|
|
|
|

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə hesab edir ki, bu gün toylarda kəbin kəsilən zaman oxunan nikah mətni dini inamımızı və milli mentalitetimizi əks etdirmir. Buna görə də o yeni nikah mətni hazırlayıb. Bu məqsədlə Nizaməddin Şəmsizadə ədliyyə naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb. Məktubun mətnini oxuculara təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA AÇIQ MƏKTUB
Hörmətli cənab nazir!
Bu gün Azərbaycan öz tarixinin şərəfli bir dövrünü yaşayır. Misli görünməmiş vüsətli iqtisadi inkişafımızın, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, xalqa doğru inamlı gedişi, demokratiya və insan azadlıqları, elmin, mədəniyyətin sivil tərəqqisi, milli mentalitetimizin qorunması - bütün bunları ehtiva edən azərbaycançılıq məfkurəsinin dünya azərbaycanlılarını bir araya gətirməsi hər bir vətəndaşda üvli rəğbət doğurur.
Mən dörd övlad atasıyam, üç qız toyu etmişəm, dördüncü övladım - yeganə oğlum Fəridi evləndirməyə hazırlaşıram. 1990-cı ildə ilk övladımın toyundan bu günə qədər toylarda nikah zamanı oxunan mətni dinləmişəm. Mövcud nikah mətni bizim nə müstəqil dövlətimizi, nə dini inamımızı, nə də türkəsilli xalq kimi milli mentalitetimizi əks etdirmir.
Bir vətəndaş ziyalı, filoloq alim kimi özümə borc bildim ki, dövlətimizə, millətimizə, dini mənəviyyatımıza, bugünkü inkişafımıza layiq bir nikah (kəbin) mətni yazım. Həmin mətni Sizə və xalqımıza təqdim edir, əgər bəyənilərsə, insan ömrünün ən xoşbəxt günü istifadə olunmasını təmin etmənizi xahiş edirəm.
NİKAH MƏTNİ
Qədim türk dövləti - müstəqil Azərbaycan tarixinin bu şərəfli günündə siz müqəddəs qanunlarımız əsasında Allahın əmri, Peyğəmbərimizin şəriəti, qəlbinizin məhəbbəti, dostların və qohumların şəhadəti ilə nikaha daxil olursunuz.
Müqəddəs Qurana and için ki, həyatın ən çətin anlarında bir-birimizi qoruyacaq, ilahi sevginin əbədi həzzini əsirgəməyəcək, tariximizi unutmayacaq, zəkanızın və qəlbinizin bütün enerjisi ilə xoşbəxt həyat quracaq, gələcəyimizi yaratmaq üçün dünyaya gətirdiyiniz övladları azərbaycançılıq ruhunda tərbiyə edəcək, ana qucağından, ata ocağından aldığımız odu gələcək nəsillərə çatdıracaqsınız.
And içirik!
Tanrı hökmü, dinimizin hikməti, müstəqil Azərbaycan dövlətinin qanunu ilə sizi ər və arvad elan edirəm.
Xoşbəxt olun!
Dərin hörmətlə: Nizaməddin ŞƏMSİZADƏ
Azərbaycan Respublikasının
Dövlət mükafatı laureatı,
filologiya elmləri doktoru, professor



