https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər

Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər

12 avqust 2008-ci il. Çinin paytaxtı Pekində Yay Olimpiya Oyunları yenicə başlayıb. Azərbaycan nümayəndə heyəti yarış məkanında yunan-Roma güləşçimiz Rövşən Bayramovun Ermənistan təmsilçisi Roman Amoyanla yarımfinal görüşünü izləyir. Bayramov Amoyana aman vermir. Rəqibini bir neçə dəfə döşəyə çırpan pəhləvanımızın inamlı qələbəsinə bütün tamaşaçılar sevinirlər. Təkcə Ermənistan prezidenti Serj Sərkisyan məyusdur. O, özündən yuxarı sırada möhtəşəm qələbəni alqışlayan nümayəndə heyətimiz qarşısında nə edəcəyini bilmir. Nəhayət, vəziyyətdən çıxış yolunu tapır. Ayağa qalxaraq, Azərbaycan prezidenti İlham Əliyevi təbrik edir. Az sonra himn səslənir, Azərbaycan bayrağı Ermənistan bayrağından yuxarıda göyə ucalır.

Bu, təkcə ən yüngül çəkili pəhləvanımızın deyil, Azərbaycan idmanı və Olimpiya Hərəkatının ən nəhəng dövlətlərdən birində ucaltdığı bayraq idi. Həmin səhnə öz gücsüzlüyünü etiraf edəcək qədər aciz olan Ermənistan üzərində daha möhtəşəm qələbənin tezliklə əldə ediləcəyinin təzahürü idi. O qələbə “Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir” deyən Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri olmasından sonra ölkəmizin dünya miqyasında qazandığı çoxsaylı uğurlardan biri idi.

 

Tarixə baxış

 

Ümumiyyətlə, Azərbaycanda Olimpiya Hərəkatı tarixini 3 şərti dövrə bölmək olar: İdmançılarımızın SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarına qatılaraq, 1952 – 1988-ci illəri əhatə edən dövr, 1988 –1992-ci illərdə Oyunlara hazırlıq mərhələsini başa vuraraq, Müstəqil Dövlətlər Birliyi (MDB) yığmasının tərkibində iştirak etdiyi dövr və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu 1992-ci ildən sonrakı dövr. İdmançılarımız SSRİ yığma komandasının tərkibində Yay Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanıblar. Sərbəst güləşçi Rəşid Məmmədbəyovun 1952-ci il Helsinki olimpiadasında qazandığı gümüş medal ilk Olimpiya uğurumuz kimi qiymətləndirilə bilər. Sonrakı olimpiadalarda sprinter Yuri Konovalov, müasir beşnövçü Viktor Mineyev, voleybolçu İnna Rıskal, həndbolçular Rəfiqə Şabanova və Lyudmila Şubina, qılıncoynadan İlqar Məmmədov, futbolçu İqor Ponomaryov və başqalarının uğurlu çıxışları Azərbaycan idmanının nüfuzunu artırıb. 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında MDB yığmasında cəmi 5 azərbaycanlı idmançı olsa da, onlardan 2-si – cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belenki olimpiya çempionu adına layiq görülüblər. Həmin il MOK-un yaradılması və onun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında yeni dövr başlayır.

Uğurlu yol 

MOK-un vitse-prezidenti, sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayev deyir ki, qurumun fəaliyyətə başladığı ilk illərdə Azərbaycanda Olimpiya Hərəkatından danışmağa dəyməzdi. Həm yeni yaradılmış ictimai orqan, həm də qarşısında böyük vəzifələrin durduğu idman təşkilatı kimi... “Həmin illərdə ölkəmizdə müharibə gedirdi. Heç bir bazadan, heç bir idman növündən, heç bir idman təşkilatından söhbət etmək mümkün deyildi. Bunu o dövrün bütün idman mütəxəssisləri də təsdiqləyə bilərlər. Hesab edirəm ki, o vaxtlar Olimpiya Hərəkatı işlək yox, kağız üzərində fəaliyyət göstərən hərəkat idi. Düzdür, 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında cüdoçumuz Nazim Hüseynov və idman gimnastımız Valeri Belenki MDB bayrağı altında qızıl medal qazandılar. Buna baxmayaraq, həmin illərin Olimpiya Hərəkatından söhbət etmək mənim üçün çox çətindir. Çünki hazırda idmançılara verilən təqaüdlər, onların mənzil-məişət problemlərinin həlli, fəxri adların verilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması üçün müəyyən işlərin görülməsi, bir sözlə, diqqət və qayğı o illərdə yox dərəcəsində idi”.

