
Günəbaxanlar baxanda
Günəş yataqdan qalxanda,
Gözünü açır, diksinir.
Mənim balaca bağçamda
Sırayla görür əksini.
Günəbaxanlar gülümsər,
Ana Günəşin qızları.
Günün günorta çağında
Süd qoxuyar ağızları.
Şəfəqsaçaq gözəllərin
Hüsnünə arı daraşır.
Günəbaxanlar adamla
Günəş dilində danışır.
Günəbaxanlar göz vurur,
Günəbaxanlar qımışır.
Günəbaxanlar baxanda
Ən kədərli adamın da
əriyir alın qırışı...
Alnı qırışlı adamlar
Quçlar kimi dən axtarır,
Yer üzünə dağılır hey.
Ümmanlarda boğulur hey,
Çadırlarda doğulur hey
Başları daşlı adamlar.
Yalavaclar ehtiyacın
Kor səddini qıra bilmir.
Aclıq qılıncı altında
Başını qaldıra bilmir
Ağıllı-başlı adamlar.
İşartılı bəbəyində
Bir az güman...
Bir az ümid...
Sıralanıb durna kimi
Qatar-qatar, bulud-bulud
Gözü yağışlı adamlar.
Beli bükülmüş qarılar
Yolların üstündə bitib.
Bəs cavanlar harda batıb?
Bəs cavanlar harda itib?
Tənhadır yaşlı adamlar.
Baş götürüb ev-eşikdən,
Bilmir üz tutsun hayana.
Bir parça çörək dalınca,
Çıxır, qoşulur karvana
Alnı qırışlı adamlar...
Bir dəfədir Yerə eniş
Ələ düşməz bu pərvəriş,
Sür atını hər tərəfə.
Bir d əfədir Yerə eniş,
Yaşamaq haqqı - bir dəfə.
Bir dəfə olur vurulmaq,
Bircə dəfə sevmək xoşdur.
Sonrakılar ömrə yamaq,
Baş qatmaqdır - aldanışdır.
Əsl döyüş ilk döyüşdü,
Kəfən yırtırsan bir dəfə.
Bir də gördün, işdi düşdü,
Yıxılır insan bir dəfə.
Bir dəfə... başa çatır iş,
Hə, çətin iş bir dəfədir.
Bir dəfədir Yerə eniş...
Yerdən uçuş bir dəfədir...
Qaya ömrü
Köksümü tufan talayır
Dalğa-dalğa, sətir-sətir.
Didir, yalayır, dalayır,
Daha qaya ömrüm bitir.
Hey dalğadır, enir, qalxır,
Şırım-şırım olub yaxam.
Bir gün baxıb deyəcəklər:
Burda qaya vardı, axı...
Dalğa yıxıb...
Dəniz udub...
Çıxıb yenə...
Sol qolumun ağrısı
Neçə dəfə yıxılmışam,
Mən eldə rüsvay adamam.
Mən solaxay doğulmuşam,
Yaman solaxay adamam.
Hamı sağını gözləyir,
Mən solumu gözləmişəm.
Sağdan gələn ağrıları
Sol döşümdə gizləmişəm.
Hər işin ağırlığını
Sol qolum üstə tökürəm.
Hamı sağa at çapanda
Yüyəni sola çəkirəm.
Sol çiynimin üstə düşür
Ömür yolumun ağrısı.
Ömrün göynək ağrısıdır,
Bəlkə ürək ağrısıdır
Bu sol qolumun ağrısı...
Həkimə vermə yaxamı
Qızım, dil töküb, üz vurma,
Bilirəm əziz-doğmanam.
Məni həkimə aparma,
Mən özüm böyük loğmanam.
Həkim getsin ithürənə,
Mənim əlacım belədə...
Mən sızıltı ötürənəm,
Hər cür ağrıya bələdəm.
Qorxum yoxdur öləm, qalam,
Bütün dərdlərin dəvası
İkicə şeydir, ay balam,
İkicə şeydir: hava... su...
Sağ olsun həkim hər kimdir,
Gəlir İrandan, Turandan,
Ölkədə dəstə-dəstədir.
İndi xəstələr həkimdir,
Həkimlər ağır xəstədir.
Oğul dərdi - bağlı yaram,
Hər gecə qatır yuxumu.
Özüm açıb bağlayaram,
Həkimə vermə yaxamı.
Qarşıdan gələn səhərə
Uzanan gecə körpüdür.
Hərdən oğlumu görməyə
Yuxu gözəlcə körpüdür.
İndi yaşamaq belədir
Hara baxsan, göydələndir,
Düş aşağı, çıx yuxarı.
