
I Bakı Beynəlxalq Neonatoloji Konqresin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tədbirdə bildirilib ki, konqresin işində Almaniya, İtaliya, Türkiyə, Norveç, Finlandiya, Rusiya və Gürcüstandan 250 dən artıq mütəxəssis iştirak edir. Konqres çərçivəsində neonatologiyanın aktual problemlərinə həsr olunan məruzələr dinləniləcək və nəzəri baxımdan təcrübə mübadiləsi aparılacaq.
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatrlar Birliyinin prezidenti Nəsib Quliyev mövzudan irəli gələn məsələlərin əhəmiyyətindən danışıb və Azərbaycanda son 10 il ərzində səhiyyə sahəsində görülən müsbət tədbirlərə diqqəti yönəldib. O bildirib ki, son 10 ildə ölkədə 500 tibb müəssisəsi inşa edilib və ya əsaslı təmir olunub. İstifadəyə verilən tibb müəssisələri isə müasir avadanlıqlarla təchiz edilib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanın ana və uşaqların sağlamlığına diqqəti artırdığını, bununla bağlı dövlət proqramlarının həyata keçirildiyini deyib.
Milli Məclisin deputatı İlham Məmmədov deyib ki, tibb sahəsində bu cür tədbirlər keçirilməsi gələcək uğurların təməli ola bilər.
Avropa Neonatoloqlar və Perinatoloqlar Cəmiyyətləri Birliyinin baş katibi Murad Yurdakök tədbirin keçirilməsində Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsünü müsbət dəyərləndirib. O, çıxışında neonatologiyanın aktual problemlərin həlli üçün bu mövzuda konfransların davamlı keçirilməsinin əhəmiyyətini də vurğulayıb.
Konfrans iki gün ərzində plenar iclaslarla davam edəcək. Toplantılarda “Ağciyərlərin ventilyasiyası”, “Neonatal infeksiyalar”, “Neonatal qayğı” və digər mövzularda çıxışlar olacaq.