Azərbaycanda Olimpiya və idman Hərəkatının genişlənməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyevdir. Ölkəmizin sabiq prezidenti 1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı rəhbəri Xuan Antonio Samarançı qəbul edərək, Azərbaycan Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparır. Bu görüşdən bir neçə ay sonra Gənclər və İdman Nazirliyi yaradılır. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatına müstəqil dövlət kimi qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə edir. İlk dəfə 1996-cı il Atlanta olimpiadasında 23 nəfərdən ibarət milli Olimpiya komandamız müstəqil Azərbaycanın üçrəngli bayrağı altında çıxış edir. 197 ölkənin iştirak etdiyi Oyunlarda gənc dövlətin 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst güləşçimiz Namiq Abdullayevin qazandığı gümüş medal isə müstəqil Azərbaycan idmanının ilk yüksək nəticəsi kimi qiymətlidir. Həmin vaxt prezident Heydər Əliyev bu medalı qızıla bərabər sayır, pəhləvanımızı gələcək uğurlara ruhlandırır.

1997-ci il iyulun 31-də isə Azərbaycanın Olimpiya Hərəkatında mühüm hadisə baş verir. MOK-un Baş Məclisində təşkilati məsələlərə baxılaraq, yeni heyətin seçilməsinə qərar verilir. Komitənin prezidenti vəzifəsinə hazırkı dövlət başçısı İlham Əliyev seçilir. Bu proseslərdə fəal iştirak edən X.İsayev xatırlayır: “İlham Əliyev 1997-ci ildə Dövlət Neft Şirkətinin I vitse-prezidenti, millət vəkili kimi fəaliyyət göstərirdi, gərgin iş qrafiki var idi. Bununla belə, idman mütəxəssisləri, məşhur idmançılar ölkəmizdə idmanın daha da geniş inkişaf etdirilməsi məqsədilə yekdilliklə qərara aldılar ki, İ.Əliyev MOK-a başçılıq etsin. O dövrdə mən bu hərəkatın içində olan bir şəxs kimi proseslərin hamısını yaxından izləmişdim və həmin müraciətlərə mən də imza atmışdım. Razılığını aldıqdan sonra onu MOK-un prezidenti seçdik. Bu gün biz fəxrlə deyə bilərik ki, MOK-a Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir”.

Bu dəyişiklik ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan verir və onun Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmasını təmin edir. MOK Olimpiya Hərəkatı və idmanın inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddətdə uğurlu göstəricilər əldə edir. Atlantada Namiq Abdullayev gümüş medal qazanmışdısa, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında ölkəmiz 2 qızıl, 1 bürünc, 2004-cü il Afina olimpiadasında 1 qızıl, 4 bürünc, 2008-ci ildə Pekində 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanır. 2012-ci il London Yay Olimpiya Oyunlarında isə idmançılarımız nailiyyətlərini daha da yüksəldərək, 2 qızıl, 2 gümüş, 6 bürünc medal əldə edirlər. 4 Yay Olimpiya Oyunlarında üst-üstə 6 idmançı – sərbəst güləşçilər Namiq Abdullayev (2000), Toğrul Əsgərov, Şərif Şərifov (hər ikisi 2012), stend atıcısı Zemfira Meftahəddinova (2000), yunan-Roma güləşçisi Fərid Mansurov (2004) və cüdoçu Elnur Məmmədli (2008) qızıl medala sahib olur.

