|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) YARAT Müasir incəsənət məkanının təşkilatçılığı ilə “İnsan: Özünü dərk et” özünüinkişaf proqramı çərçivəsində məşhur Amerika alimi, ekspert Emiliana R. Simon-Tomas xoşbəxtlik haqqında mühazirə keçib.
Həyatının böyük hissəsini xoşbəxtliklə bağlı faktların öyrənilməsinə həsr edən amerikalı alim, məruzəsində xoşbəxt olmağın sirlərini açıqlayıb. Alim xoşbəxtliyi hiss etməyi, onu ətrafdakı insanlarla bölüşməyi bir elm adlandıraraq, bu elmə yiyələnməyin mümkünlüyünü bildirib. Dr. Emiliana R. Simon-Tomas uzun müddət xoşbəxtlik fenomenini araşdırdığına diqqət çəkərək, düşündüklərini daha yaxşı anlayan və hazırda nə etdiklərinə daima diqqət yetirən insanların gündəlik həyatlarında xoşbəxtliyi daha tez-tez hiss etdiklərini bildirib.
Qeyd edək ki, Dr.Emiliana R.Simon-Tomas aprelin 5 və 6-da UNEC-də “Xoşbəxtlik elmi” mövzusunda ödənişsiz təlimlər keçəcək. Təlimlərdə xoşbəxtliyin idarə olunması, bu bacarığı şüurlu şəkildə yüksəltmək və özündə inkişaf etdirməyin üsulları haqqında məlumat veriləcək. Eyni zamanda şəxsi xoşbəxtliyi artırmaq üçün müxtəlif strategiyalardan istifadə etmək, streslərə qarşı psixi davamiyyəti qiymətləndirmək və inkişaf etdirmək, o cümlədən şəxsiyyətlərarası münasibətlər qurmağın yolları açıqlanacaq.
S.QARAYEVA