Hamı keyfi köndələndir,
Karvandır insan axarı.
Bu gələndir, o gedəndir,
Hərə bir oyun çıxarır...
Gündə keyf-damaq belədir...
Adam yol gedir, danışır,
Əlində təmas-telefon.
Yolüstü gülür, qımışır,
Sevgi, ehtiras-telefon.
Hayana desən, dırmaşır
Bu sovxa, miras telefon...
Qoy getsin...
Burax... belədir...
Kim istəsə zurna çalır,
Ortaya düşür adamlar,
Uçan quşlar lələk salır,
Baxır, irişir adamlar.
Ağlımı başımdan alır,
yaman dəyişir adamlar...
Fırlanır a...
Çarx belədir...
Xəyallarım... Arzularım...
Xəyallarım şirin dadır,
Hər gecə xəyal eşirəm.
Arzularım dam boydadır,
Uzun nərdivan qoymuşam,
Hər gün çıxıram, düşürəm...
Haçansa
Buludlar içində üzür...
Süzür...Özünə xoş gəlir...
Bugecəki Ayın üzü
Mənə yaman tanış gəlir.
Gah gizlənir, gah nazlanır,
İstəyir ardınca düşəm.
Üzündə öpüş yeri var,
Onu haçansa öpmüşəm...
Əbədi savaş
Söz mərdlərin, ərənlərin
Əlində məşəl-çıraqdı.
Sözü haqdan gələnlərin
Haqsızlıqla tutmur baxtı.
Doğanda təzə fikirlər
Köhnə zəlilər qan sorur.
Hələ də dara çəkirlər
Haqq deyən Həllac Mənsuru.
Günəşdə ləkə görürlər,
Aya şapalaq vururlar.
Divarı əyri hörürlər,
Üstünə yamaq vururlar.
Haqqın əli havadadır,
Şərin ayağı yer tutur.
Adəm gələndən davadır,
Gah Şər, gah da Xeyir udur.
Savaş əbədi savaşdır,
Dünya budur...
Həyat budur...
Həmişə dava-dalaşdır,
Bitməyən əhvalat budur...
Telefonqulaq
Nə hörmət qanırdı, nə ar, nə vicdan,
Palaz qulağında təmas-telefon.
Kəndin bu başından o başınacan
Tələyə salırdı bizi bir ucdan,
Satırdı doğmaca qardaşınacan.
Bir gün yəhərlədik kəhər atları,
Uzunqulaqları çulladıq axır.
Şükür İlahiyə, kənd rahatlanır,
Şeytanı "kurorta" yolladıq axır.
Şaqqanaq çəkəndə göy gurlayardı,
İndi başlamışdı "qul" ağamağa.
Belə də olurmuş...
Bir işə bax a...
Polisin telefonqulaq dostunu
Üç polis gəlmişdi "qulaqlamağa".
... Güldü evlərimiz-eşiklərimiz,
Bəyaz bir bulud da yağış çilədi.
Yenə qanqal otlar eşşəklərimiz,
Yenə atlarımız kişnər... belədir...
Bizim bapbalaca dağdöşü kənddə
Belədir... Allahım, işlər belədir...
Dərd bazarı
Bir ilğım içinə düşdüm,
Yuxumda gördüm bazarı.
Əlimdə zənbil yetişdim,
Bu bazar dərdin bazarı.
Darvaza açıqdır yay-qış,
Üstünə qar-yağış yağır.
Bir yanda çal-çağır, alqış,
Bir yanında qarğış yağır.
Miyançı dərdli ananın
Dərdini evə dəyişir.
Döyüşdən qayıtmayanın
Dərdini nəvə dəyişir.
Ata oğul itkisini
Bir alqışa dəyişirdi.
Dili də topuq çalırdı,
Çaşa-çaşa dəyişirdi.
Gülləni, qurşunu qoyub,
Dərd verib, maşın alan var.
Bir evin dərdini qıyıb,
Bir qəbir daşı alan var.
- Ay dərd alan! - deyir birir,
Səsi hamını bezdirir.
Gedir o başa-bu başa,
Ətəyində dərd gəzdirir.
Birisi bu vaxta kimi
İçinə calayıb dərdi.
Sinəsi piştaxta kimi,
Üstünə qalayıb dərdi.
Biri gördü dərd əhliyəm,
Getdi, qayıtdı üstümə.
Axırda nə ki dərdi var
Havayı atdı üstümə.
Heç bilmirəm necə oldu,
İtirdim yolu...
Ayıldım...
Zənbilim bazarda qaldı...
Ürəyim dolu...
Ayıldım...
AĞASƏFA