 

21 yaşlı Olimpiya Hərəkatı 

Bunların hamısı uzun müddətdir görülən işlərin təməlinin möhkəmliyindən, düzgün aparılmasından və tam həyata keçməsindən irəli gəlir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun sözlərinə görə, tarix baxımından Olimpiya Hərəkatı üçün 21 il böyük müddət deyil. Amma əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycanın Olimpiya Hərəkatında yetərincə uğur mövcuddur: “İlham Əliyev MOK prezidenti seçildikdən sonra hər bir Olimpiya dövründə uğurlarımız medal, təmsil olunduğumuz idman növləri, hakimlərin sayı və ümumi komanda hesabındakı yerin artımında özünü göstərir. Olimpiadaya lisenziya qazandığımız növlərin coğrafiyası da genişlənir. Ənənəvi növlərlə yanaşı, yeni növlərdə də uğurlarımız mövcuddur. İdmançılarımız Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, Avropa Gənclərinin Olimpiya Festivalında, İslam Həmrəyliyi Oyunlarında, Ümumdünya Yay Universiadasında, Avropa və dünya çempionatlarında yetərincə medal əldə edib. Ölkəmizdə də xeyli sayda nüfuzlu beynəlxalq yarış təşkil olunub”.

 

Prezident İlham Əliyevin Pyer de Kubertenlə müqayisəsi

İdmanın maddi-texniki bazası da mühüm əhəmiyyət kəsb edir. Bu gün elə bir bölgəmiz qalmayıb ki, orada Olimpiya Kompleksi istifadəyə verilməsin. Artıq ölkəmizdə irimiqyaslı, böyük tutumu olan idman qurğuları da tikilməkdədir. Hazırda Bakıda 65 minədək tamaşaçı tutumuna malik Olimpiya Stadionu, 5000 nəfərlik Gimnastika Kompleksi, Boks Zalı, Cüdo Mərkəzi, Hovuz Kompleksi tikilir. Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Bakı İdman Kompleksi, Tofiq Bəhramov adına Respublika stadionunu yenidən qurulub. Onlar 12 – 28 iyun 2015-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq Avropa Oyunları və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları üçün hazırlanırlar.

R.Abbasov I Avropa Oyunlarının təşkilinə Prezident İ. Əliyevin verdiyi dəstəyi müasir Olimpiya Oyunlarının yaradıcısı Pyer de Kubertenin xidmətləri ilə müqayisə edir: “Əgər Olimpiya Oyunlarının yaradıcısı Pyer de Kuberten öz adını Olimpiya Hərəkatı tarixinə yazdırıbsa, İlham Əliyev I Avropa Oyunlarının təşkilinə qitədə hamıdan əvvəl verdiyi dövlət dəstəyi ilə beynəlxalq Olimpiya fəlsəfəsinə və ideyalarına sadiq insan olduğunu təsdiqləyib. Digər tərəfdən, İslam Həmrəyliyi Oyunlarının sayca 4-cüsünün məhz Azərbaycanda keçirilməsi bu hərəkatın daha da genişləndirilməsinin əyani sübutudur”.

 

İdman və Olimpiya Hərəkatı perspektivləri

I Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək. Azərbaycana təşkilatçı ölkə kimi bu növlərin hamısında təmsil olunmaq imkanı yaradılacaq. Ona görə də ölkəmizdə təkcə ənənəvi növlərin deyil, digər növlərin də inkişafı vacibdir. R.Abbasov deyir: “Bu gün ənənəvi növlər siyahısında cüdo, boks və güləşi xüsusi qeyd edə bilərik. Eyni zamanda, yeni idman növləri üzrə idmançı və mütəxəssislər cəlb olunurlar. Bunlar ənənəsi olmayan, amma qısa müddətdə populyarlıq qazanan, ənənəsi olub bu və ya digər səbəbdən müəyyən müddət zəifləmiş, hətta unudulmuş növlərdir. Olimpiya proqramına yeni salınan və salınmağa namizəd növlər də diqqət mərkəzindədir”.

X.İsayev isə hər bir sahədə olduğu kimi, idmanda da dövlət proqramının mövcudluğunu xatırladaraq, gələcəkdə daha böyük uğurların əldə olunması üçün möhkəm təməlin qoyulduğunu bildirir: “2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil ediləcəyinə dair qərarlar gələcək perspektivlərdən xəbər verir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da idmançılarımızdan yüksək nəticələr gözləyirik. Hazırda qarşımızda duran ən başlıca məqsəd 2 böyük tədbiri ən yüksək səviyyədə keçirməkdən ibarətdir. Buna nail olsaq, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyimizin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qiymətləndirilməsi göz qabağında olacaq”.

Elşən MƏMMƏDOV
Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.