Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.
FHN-dən APA-ya daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.
Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
*** 15:48
Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.
Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobil yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, təxminən 3-4 hektar ərazidə quru ot və qəzaya uğramış, istismara yararsız avtomobillər yanıb.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.
*** 15:09
Bakı şəhərinin Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.