Bakının azad edilməsinin 95-ci ildönümü TRT-nin bir çox kanalında hazırlanan proqram və xəbərlərlə ekranlara gələcək.
TRT 1918-ci ildə Türk və Azərbaycan əsgərlərinin birgə yazdığı qəhrəmanlıq dastanını Türkiyə başda olmaqla bütün dünyaya duyuracaq.
TRT Bakı Təmsiçiliyi Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bötövlüyünün təmin edilməsi və inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, rus və erməni işğalına qarşı azadlıq mübarizəsində fəal şəkildə iştirak etmiş, qəhrəman Osmanlı sərkərdəsi Nuru Paşanın rəhbərliyi ilə Bakını bolşevik və erməni daşnak zülmündən xilas edən Qafqaz İslam Ordusuna həsr etdiyi “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” adlı iki sənədli film hazırlayıb.
Filmlərdən birində 1918-ci lldə Nuru Paşa rəhbərliyində, Bakını azad etmək üçün gələn Türk əsgərlərin nəvələrinin öz babaları haqqında söylədikləri həqiqətlər yer alır.
Yüksel Değercanın 525.az-a verdiyi məlumata görə, Osmanlı ordusu cəbhənin on (10) istiqamətində vuruşmasına baxmayaraq, ən çətin anda belə Azərbaycanın müstəqilliyini düşünərək qardaş köməyinə gəlmiş və iki ölkə arasındakı dostluğun, qardaşlığın nəqədər vacib olduğunu bu əməli ilə bir daha sübut etmişdir. TRT Bakı Təmsiciliyi tərəfindən hazırlanan filmlər Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyi, Yunis Əmrə Mədəniyyət Mərkəzi və ADA (Azərbaycan Diplomatik Akademiyası) tərəfindən təşkil olunacaq konfransdan sonra sentyabr 20-də, saat 10.30- da Azərbaycanın kütləvi informasiya vasitələrinə və bəzi universitetlərin tələbələrinə təqdim olunacaq.
Sənədli filmərden biri bazar günü - sentyabrın 15-də, Bakı vaxtı ilə saat 16:30-da TRT “AVAZ” və TRT “Haber” kanalında yayımlanacaq.
Digər sənədli film isə sentyabrın 17-də, Bakı vaxtı ilə saat 12.45 “Qafqazlardan Əsən Yellər” programında yayımlanacaq.