|
|
|
|
“MİLLİ ŞURA BİR-BİRİLƏRİNİ GÖZÜ GÖTÜRMƏYƏN, BİR-BİRİLƏRİNƏ NİFRƏT EDƏN İNSANLARIN YIĞINCAĞIDIR”
Milli Şuranın daxilində cərəyan edən hadisələrin kulminasiya nöqtəsində olduğunu söyləsək, heç də yanılmarıq. Artıq müxalifət cəbhəsində təmsil olunan şəxslər bir-birlərinə qarşı əməli-başlı hücuma keçiblər. Bütün bunlar isə siyasi ekspertlər tərəfindən müxalifətin növbəti birliyinin – Milli Şuranın süqutu kimi qiymətləndirilir.
Əgər müxalifət düşərgəsində təmsil olunan şəxslərin açıqlamalarına nəzər salsaq, vəziyyətin müxalifət adına həqiqətən də ürəkaçan olmadığını və bu qurumun uçurumun kənarında olduğunu görərik.
Bir neçə gün öncə Milli Şura barəsində Rauf Arifoğlunun sərt çıxışı əslində bir çox mətləblərdən xəbər verirdi.
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva da məsələ ilə bağlı sərt çıxış edib. O bildirib ki, bu müxalifətin hərəkətləri, etdikləri nadürüstlüklər, nankorluqlar, özlərindən başqa heç kimi görməmələri insanları diksindirib. Rəsul Quliyevlə Lalə Şövkətin Milli Şuradan uzaqlaşdırılmasının onlara qarşı edilmiş çox yaxşı hərəkət olacağını deyən Z.Dünyamalıyeva hazırki müxalifətin 20 ildir ki, heç nəyə nail ola bilmədiyini deyib: “Bu insanlar düşünmürlər ki, bu millət onlardan bezib. Onların adlarını nə görmək, nə eşitmək istəyirlər, onları bu cəmiyyətdən silib atmaq istəyirlər. Milli Şuranı indi İsa Qəmbər idarə edir, amma Milli Şuranın formalaşmasına elə İsa Qəmbər birinci mane olanlardandır. Onlar milli Şuranı dolaşığa salıb. Hesab edirəm ki, Milli Şurada Lalə xanımı əvəz edə biləcək adam yoxdur. Bu, yalnış fikirdir. Lalə xanım ordan gedirsə, şəxsiyyətinə uyğun da getsin. Kimsə onun adından bəhanələr uydurmasın. Lalə Şövkətin və Rəsul Quliyevin oradan getməsini məqbul sayıram. Lalə Şövkət kimi xanım siyasətçi lider hər millətə xas olmur. Rəsul Quliyev deyək ki, mühacirətdədir, sözləri budur ki, Rəsul Quliyev gələ bilmir. Lalə Şövkət Azərbaycandadır, kifayət qədər də potensialı var. Lalə Şövkətin partiyası zəif partiyadır. Amma Lalə Şövkətin özü elə bir şəxsiyyətdir ki, onun böyük partiya qədər potensialı var. Belə bir xanımı da bunlar nədəsə günahlandırıb, Milli Şuradan uzaqlaşdırmaq istəyirlərsə, adını demokratik qüvvə qoymuş insanların halına yazıq. İnsan nə qədər burnunun ucundan o tərəfi görməz. Nə qədər insan cılız olar, nə qədər həzm qabiliyyəti kiçik olar ki, özündən üstün nəyisə görəndə bu qədər təşvişə düşsün. Rəsul Quliyev üzv olduğum partiyanın lideri olduğu üçün əlaqələndirirlər ki, partiyanın lideridir deyə müdafiə edir. Amma haqq kənarda qalır. Rəsul Quliyev Azərbaycanda kifayət qədər tanınmış, Azərbaycan dövləti üçün kifayət qədər əmək sərf etmiş bir insandır. Bu gün adını demokratik qüvvə qoymuş Milli Şura belə bir gücdən istifadə etmək əvəzinə, özlərinin o kiçik beyinləri ilə ona maneəçilik edirsə, kölgə salmağı düşünürlərsə, şəxsi maraqlarına görə uzaqlaşdırmaq istəyirlərsə, yazıq onların halına”.
Z.Dünyamalıyeva açıqlamasında həmçinin avqustun 23-də Milli Şuranı tərk etdiyini bildirib.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şuranın tədricən İctimai Palata halına gələcəyini deyib. O, qeyd edib ki, artıq bu proses başlayıb və bir azdan Milli Şura yenidən İctimai Palatanın hüdudlarına qayıdacaq. İctimai Palatadakı partiyaların münasibətlərinin də o qədər normal olmadığını bildirən partiya sədri bundan sonra onlar arasında da münasibətlər kəskinləşəcəyini söyləyib. Ə.Əliyev, həmçinin Milli Şuranın namizədi Cəmil Həsənlinin də halına acıdığını deyib: “Gərək o, bu məsələyə razılıq verməyəydi, çünki bir ziyalı olaraq o daha hörmətli idi, nəinki Milli Şuranın namizədi kimi. Əgər o bizim rəqibimizə çevrilibsə, biz onun təmsil etdiyi siyasi qüvvənin hansı qiymətə layiq olduğunu bu seçki kampaniyasında cəmiyyətə çatdıracağıq. Mən təəssüf edirəm ki, onun ziyalı obrazına çox ciddi zərər gələcək”.
VİP sədrinin fikrincə, Milli Şuranın uzunömürlü tarixi ola bilməz. Onun sözlərinə görə, bu qurumdakı insanlar ora yalnız konkret bir məsələ ilə bağlı toplaşmışdılar: “Bu məsələdə isə Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək məqsədi güdülürdü. Lakin ilkin mərhələdə Rusiyanın dəstəyi onlara vəd edilsə də, sonrakı mərhələdə Rusiya onların arxasından qaçdı və vəsait ayırmadı. Və bu səbəbdən onların ixtilaf tarixi yenidən baş qaldırıb. Milli Şuradakı partiyalar bir-birləri ilə yola getmir, öz daxillərində bir-birlərinə dərin nifrət hissi yaşadırlar və ümumi maraq aradan qalxdıqdan sonra onların məişət, gündəlik və digər maraqları təşkilatın dağılmasına gətirib çıxaracaq”.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şurada Eldar Namazovun və digərlərinin nüfuzu heçə endiyini və bu qurumun yenə də iki partiyanın, AXCP ilə Müsavatın birliyinə çevrildiyini söyləyib: “Bu səbəbdən də Milli Şura ilə “EL”hərəkatı arasında narazılıq yaranıb. Milli Şura bir-birilərini gözü götürməyən, bir-birilərinə nifrət edən insanların yığıncağıdır. Onların bir yerə yığışmalarının bir məqsədi var idi və həmin məqsəd ondan ibarət idi ki, himayədarları birləşməyi tapşırmışdı. Bu insanlar da ona görə birləşmişdilər ki, Rüstəm İbrahimbəyov onlar üçün yaxşı namizəd idi. Yəni bilirdilər ki, Rüstəm İbrahimbəyov keçməyəcək və bunların özləri seçkilərdə iştirak edəcəklər. Amma məsələ burasındadır ki, himayədarlar yenə tələb etdilər ki, hər halda vahid namizəd ilə seçkiyə getməlisiniz. O zaman elə bir namizəd tapdılar ki, mən buna “aldanmış kəvakib” deyirəm və bunlar da bunu salıblar ortaya oynadırlar”.
AQİL



