Oktyabrın 24-27-də Fransanın Nant şəhərində 24-27 oktyabrda Avropa İttifaqının himayəsi ilə dünyanın 20-dən artıq ölkəsindən gələn avropalı gənclərin Təşəbbüs Forumu keçirilib.
Forumun məqsədi gəncləri bir araya toplayaraq onlar arasında tərəfdaşlığın və dialoqun inkişaf etdirilməsinə köməklik göstərməkdir.
Tədbirin açılış mərasimində Fransa dövlətinin nümayəndələri, həmçinin, Nant Departamentinin rəhbəri və şəhər meri iştirak edərək forumun əhəmiyyətini vurğulayıblar. Bununla yanaşı, rəsmi dövlət nümayəndələri çıxışlarında avropalı gənclərin əməkdaşlığının genişləndirilməsinin vacibliyindən bəhs ediblər. Forum çərçivəsində geniş maraq doğuran gənclər siyasəti, gənc sülhməramlılar və digər bu kimi məsələlər müzakirə olunub.
Ölkəmizi forumda “Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək” İctimai Birliyi təmsil edib. Qurumun rəhbəri, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Fərid Muradov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti haqqında söz açıb. Həmçinin, Fərid Muradov çıxışında konfliktlərin gənclər arasında əlaqələrin inkişaf etməsində ciddi maneə olduğunu bildirib. O, avropalı gənclərə müraciət edərək deyib ki, Ermənistanın həyata keçirdiyi separatizm siyasəti regionumuz üçün ciddi təhlükələr yaradır, xüsusilə də gənclər arasında sülhü və dialoqu inkişaf etdirməyə mane olur.
F.Muradov tədbir zamanı özünü qondarma Dağlıq Qarabağ respublikasının təmsilçisi kimi təqdim edən şəxsin iştirak və çıxışının qarşısını ala bilib. Onun etirazı təşkilat komitəsi tərəfindən nəzərə alınıb, erməni gənc proqramdan kənarlaşdırılıb. F.Muradov forum çərçivəsində yerli televiziyalara müsahibə verərək Avropa gənclərini sülhə və əməkdaşlığa çağırıb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dilə gətirib. Forumun sonunda Fərid Muradov maraqlı təşəbbüslərinə görə mükafatlandırılıb.
İctimai Birliyin nəzdində fəaliyyət göstərən Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənclər Klubunun koordinatoru Afət Məmmədova tədbir iştirakçılarına Azərbaycanın gənclər siyasəti və dövlətimizin diplomatik uğurları barədə geniş məlumat verib.
ŞAHANƏ