Azərbaycan bəstəkarlarının bayraqdarı Üzeyir Hacıbəylinin ev-muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Ev-muzeyini hər il minlərlə insan ziyarət edir. Bu illər ərzində muzeyin şöhrəti tək Azərbaycanda deyil, eləcə də ölkəmizin hüdudlarından kənarda geniş yayılıb. Buraya, demək olar ki, dünyanın hər yerindən qonaqlar gəlir. Muzeyin rəy kitabına 40-dan artıq dünya xalqlarının dilində yazılmış hərarətli ürək sözləri bu deyilənlərə əyani sübutdur. Musiqisevərlər bəstəkarın ev-muzeyini məbəd adlandırırlar. Bu gün biz dahi bəstəkarın ev-muzeyini yalnız eksponatların qorunub saxlandığı yer deyil, elmi-tədqiqat müəssisəsi, maarifçilik məktəbi adlandırsaq, yanılmarıq. Yüzlərlə gənc alim, tələbə, Üzeyir bəyin irsinin tədqiqatçıları buraya gələrək muzeyin zəngin fondundan, kitabxanasından, fonotekasından, videodisklərindən istifadə edirlər.
Muzeydə vaxtaşırı müxtəlif mövzularda tədbirlər keçirilir, tematik sərgilər təşkil edilir. Burada təkcə Üzeyir Hacıbəylinin deyil, eləcə də digər görkəmli musiqi xadimlərinin yubileyləri, xatirə günləri, müasir yazıçıların, alimlərin kitablarının, traktatlarının təqdimat mərasimləri keçirilir. Bütün bu tədbirlər videolentə alınır, fotoşəkillərdə əbədiləşir və həmin materiallar da muzey fonduna təhvil verilərək fondun daha da zənginləşməsinə səbəb olur.
Muzeyə gələn qonaqlar ekspozisiya zalları ilə tanış olarkən, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında mühazirələri dinləyərkən onları bəstəkarın ölməz musiqisinin həzin sədaları müşayiət edir. Ekspozisiya otaqlarının alt qatında konsert və kino zalları yerləşir. Konsert zalında mütəmadi olaraq Bakı musiqi, incəsənət məktəbi şagirdlərinin hesabat konsertləri təşkil edilir. Bu konsertlərin proqramı Üzeyir Hacıbəyli və onun tələbələri olmuş bəstəkarların əsərləri əsasında tərtib edilir. Konsert zalında, eləcə də vaxtaşırı muzeyin tədbirlərinə dəvət olunmuş professional musiqiçilərin, vokalçıların ifaları dinlənilir. Kino zalında isə qonaqlar “Azərbaycanfilm”kinostudiyasında müxtəlif illərdə çəkilmiş, böyük bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş sənədli filmlərə və onun əsərləri əsasında lentə alınmış filmlərə tamaşa edirlər. Qeyd edək ki, bütün bu filmlər yeni videokasetlərə köçürülərək müasir kinoproyektorlar vasitəsilə nümayiş olunur.
Vaxtaşırı müxtəlif radio, televiziya kanallarının əməkdaşları, qəzet, jurnal müxbirləri muzeyə gələrək buradan maraqlı verilişlər, mətbuat materialları hazırlayırlar. Muzey, demək olar ki, tez-tez çəkiliş meydançasına çevrilir. Bakı kinostudiyalarının əməkdaşları müvafiq bədii və sənədli filmlərin çəkilişi üçün muzeyə müraciət edirlər. Bütün bu işlərdə muzey əməkdaşları onlara yaxından kömək edir, çəkilişlərin uğurlu alınması üçün əlverişli şərait yaradırlar.
Muzeyin elmi işçiləri isə arxivlərə, kitabxanalara, əlyazmalar fonduna, müxtəlif muzeylərə gedərək Hacıbəylilər irsinin arşdırılması işini davam etdirir və əldə olunan yeni materiallar, informasiyalar barədə dövri mətbuatda maraqlı yazılarla çıxış edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, muzeyin fondu daim müvafiq qəzet, jurnal materialları, yeni kitablar, əşyalar, əlyazmalar, müxtəlif sənədlər , afişalar, proqramlar, audio, videolentlərlə zənginləşir.
Son zamanlar da fondumuza yeni materiallar daxil edilib. Bildiyimiz kimi, bu il oktyabr ayının 25-də Üzeyir Hacıbəylinin “Arşın mal alan”operettasının 100 yaşı tamam oldu. Bu münasibətlə muzeyimizdə əsərin 100 illik səhnə həyatını əks etdirən geniş sərgi tərtib edildi. Bu ölməz əsərə həsr olunmuş “Əsrləri fəth edən “Arşın malçı”adlı konfrans keçirildi. Oktyabrın 25-də isə muzeydəki tədbirə dəvət olunmuş qonaqlar çıxışçıları dinlədikdən sonra Musiqili Teatrın aktyorlarının ifasında bu bənzərsiz operettadan fraqmentlərə tamaşa etdilər, ariyalar dinlədilər.
