|
|
|
|

HAYIF Kİ...
Bu baxış, de, nə baxışdı,
Payızda yağan yağışdı,
Ömrə vurulan naxışdı,
Hayıf ki, bir az gecikib.
Bu yağış ta ot bitirməz,
Şaxta vurub, gül yetirməz,
Qaranquş, bülbül gətirməz,
Hayıf ki, quşlar perikib.
Sənin ki, tək "eh"ə qalıb,
Yanaqların şehə qalıb,
Toxtamağın mehə qalib.
Hayif, o da əsib keçib.
UNUT MƏNİ...
Baxısların dalğın bulud,
Yanaqların yaşdı, qurut.
Hislərini ovut-uyut,
Unut məni...
Məni unut..
Köksündə qəm çağlasa da,
Kirpiyin nəm bağlasa da,
Qəlbin küsü saxlasa da,
Unut məni...
Məni unut...
Mənə gələn yolun bağlı,
Sağın uçrum, solun bağlı,
Əlin açıq, qolun bağlı,
Unut məni...
Məni unut...
Qucaqlayıb dizlərini ,
Göyə dikmə gözlərini,
Eşit şair sözlərini,
Unut məni.
Məni unut...
MƏN HƏLƏ BU BOYDA DƏRD GÖRMƏMİŞDİM
Anam Zəhranın xatirəsinə
O günü göylərdən kədər yağırdı,
Taleyi bu qədər sərt görməmişdim.
Ay ana, ölümün yaman ağırdı,
Mən hələ bu boyda dərd görməmişdim.
Ay ana, versəm də ömür varımı,
Dərdinə bir əlac edə bilməzdim.
Üstünə ələnən göz yaşlarımı
O gün acizlikdən silə bilməzdim.
Mən hələ bu boyda dərd görməmişdim,
Özümü bu boyda pərt görməmişdim.
Ömrümə caladın ömür nurunu,
Qoynunda boy atıb yaşa dolmuşam.
Qoruyub saxladın sən qürurunu,
Ay ana, sən mənə ata olmusan.
Həyatda sən kimi mərd görməmişdim,
Mən hələ bu boyda dərd görməmişdim.
Məni ovudammaz həyatda bir kəs,
Sənsizlik qəlbimi kövrəldir hər an.
Yamanca yazıldı taleyimə nəhs,
İnana bilmirəm həyatda yoxsan.
Zərləri ağ düşən nərd görməmişdim,
Mən hələ bu boyda dərd görməmişdim.
DÜZDƏ QALDI
Mənim yerim dağlar idi,
Üz çevrib düzə çıxdım.
Elə çılğın çağlar idi,
Sevinirdim - üzə çıxdım.
Gözü yolda qoyub gəldim,
Hürkək baxan ceyranları.
Daşda səkən kəkliklərin
Çox olmuşdum heyranları,
Qulağımda sərt qartalın,
Məğrur səsi-qıyı qalıb.
Xəyalımda kəhər atın,
Kişnərtisi haray salıb.
Səhər mehi oxşamayıb
Mənim qədər heç bir kəsi.
Balasına layla çalıb
Bulaqların zümzüməsi.
Görən kimi vurulmuşam,
"Ərdağı"nın lalasına.
Heyranlıqla qovuşmuşam,
Lalə, nərgiz talasına.
Sevgi, istək yaşadardı,
Hər bir kəsin ürəyini.
Qonaq-qara hey dadardı,
Süfrəmizin çörəyini.
Bir qız vardı-qarabəniz,
Xasiyyəti quzu kimi.
Günahimdan əridi o,
Ötən ilin buzu kimi.
Bu həyatda saf sandığım,
Zirvələrə yağan qardı.
Ən qiymətli var sandığm,
O dağlarda anam vardı.
...Mənim obam dağlar idi,
Dövran bizi ayrı saldı.
O qədər arzum var idi,
Hər birisi düzdə qaldı.
DÖZ, ÜRƏYİM...
Gözləməkdən göz ağrıdı,
Dilimdəki söz ağıdı.
Döz, ürəyim, döz ağrıdı,
Tanrıdan gələn payımız.
Bu dünyada hara baxdım,
Qəlb üşüdən qara baxdım.
Bir gülmədi qara baxtım,
Payıza döndü yayımız.
...Döz, ürəyim, döz bu dərdə,
Boğuluruq böhtan, şərdə,
Tor qururlar mərddən mərdə,
Durulmaq bilmir çayımız.
Göydən baxan hara baxır,
Qar, yağışı qara yağır.
Yadlar bizə qara yaxır,
Heç yana çatmır hayımız.
YARAĞA YATMAYAN ELİM...
Darağa çatmayır daha,
Darağa yatmayan telim.
Bələnibdi qəmə, "ah"a,
Ayağa qalxmayan elim.
Torpaqları yağılarda.
Dərdi-səri ağılarda,
El-obası dağılar da,
Yarağa yatmayan elin.
Paralanıb neçə kərə,
Pay götürüb neçə hərə,
Sərhədləri çay, dağ, dərə,
Sərhəddin tapmayan elim.
Yaralanıb köksün neçə,
Gündüzlərin olub gecə,
Ölə bilmir, ölsün necə,
Birliyə çatmayan elim.
Gen qoynunda gül də əksən,
Lap Londona boru çəksən,
Dar anında təksən, təksən....
Bəxtdən yarımayan elim.
YAŞADIĞIN
YAŞA DƏYƏR
Bu həyatda naşı olsan,
Bir sapandın daşı olsan,
Yanaqların yaşı olsan,
Bəxtin gedib daşa dəyər.
Könlün seçdi igid, mərdin,
Çox bəlaya sinə gərdin.
Qurtarmadı sevgi dərdin_
Yanağında yaşa dəyər.
İlk eşqini saxlasan da,
Yada salıb ağlasan da,
"Ah"larınla oxlasan da,
Gözdən ötüb qaşa dəyər.
Günah sənlə gəzirdisə,
Ürəyini əzirdisə,
O günaha nəzirdisə,
Payladığın aşa dəyər.
Hər günü tay ilə bilsən,
Dərdi qəlbdən silə bilsən,
Ömrü ömür bilə bilsən-
Yaşadığın yaşa dəyər.
DÖYMƏ, DÖYMƏ
Hələ ki bənövşəsən,
Boynunu əymə, əymə.
Ətirlisən, dəmlisən,
Qəlblərə dəymə, dəymə.
Ovsunlu duruşun var,
Boyuna min göz baxar,
Baxışın qəlblər yaxar,
Özünü öymə, öymə.
Günlər gəlib-gedəndi,
Saçına düşən dəndi.
Bir sabah qoca fəndi,
Dizinə döymə, döymə.



