AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli Almaniyada keçirilən beynəlxalq konfransda iştirak edib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Pərvanə Məmmədli 2-5 may tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən III Beynəlxalq Sosial və Bəşəri Elmlər konfransında iştirak edib.
Müxtəlif ölkələrdən 124 elm adamının qatıldığı konfransda P.Məmmədlinin “Postkolonial ədəbiyyatın layiqli təmsilçisi” adlı çıxışı böyük maraq doğurub.
Məruzəçi Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı ümumi məlumat verib, mövzu ilə bağlı verilən sualları cavablandırıb.
Bu da danılmaz faktdır ki, Almaniyada yaşayan soydaşlarımızın arasında cənubdan olan azərbaycanlılar çoxluq təşkil edir.
P.Məmmədli Almaniyada yaşayan diaspor fəalları ilə də görüşüb, radioya müsahibə verib.
Tədqiqatçı Cənubi Azərbaycanın ədəbiyyatı və mətbuatının ciddi araşdırıçısı kimi tanındığından Berlindəki “İşıq yol – Azərbaycan Kültür və Ədəbiyyat” dərnəyində keçirilən dəyirmi masada bəhs olunan mövzuda geniş məruzə edib.
Tanınmış güneyli fəal və şair, Şərifə Cəfərinin başçılığı ilə keçirilən konfransda məşhur soydaşlarımız klassik ədəbiyyatımızın tanınmış araşdırıcısı Məhəmmədəli Hüseyni, şair, nasir və tərcüməçi Əziz Səlami bir çox sənət ustaları, eləcə də qardaş Türkiyənin ədəbiyyat və siyasət adamları da qatılıblar.