Yubiley ərəfəsində bu əsər dünyanın bir çox səhnəsində – Simferopolda, Novosibirskdə, Qazaxıstanda, Türkiyədə, Astanada, Fransada, Los-Ancelesdə, Belorusda, elə Azərbaycanımızın özündə böyük uğurla tamaşaya qoyuldu. Bu gün həmin ölkələrdə tamaşaya qoyulmuş “Arşın mal alan”ın afişaları, bukletləri, bannerləri, proqramları muzeymizə daxil olmaqdadır. Belə ki, 7 sentyabr 2013-cü il tarixində Los-Ancelesin “Dorothy Chandler Pavilion” opera teatrında “Arşın mal alan”ın nümayişi zamanı teatr zalının giriş hissəsində divara vurulmuş irihəcmli banner və tamaşaçılara təqdim edilmiş Azərbaycan musiqisi və mədəniyyəti haqqında məlumatı özündə əks etdirən proqram nümunələri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyimizə təhvil verildi. Bu əşyaların içində irihəcmli banner xüsusilə diqqəti cəlb edir. Bannerin üzərində Azərbaycanın qədim sarayları, bu sarayların ornamentlərlə işlənmiş tavanları, divarları, vitrajları diqqəti çəkir.
Proqram-bukletlərdə isə əsərdə iştirak etmiş aktyorların adları, fotoşəkilləri ilə yanaşı Bakının qədim İçərişəhərinin qala divarları, Opera və Balet Teatrının fasadı və müasir Bakının digər görüntüləri öz əksini tapıb.
Bunlardan əlavə, muzeyə “Arşın mal alan”ın Fransada – Paris 17 sentyabr 2013-cü il tarixli tamaşasının proqram-bukletləri də daxil olub. Türkiyədən muzeyimizə gətirilmiş bukletdə isə “Arşın mal alan” operettasının həm Bakıdakı premyerasının (25 oktyabr 1913-cü il), həm Ankara şəhərindəki premyerasının tarixi (26 yanvar 1985-ci il ), həm də 27 oktyabr 2013-cü ildə Ankaradakı tamaşası haqqında yazı, müasir aktyorların, səhnələrin fotoşəkilləri ilə yanaşı keçmiş tamaşalardan da fotoşəkillər dərc edilib. Bu bukletdə hətta 1925-ci ildə Parisdə ilk dəfə tamaşaya qoyulmuş “Arşın mal alan”ın afişasına da rast gəlmək olar. Bukleti muzeyimizə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Türkiyə səhnəsində “Arşın mal alan”a quruluş vermiş Hafiz Quliyev təqdim edib.
Dünyanın dörd qitəsini gəzmiş bu misilsiz operetta bu gün də dünya ölkələrinin səhnələrini fəth etməkdədir. Qeyd etmək yerinə düşər ki, Belorusun paytaxtı Minskin Musiqili Teatrında bu əsər dörd ildir, repertuardan düşmür. Bir sözlə, əsər 100 il bundan öncə olduğu kimi bu gün də dünya şöhrətini qoruyub saxlamaqdadır. Onilliklər də keçəcək, 28 yaşlı gənc Üzeyir bəyin qələminin məhsulu olan “Arşın mal alan” heç zaman öz təravətini itirməyəcək, azərbaycanlıların, eləcə də dünya xalqlarının musiqisevərlərinin, sevib-sevilənlərinin qəlbini hər zaman riqqətə gətirəcək. Bu barədə fikirlərimizin yekunu kimi deyə bilərik ki, cari il musiqisevərlərin yaddaşına 100 yaşlı gənc “Arşın mal alan”ın dünya səyahəti ilə həkk olundu. Bu isə Üzeyir bəyin musiqisinin bəşəriyyət tarixində özünəməxsus yeri olduğunu bir daha sübut etdi.
Bunlardan əlavə, son aylar muzeyimizə bir çox kitablar, disklər də daxil olub. 1907-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində çıxan, Üzeyir Hacıbəylinin tərtib etdiyi “Russko-Tatarskiy i Tatarsko-Russkiy slovarğ” adlı lüğətdə XX əsrin əvvəllərində, həmin dövrün mətbuatında tez-tez istifadə edilən siyasi, hüquqi, iqtisadi, hərbi və digər sahələri əhatə edən 1150 söz və terminin tərcüməsi, onların bir çoxunun izahı verilib. 2013-cü ildə bu kitab filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva tərəfindən transfonoliterasiya edilərək nəşr olunub. Kitabın elmi məsləhətçisi və ön sözünün müəllifi filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov, elmi redaktoru filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, rəyçisi isə əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovdur. Eləcə də BMA-nın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənovanın 2012-ci ildə çapdan çıxmış “Azərbaycan musiqisinin məqamları”, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Zemfira Səfərovanın avtoqrafla muzeyimizə bağışladığı “Muzıkalğnaə nauka Azerbaydjana (XIII-XX veka)” adlı kitabı, akademik Nailə Vəlixanlının elmi redaktorluğu ilə 2010-cu ildə çap edilmiş “Azərbaycanın Paris sülh konfransındakı elçiləri” adlı kitab, Fərhad Bədəlbəyli ilə Tərlan Seyidovun tərtib etdikləri “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı” adlı proqram muzeyimizə son zamanlar daxil olmuş dəyərli hədiyyələrdir.
Noyabr ayının 23-də dünya şöhrətli bəstəkarın əbədiyyətə qovuşmasının 65-ci ildönümü tamam olur. Həmin gün ev-muzeyinin əməkdaşları onun məzarını ziyarət edərək, xatirəsini bir daha anacaqlar. Respublikamızın musiqi ictimaiyyəti isə onun ev-muzeyinə toplaşaraq, dühası ilə xarüqələr yaratmış bu insanın misilsiz musiqisini dinləyəcəklər. Fürsətdən yararlanaraq, həmin gün üçün musiqisevərləri bəstəkarın ev-muzeyinə, onun ecazkar musiqisindən bir daha zövq almağa dəvət edirik.
Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin Ev-muzeyinin Ekspozisiya şöbəsinin müdiri