onun hüdudlarından kənarda Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsi işində də yaxından iştirak edir.
Professor M.Əfəndiyev Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində də əlindən gələn köməkliyi göstərir, müasir tibbi avadanlıqların alınması, yeni texnologiyaların Azərbaycana gətirilməsi işinə yardımçı olur. O, Almaniya Bundestaqının xarici əlaqələr komissiyasinin sədri Karl-Georg Wellmannin və Berlindəki məşhur “Helious-Kilinik” mərkəzinin təsis etdiyi “Berlin Hilft” layihəsinin Azərbaycana şamil edilməsinə də nail olub. Bu layihədə Azərbaycanda cox ağır xəstə olan uşaqların Almaniyada pulsuz müalicəsi, eləcə də azərbaycanlı həkimlərin mütəmadi olaraq Almaniyada təcrübə keçməsini nəzərdə tutur.
Etimad BAŞKEÇİD