əməkdar müəllim
Mübarək
Bayramın mübarək, Natəvan xanım!
Hər yaşda həm müdrik, həm cavan xanım!
Doğuldun, böyüdün Daş Salahlıda,
Varmış qismətində şərəf, şan, xanım!
Deyirlər Natəvan Dəmirçioğlu
Uşaqla uşaqdı, böyüklə ulu.
Bəzən yuxularda görür-özünü,
Qazağdan Bakıya gətirən yolu.
Maarif ocağın - Universitet,
Əqidə çırağın - təmiz dəsti-xətt.
Dünya vətəndaşı olmaqdan ötrü
Sən yenə gəncliyə millilik örrət!
Efirdən aləmə yayılır səsin,
Güney Azərbaycan eşidir bizi.
Eşidir Türkiyə, İraq, Misir, Çin...
Cahan tanıyacaq kimliyimizi!
Fəsillər arxada, fəsillər öndə:
Sağalmır işğalın vurduğu yara...
Danış rus, ingilis, fars dillərində,
De ki, haqsızlığı qoyun kənara!
"Yetim" - atasızlıq haqqında dastan,
Oxuyub kövrələr daş qəlbli insan.
Oxuyub, anladım başqa toplunu
Nə üçün "Üç nöqtə" adlandırıbsan.
Natəvan adına salonda o gün
Nitqini bəyənib məşhur yazarlar;
Çünki kəlamlarla doluydu köksün,
(Mənalı söhbətə qulaq asarlar).
Deyirlər yox şərti, yox təmənnası,
Saflıq, xeyirxahlıq soykök irsidir;
Nuranın, Nurlanın alim anası
Hamının əzizi, sevimlisidir.
Bərk narahat idi Hüseyn qağa:
-Ailə yükünü Şahdağa tən bil!
Dünən tələsirdim çörək almağa,
Çıxdın "Favorit"dən əlində zənbil.
Ölkə, el istəyir təzə söz, əsər,
Gedirsən zirvədən-zirvəyə doğru:
Əsrin sonunda da söyləyəcəklər:
"Yaşasın Natəvan Dəmirçioğlu!"