|
|
|
|
Rəfail TAĞIZADƏ
Payız
Ağacın yaylığı ayaqlar altda,
yeriyə bilmirəm çığırtısından.
Çılpaq ağacların əlləri göydə
yarpağın son dua pıçıltısından.
Yenə gəlib çatdı payız axşamı
yenə bu könlümə küləklər əsir,
axşam süfrəsində boş qalıb bir yer
kölgələr dolaşır, kölgələrdə sirr.
Pəncərə önündə ağac kimiyəm
xatirə yarpaqlar uçur havada.
Bu evin divarı yoxmuş, ilahi,
döşəmə dənizdə darıxan ada.
Göyün üzün alıb qara buludlar,
pərdələr üşüyür bum-buz otaqda,
səmtini itirib, yolunu azıb,
cığırlar o kövrək yarpaq yataqda.
trollebus dayanacağında payız axşamı
trolleybus dayanacağı
payız axşamı
yarpaq tökümü...
qurumuş yarpaqlar oynayır
xəfif küləkdə
kölgəsini itirmiş ağac
qüssə oyadır ürəkdə
vaxt dayanıb
kölgəsini itirmiş ağacla
trolleybus dayanacağı arasında
bir ayrılıq sevdası var
sənin sürməli gözlərinin qarasında
ayrılıq qapısını açıb trolleybus
səni gözləyir...
Payız axşamı
Uçub göy üzündən, uçub ulduzlar,
bu gecə göylərə inam qalmayıb.
ay da çəkilibdi öz yatağına
qaranlıq gecədə adam qalmayıb.
Otaqda qaralan kölgələr itib,
əriyib, əriyib kiçilib ağ şam,
vərəq alınlara yazılan yazı
güzgüdə oxunur hər səhər, axşam.
Yarpaqlar tökülür payız axşamı
bahara üçaylıq bəyaz qış qalıb,
əlimdə qoxusuz payız gülləri,
könlümü bəmbəyaz sevdalar alıb.
Ömrün payızı
Payız dodaqaltı zümzümə edir,
çılpaq budaqlarla sevişir külək,
sevdiyim payızda axşam çağları
mənimlə gizlənpaç oynayır fələk.
Bu gecə payızdı röyalarımda
isti yuxularım sovulub gedir,
rəngbərəng yarpaqlar qonur çiynimə
ürəyim payızla qovrulub gedir.
Bu payız xəyalım quş qanadında,
ilbəil gecikir görüşümə yaz,
payız günəşinin işartısında
mənim yanaqlarım solur, bəmbəyaz.
Payızın əlləri əsir qəhərdən,
əlində tutduğu əlindən düşür,
düzülüb sıraya son qatar kimi
kövrək xatirələr ötür, ötüşür.
Ömrün payız yarpaqları
Payızı sevməyən süpürgəçi qadın
bu il mən də yığışdıra bilmədim
ömrümdən tökülən yarpaqları
payız dava açdı bizə
xəbərsiz, filansız
payız sevdalar, ayrılıqlar, yuxular,
payızın ağrısı ürəyimə toxunar
payız yelləri əsir,
payızın əlləri gəzir
könlümüzün budağında
yarpaqlar tökülür,
hardasa buludlar ağlayır, gülür
yarpaqlar tökülür payız boyunca,
biz bir qızıl payızı yaşamadıq doyunca
payızı sevməyən süpürgəçi qadın qulaq as,
payız nərmənazik bayatıdı bir az.
Payız lövhələri
Soyudur ağacı payız özü tək
əl etmir yanından ötən qatara,
kölgədə yazılan xatirələri
kimsəsiz vaqonlar yığıb apara.
Gəlib buraları kimdi yoxlayan
olan meyvələri çoxdan sovulub,
meşənin daimi sakinləri də
yarpaqsız meşədən qaçıb, qovulub.
Qoca təbiəti dəyişir payız
biz qalın geyirik, ağac soyunur,
qara buludların göz yaşlarında
çətirsiz ağaclar hər gün yuyunur.
lll
dağ döşü
qəmli meşə
kölgəsiz ağaclar nə qədər darıxdırıcı
çılpaq meşənin
üzünü turşutmuş havasında
quşlar yox oxumağa
qəmli meşənin
neçə günlük səksəkəli ömrü qalıb
bahara kimi
Ümidin payızı
payızın sonunda qırılır ümidlər
saralır ümid bağlanan il
yol çəkən gözlərin kökü kimi
daralan üzülən səki kimi
əsrin son rəqəmlərini dəyişə-dəyişə
bu ili də vurduq başa
baş-başa
yarımçıq qaldı hər şey
payızım bar vermədi
bir vərəq də dərmədim
bu ilin payızından
bükülən qurumuş təmbəki yarpağı tək
saralan ümidləri
odlayıb sinəmə çəkirəm-ağrıyır ürək
soyuyur təqvimdə günlər soyuyur
donur yarımçıq ümidlər donur
ağacların budağına
bəyaz xəyallar qonur...