|
|
|
|
Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətinin mərkəzi Xaroq şəhərində “Dünyanın damı” V Beynəlxalq musiqi festivalı keçirilir.
Festivalda Azərbaycan, Qazaxıstan, Çin Xalq Respublikası, Əfqanıstan, Pakistan, Qırğızıstan və digər ölkələrdən gəlmiş xanəndə, müğənni və rəqqaslar iştirak edirlər.
Bu musiqi bayramında ölkəmizi “Qarabağ” muğam qrupu təmsil edir. Festival çərçivəsində keçirilən konsertlərdə xalq mahnıları və muğamlarımızı Xalq artisti Mənsum İbrahimov və xanəndə Aytən Məhərrəmova ifa edəcəklər. Onları Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Sultan Əliyev (nağara) müşayiət edəcəklər.
Festival çərçivəsində ustad dərsləri keçiriləcək, iştirakçı ölkələrin adət-ənənələri, musiqisi və mədəniyyəti haqqında sənədli filmlər nümayiş etdiriləcək.
Bundan əvvəl də – may ayında Xalq artisti Mənsum İbrahimov Düşənbədə Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun rolunu məharətlə ifa edib, Aytən Məhərrəmova isə ötən ay “Aypara” qrupu ilə birgə Düşənbə və Tacikistanın digər şəhərlərində konsertlər verib.
S.ABDULLAYEVA



